Dabbətül-Ərz, qısaca Dabbə, axırzamanda ortaya çıxacaq əlamətlərdən biridir. Dabbə mövzusu ilə bağlı çoxsaylı hədis mövcuddur və eyni zamanda bu mövzu Quranda da yer alır. Dabbənin axırzaman əlaməti olaraq zühur edəcəyinin xəbər verildiyi ayə Nəml surəsinin 82-ci ayəsidir:
O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. (Nəml surəsi, 82)
Ayədə xəbər verildiyinə görə:
1) Dabbə yerdən çıxan bir məxluqdur.
2) Dabbə “danışan”, müəyyən bir mesaj ötürən bir varlıqdır və onun bu zühuru bütün bəşəriyyətə yönəlmişdir.
Hədislərdə də Dabbənin bir addımda uzun məsafələr qət edə biləcəyi, insanlarla danışacağı və hər yerə gedəcəyi təsvir edilir. Dabbənin yerdən çıxan bir məxluq olduğunun bildirilməsi, onun metal, dəmir, mis, sink, kobalt, xrom kimi yerdən çıxarılan mədənlərdən ibarət bir quruluşa malik olacağını göstərir. Bu materiallar müasir dövrdə istifadə edilən kompüterlərin əsas tərkib hissəsini təşkil edir.
İnsanlarla danışması və çox qısa müddətdə uzun məsafələr qət edə bilməsi isə internet şəbəkəsinə işarədir. Məlum olduğu kimi, internet vasitəsilə artıq məlumat əldə etmək də, məlumatı ötürmək də, insanlarla danışıb əlaqə qurmaq da son dərəcə sürətli və asandır. İnternet şəbəkəsi vasitəsilə Quranın insanlara çatdırılması da daha sürətli olacaqdır.
Axırzamanda internet, İslam əxlaqının yer üzündə hakim olması baxımından mühüm bir vasitə rolunu oynayacaqdır. İnternet, Həzrəti İsanın (ə) zühuru və Həzrəti Mehdinin (ə) gəlişi dövründə bu iki mübarək şəxsə İslam əxlaqını asanlıqla izah etmək, Quran əxlaqının dünya hakimiyyətini təmin etmək üçün təqdim edilmiş xüsusi bir imkandır.
Müasir dövrdə din əxlaqının təbliği, dinsiz materialist ideologiyaların əsassızlığını göstərmək üçün aparılan işlərdə internet texnologiyası böyük fayda verir. İnternet vasitəsilə müsəlmanların çata bilmədiyi heç bir nöqtə qalmır və Allahın izni ilə İslam əxlaqı dünyanın dörd bir tərəfinə sürətlə yayılır.
Həmçinin, “dabbə” sözünün ərəbcədə “nekrə”, yəni qeyri-müəyyən isim şəklində işlədilməsi, onun o dövrdə bilinməyən, tanınmayan bir varlıq olduğunu ifadə edir. Böyük təfsirçi Almalılı Həmdi Yazır bu məqama belə diqqət çəkir:
“Bu ayədə “dabbə” sözü nekrə (qeyri-müəyyən isim) olaraq gəldiyi üçün bunun bildiyimiz heyvanlardan tamamilə fərqli olaraq möminlərlə kafirləri xüsusi bir nişanla ayırd edəcəyi ağla gəlir…”
Almalılı Həmdi Yazır kimi təfsirçilərdən başqa, lüğəvi olaraq da “dabbə” mənasının hərəkət edən hər cür texniki aləti ifadə edə biləcəyini söyləyənlər var. Necə ki, kompüter də hərəkətləri və hərəkətli görüntüləri ötürən, tezliklərlə məlumat axınını təmin edən bir texniki alətdir.
Ancaq daha əhəmiyyətlisi, axırzamanın əlamətlərindən olan bu yerdən çıxan “dabbə”nin “insanlarla danışması”dır. Dünyada internetin çatmadığı bir ölkə, bir millət, bir cəmiyyət demək olar ki, qalmamışdır. Üstəlik, qabaqcıl texnologiyanın məhsulu olan internet hər cəmiyyətə öz dili ilə xitab edir.
Axırzaman hədislərində Dabbə:
İbn Abbasdan rəvayət edilir: “Üzü insan üzünə bənzər, dimdiyi tüklüdür…” (Qiyamət əlamətləri, Bərzənci, səh. 276)
Üzü insan üzünə bənzər: Bu ifadə Dabbənin insana bənzər xüsusiyyətlərə malik olacağına işarə edir. Müasir dövrdə kompüterlər də eynilə insan kimi kameralar vasitəsilə görür, qəbuledici sistemləri ilə eşidir və birbaşa danışır.
Dimdiyi tüklüdür: Hədisdəki “dimdiyi tüklüdür” ifadəsi, kompüterlərin incə tellərdən ibarət elektrik kabellərinə işarə edə bilər. Heyvanların dimdiyi plastik kimidir, sanki bir kristal maddəni xatırladır. İncə kabelləri olan plastik batareya, hədisdəki bənzətməyə uyğun gələ bilər.
Hüzeyfədən rəvayət edilir: “…Heç kim ona çata bilməyəcək, qaçan da qurtula bilməyəcək.” (Qiyamət əlamətləri, Bərzənci, səh. 276)
Müasir dövrdə məlumat ötürülməsində kompüterin sürətinə çatmaq mümkün deyil. Dabbənin zühur etdiyi dövrdə Quranı və müsəlmanların təbliğini dinləmək istəməyənlər belə, kompüterlər evlərinə qədər girdiyi üçün Allahın Uca qüdrətini və Quran əxlaqını mütləq öyrənmək məcburiyyətində qalacaq, qaça bilməyəcəklər.
Əbu Hüreyrədən rəvayət edilir: “Dəbbətül-Ərzdə hər cür rəng mövcuddur…” (Qiyamət əlamətləri, Bərzənci, səh. 276)
Hazırda günümüzdəki kompüterlərdə 16.7 milyon rəng mövcuddur.
Əbuz Zübeyrdən nəql edilir: “…Gözü xain gözü kimi, qulağı fil qulağı kimidir…” (Qiyamət əlamətləri, Bərzənci, səh. 276)
Günümüzün kompüterlərində artıq kiçik göz şəklində kameralar vardır. Bu kameralar vasitəsilə kompüterlər hər cür görüntünü qəbul edə bilir.
Müasir noutbukların görünüşü fil qulağını xatırladır. Eyni şəkildə, kompüterlərin səs yazma xüsusiyyəti sayəsində məkandakı bütün səslər asanlıqla kompüter tərəfindən eşidilir, hətta qeydə alına bilir.
Onun yanında Həzrəti Musanın əsası… olacaq. Yüksək səslə belə qışqıracaq: “İnsanlar artıq ayələrimizə ürəkdən iman etmirdilər.” Sonra mömin ilə kafiri damğalayacaq (iman edənlərlə inkar edənlərin tanınmasına vəsilə olacaq). (Qiyamət əlamətləri, Bərzənci, səh. 277)
Həzrəti Musanın əsası olacaq: Uca Allah, Həzrəti Musanın əsasını bir anda canlı ilana çevirərək dövrün darvinist və materialistlərinə qarşı yoxdan yaradılışın ən böyük dəlillərindən birini göstərmişdir. Axırzamanda da kompüter və internet vasitəsilə bütün darvinist və materialist iddialara qarşı yaradılışın dəlilləri göstəriləcəkdir.
Sonra mömin ilə kafiri damğalayacaq: Axırzamanda həm möminlərin, həm də kafirlərin kompüter və internet vasitəsilə Peyğəmbərimizin (s) möhürü ilə qarşılaşacağı aydın olur. Hədisdə internetə daxil olan hər kəsin Rəsulullahın möhürünü görəcəyinə, bu möhürün möminlərin şövqünü artırıb üzlərini nurlandıracağına, inkarçıların isə təkəbbürünü qıracağına işarə edilir.
“Möminə rast gəldikdə, onun üzünü damğalayacaq və üzü tərtəmiz olacaq. Kafiri damğaladıqda isə üzü qapqara olacaq.” (Qiyamət əlamətləri, Bərzənci, səh. 277)
İnternetə daxil olduqları zaman Allahın varlığının dəlilləri, Quran ayələri və İslam əxlaqını izah edən əsərlərlə qarşılaşan və Peyğəmbərimizin (s) möhürünü görən möminlərin hidayəti artacaq, imanları daha da qüvvətlənəcəkdir. Peyğəmbərimizin (s) möhürü ilə qarşılaşan inkarçıların isə əsəbdən üzləri qapqara olacaqdır.
“…Yer üzündə bir ulduz kimi seyr edəcək. Arxasına düşən onu tuta bilməyəcək, ondan qaçan isə canını qurtara bilməyəcək…” (Qiyamət əlamətləri, Bərzənci, səh. 277)
Yer üzündə ulduz kimi: Süni peyklərə işarədir. Arxasına düşən onu tuta bilməyəcək: Bu, həm süni peyklərə, həm də dronlara işarə ola bilər. Ondan qaçan canını qurtara bilməyəcək: Müasir dövrdə polislər belə kameralı dronlardan istifadə edir, eyni zamanda Bayraktar kimi PUA-larla havadan izləmək mümkündür. Heç kim onlardan qaça bilmir.
“Zühur edəcək, üç dəfə yerlə göy arasında olan hər kəsin eşidə biləcəyi bir səslə qışqıracaq. Şərqə yönəlib qışqıracaq, bütün şərqlilər səsini eşidəcək. Şama yönəlib qışqıracaq, bütün yəmənlilər səsini eşidəcək.” (Qiyamət əlamətləri, Bərzənci, səh. 277)
Dabbə həm yerin altına, həm yerin üstünə, həm də səmaya hakimdir. Çatmadığı, daxil olmadığı heç bir şəhər, heç bir ev qalmayacaq. Hazırda kompüterlər bütün evlərə daxil olmuşdur və peyk texnologiyaları və internet vasitəsilə yer altında çalışan insanlardan göydələnlərin zirvəsində yaşayanlara və ya səmada təyyarə ilə səyahət edən insanlara qədər bütün bəşəriyyətə hər səs və hər görüntü çata bilir.
Həqiqətən, namaz qılan adamın yanına gələcək və “bu sənin namazın olmadı, çünki sən yalançısan və ikiüzlü riyakarsan” deyərək iki qaşının arasına “yalançı” damğası vuracaq. (Qiyamət əlamətləri, Bərzənci, səh. 278)
Quranı şahid tutaraq dilini əyib-bükən, Qurana zidd olduğu halda dindar görünüşü altında hərəkət edən ikiüzlü münafiqlərə kompüter və internet vasitəsilə cavab verilməkdə və onların “yalançı” olduqları açıqca ifşa edilməkdədir.
Şeytanı öldürəcəyi (fikrən yox edəcəyi) haqqındakı bəyanat bildiyiniz kimi yuxarıda qeyd edilmişdir. (Qiyamət əlamətləri, Bərzənci, səh. 278)
Şeytanın sistemi olan darvinizm, materializm, ateizm internet vasitəsilə dünyaya yayılan və Allahın birliyini və ucalığını təbliğ edən yayımlar sayəsində tamamilə məhv olacaq, şeytanın dini bu vasitə ilə ortadan qalxacaqdır.
…Bir addım atdığında üç günlük məsafəni qət edəcək… (Qiyamət əlamətləri, Bərzənci, səh. 278)
Müasir dövrdə kompüter və internet vasitəsilə tək bir saniyə içində dünyanın o biri ucuna məlumatlar göndərmək, bütün insanlara çatmaq mümkündür.

