Axirətin xatırladılması

Cahil cəmiyyətdəki insanların başlıca iman məsələlərindən biri axirətin varlığına kifayət

Cahil cəmiyyətdəki insanların başlıca iman məsələlərindən biri axirətin varlığına kifayət qədər inanmamasıdır. Axirəti, varlığı şübhəli bir “təmənna” kimi görürlər. Sanki həqiqətdə belə bir şey yoxdur, insanlar bunu ölüm mövzusunda özlərinə təsəlli vermək üçün “uydurmuşlar”. Həmçinin, inkarçı sistemin ideoloqları bu ideyanı tez-tez irəli sürürlər.

Cahil toplumun axirətə olan imandakı zəifliyinin ən böyük göstəricisi ölüm haqqında danışdıqda yaxud da bir yaxınları öldükdə göstərdiyi rəftardır. İnkarçı şəxslər ölüm haqqında danışmağı heç sevməz, bu mövzudan söz düşəndə onu tez bitirmək və ya başqa bir mövzuya keçmək istəyərlər. Axirətə tam inanan bir insan, yəni mömin isə ölüm qarşısında üzülməz. “Həyatı Allah vermişdir və yenə O geri alır. Bunun üçün üzülməyə də dəyməz: Ölən insan yoxluğa deyil, əbədi yurduna gedir” – deyərlər.

Ancaq axirətə olan imandakı zəiflik cahilin axırına çıxır. Bir yaxınları öldükdə bir-birinə “üzülmə, yaxşı insan idi, inşaAllah cənnətə gedər” kimi Quran məntiqinə uyğun sözlər deyirlər, amma heç birini həqiqətdə axirətə iman etmədiyi üçün bu sözləri qəlbdən demirlər. Qəlbində dünyanın həqiqət olduğuna, axirətin isə buludların arxasındakı mifoloji əfsanədən başqa bir şey olmadığına dair primitiv və yanlış inanc var. Qurandakı ifadə ilə desək, “Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər” (Rum surəsi, 7).

Halbuki, axirət həqiqətin özüdür, aldadıcı və şübhə oyadacaq bir şey varsa, o da dünya həyatıdır. Cəhənnəm əhlindən “…Yer üzündə neçə il qaldınız?” deyə soruşduqda onlar “bir gün yaxud bir gündən də az!” deyə cavab verəcəklər. Bunun müqabilində Allah buyuracaq: “Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (Muminun surəsi, 112-115).

Allah insanın nəfsinə verdiyi bütün istəkləri nemətləri ilə qarşılayır. Məsələn, insan yemək və içmək istəyir. Allah yeməklər və içkilər yaratmışdır. İnsan qarşılıqlı sevgi, hörmət və ünsiyyətdən çox böyük zövq alır.

Allah insanları, qadını və kişini yaratmışdır. İnsan gözəllik, estetika istəyir. Allah bütün kainatı və dünyanı əbədi gözəlliklərlə bəzəmişdir. Qeyd etmək lazımdır ki, Allahın insana bir istək verməkdə məqsədi də ona o neməti göstərmək istəməsidir. Bir islam dahisi bunu “vermək istəməsə, istək verməzdi” sözü ilə ifadə edir.

Bütün bunlarla yanaşı insan sonsuza qədər yaşamaq istəyir. Amma inkarçıların məntiqinə görə, bu istək ölüm səbəbindən təmin edilməz. Halbuki bu, onlara aid batil və xətalı bir düşüncədir. Həqiqətdə Allah axirəti və insanı əbədi həyat sürəcək şəkildə yaratmaqla insanın bu istəyini də cavabsız qoymamışdır. Ölüm sadəcə bir keçid qapısıdır. Əsas olan ruhdur, bədən deyil. Ölümlə birlikdə ruh canlı qalır, ancaq görünüş dəyişir.

İnsanların etdikləri əməllərinə görə cəza və mükafat alması da axirətdə olur. Dünya həyatında bir mömin üzülüb çətin şəraitlə üzləşərkən inkarçılar çox böyük bir zənginlik, rahatlıq içində həyatını davam edə bilirlər. Bu, dünya həyatındakı bir imtahandır. Ancaq Allahın sonsuz ədaləti möminin mükafatlandırılmasını, inkarçıların isə əzaba düçar edilməsini buyurur. Bu isə böyük bir məhkəmədə, məhşər günü ediləcək hesabla qərara bağlanacaq və mömin üçün cənnət, kafir üçün isə cəhənnəm əbədi məkan olacaqdır.

Təbliğ tətbiq edilən insanın bu həqiqəti qavramasının böyük əhəmiyyəti var. Çünki axirət Allahın varlığı ilə birlikdə imanın iki təməl mövzusundan biridir. Təbliğ edilən insana Quran ayələrinə əsaslanan açıq və təsir yaradacaq Quran təsviri edilməli, məhşər günü hesab, cənnət və cəhənnəm təfsilatı ilə açıqlanmalıdır. Etdiyi hər bir əməlin Allah tərəfindən görülüb bilindiyini, mələklər tərəfindən yazıldığını bilməli, axirətdə dünyada gördüyü hər işə, hətta ağlından keçirdiyi hər düşüncəyə görə cavabdeh olacağından agah olmalıdır.

Sizin ilahınız tək olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. O, Rəhmandır, Rəhimdir! (Bəqərə surəsi, 163)

İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər. (Bəqərə surəsi, 165)

Əslində insanların mühüm bir hissəsi Allaha inanır. Ancaq onları əsl iman yolundan azdıran şey özlərinə Allahdan başqa ilahlar seçmələridir. Bu hal Quranda şirk (ortaq qoşmaq) adlanır; şirk qoşanlara isə “müşrik” deyilir. İslamın əsası “tövhid”dir, yəni Allahı “vahid”, tək olaraq qəbul etmək və Ondan başqa heç bir varlığa qulluq etməmək.

Maraqlıdır, Allahdan başqasına səcdə edənlərin demək olar ki, hamısı müşrik olduqlarını qəbul etmir. Əksinə, müxtəlif açıqlamalarla ideal bir müsəlman olduqlarını deyirlər. Allahı qoyub bütləri özlərinə dost tutanlar üçün “…Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik…” (Zumər surəsi, 3) deyirlər. Şirk qoşduqlarını bu və ya buna bənzər üsullarla inkar etməyə çalışan müşriklərdən Quranda bu şəkildə söz edilir:

O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!” – deyəcəyik. Sonra onların: “Rəbbimiz olan Allaha and olsun ki, biz şərik qoşan deyildik!” – deməkdən başqa bəhanələri qalmayacaqdır. Bax gör, özlərinə qarşı necə yalan dedilər. Özlərindən uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb yoxa çıxdılar. (Ənam surəsi, 22-24)

Bugünkü cahil cəmiyyəti də tam mənası ilə müşrik bir cəmiyyət olduğu halda bunu qəbul etmir və özlərini ideal müsəlman zənn edirlər. Çünki onların düşüncəsinə görə, şirk qoşmaq yalnız taxtadan, daşdan düzəldilmiş bütlərin və ya totemlərin qarşısında səcdə etməkdən ibarətdir. Allahdan başqasına səcdə etməyi yalnız cansız bir surət qarşısında yerə qapanmaq zənn edirlər.

Ancaq səcdə, bir varlığa qulluq etməyin yalnız simvolik ifadəsidir. Və insan bir varlığın qarşısında səcdə etməsə də, Ona qulluq etmiş ola bilər. Allaha aid olan sifətləri öz zehnində bəhsi keçən varlıqla dəyişməsi “müşrik” olması üçün kifayətdir.

Allah rizası axtarılmağa layiq olan yeganə varlıqdır. Buna baxmayaraq əgər insan Allahdan başqa varlığın rizasını qazanmağa çalışarsa, məsələn, özünü insanlara bəyəndirməyə və onları xoşbəxt etməyə çalışarsa, onları özünə ilah seçmiş olar. Allahdan başqa varlıqlardan kömək istəsə, mədət umsa, onlara səcdə etmiş olur. Həyatını Allahın qanunlarına görə deyil, digər varlıqların qanunlarına uyğun istiqamətləndirməyə qərar verərsə, o varlıqları “Rəbb” qəbul etmiş olur.

Bunun müqabilində “müvahhid” (tək sayılan, şirk qoşmayan) mömin xarakteri Allahdan başqa bir Rəbb, maarifləndirici, dost, sahib və ilah tanımır. Quranın ilk surəsi olan “Fatihə” surəsindəki “Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik” (Fatihə surəsi, 4) ayəsi bu saf imanın ifadəsidir.

Onsuz da insan fitrət (yaradılış) baxımından tövhidə inanmağa və tövhidə görə yaşamağa meyllidir. “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat surəsi, 56) hökmü insanın sadəcə olaraq Allaha ibadət etməsi üçün yaradıldığından xəbər verir. Belə halda insanın vəzifəsi yaradılış məqsədinə uyğun olaraq “müvahhid” bir şəkildə Allaha ibadət etməkdir. İnsanın yaradılışına məhz bu uyğun olduğu üçün ən asan yol da budur. Quranda həmçinin belə deyilir:

Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)

Təbliğ edilən insana anladılacaq ən vacib mövzu şirk və tövhid mövzusudur. Ona yaşadığı cəmiyyətin şirk qoşduğu açıqlanmalı, həqiqi imana qovuşmaq üçünsə özündə köklü dəyişiklik etməsinin vacibliyi başa salınmalı, Allahın dinindən üstün tutduğu hər şeydən əl çəkməsinin mühüm olması bildirilməlidir.

Başa salmaq lazımdır ki, insanın hər hansı başqa bir varlığı deyil, öz istəklərini Allahın əmr və qadağalarından üstün tutması, öz ağlını Qurandan yüksək görməsi də açıq-aşkar şirkdir. Quranda belə insanlar “nəfsini ilah edənlər” (Furqan surəsi, 43) kimi təsvir edilir və Quran ayələrinə görə vəziyyəti bu şəkildə açıqlanır:

Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı? (Casiyə surəsi, 23)

İnsanı şirkdən qurtarmaq üçün ona veriləcək vacib olan məlumat isə həqiqətdə maddənin əsl mahiyyəti ilə bağlı “köklü məlumat”dır.

Nəticədə insanın şirkdən canını qurtara bilməsi üçün Allahı hər şeydən üstün tutması, Onu hər şeydən çox sevməsi və Onun hökmündən başqa heç bir hökmü qəbul etməməsi lazımdır. Bu isə cahil cəmiyyətdə xarakter və zehnin quruluşunun tamamilə yıxılması və onun əvəzində Qurana əsaslanan bir xarakter və zehin quruluşu yaratmaqla mümkün olar. Təbliğ edilən insandan umulan hərəkət də budur, əks halda din ona açıqlanmış, ancaq buna itaət etməmiş bir insan kimi çox böyük əzab görəcəkdir.

Ancaq daxilində bu “çevrilişi” etməsi üçün ona kömək etmək lazımdır. İlkin olaraq həmin şəxsə həqiqi İslam anladılmalıdır. Çünki onun cahil cəmiyyətdə tanıdığı din bir çox xurafat və ədalətsizlikdən ibarət azğın bir modeldir və buna görə islama qarşı bir çox fikirlərə sahib olması mümkündür. Yaxud dini heç tanımamış ola bilər. Bu səbəbdən dini ona ətraflı şəkildə açıqlamaq lazımdır.