Möminlər ölümlə birlikdə başlayan axirət həyatında inkar edənlərdən fərqli olaraq, gözəl tərzdə, gözəl sözlə, müjdə ilə qarşılanacaqlar. “O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb. . . ” (Nəhl surəsi, 32) ayəsi ilə xəbər verildiyi kimi, ölərkən canları rahat, pak və təmiz halda alınacaq. Onlar hər cür qorxudan uzaq, əmin-amanlıq içindədirlər. Rəbbimizin onlara olan köməyi və fəzli sayəsində haqq-hesabları yüngül olacaq. Mələklər onları cənnətlə müjdələyəcək və nəhayət Allahın onlara vəd etdiyi cənnətə daxil olacaqlar:
Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!” – deyəcəklər. Onlar isə: “Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!” – deyəcəklər. (Zumər surəsi, 73-74)

