Ateistlər ya “elm” ya “inanc” deyirlər

Yaradılışı öyrənmək insanı Allaha yönəldir

Allah Quranda insanları göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə və gündüzün mənşəyi, insanın özünün doğulması, yağışın və başqa yaradılanların meydana gəlməsi haqda düşünməyə və onları öyrənməyə çağırır. Bu yaradılanların öyrənilməsi ilə məşğul olan insan bütün bunlarda Allahın böyüklüyünü görər və bununla onu və bütün kainatı xəlq edən Yaradanın böyük müdrikliyini anlayar.

Kainatı və onda olan hər şeyi öyrənməyin yolu, Allahın yaratdığı şeylərin əzəmətini və nəhəngliyini bəşəriyyətə göstərməyin yolu elmdir. Bu səbəblə də din elmi Allahın yaratdıqlarının təfsilatlarını dərk etmək yolu kimi qəbul edir və ona olan rəğbətini izhar edir.

Din, elmi tədqiqatları təşviq və təqdir edir. Əgər bu tədqiqatlar dinin açdığı həqiqətlərə əsaslanaraq aparılarsa, çox tezliklə dəqiq nəticələrə nail olunar. İş bundadır ki, din kainatın və ondakı həyatın necə yaranmasına dəqiq və düzgün cavab verən yeganə mənbədir. Bunun üçün düzgün çıxış nöqtəsi seçilmiş tədqiqatlar ən qısa müddətdə çox az əmək və enerji sərf edərək kainatın və həyatın yaranma sirlərini aşkar edir. XX əsrin dahi alimlərindən biri olan Albert Eynşteynin fikrincə, elm dinsiz axsayır. Yəni dinə arxalanmayan elm tərəqqini təmin edə bilməz. Dinə arxalanmayan elm hər hansı bir dəqiq nəticəni əldə etmək üçün xeyli vaxt sərf edir, ancaq o, mühüm bir şey əldə etmək iqtidarında deyil.

Xüsusən son iki əsr ərzində dini həqiqətləri inkar edən materialist alimlərin rəhbərlik etdiyi elmin sayəsində həddindən artıq zaman itkisinə yol verildiyi göz qabağındadır. Hər kəs bu şəkildə həyata keçirilən tədqiqatların nəticəsizliyinin və milyonlarla dollar pulun boş yerə sərf edilməsinin şahididir.