Arı pətəklərinin əsas inşaat vəsaiti arı şanıdır. Arılar arı şanını qarınlarının alt hissəsində yerləşən 4 cüt ifrazat vəzindən ifraz edirlər. Bu ifrazat vəzilərinin bitişdiyi yerdə iki kiçik boşluq var. Arı şanı bu boşluqlarda kiçik pulcuqlar şəklində meydana gəlir. Arılar bu kiçik təbəqələri götürmək üçün arxa ayaqlarında tüklərdən ibarət olan qarmaqlardan istifadə edirlər. Onu arxa ayaqları ilə çəkib çölə çıxarırlar. Sonra irəli itələyərək əvvəl orta, sonra ön ayaqlarına çatdırırlar (Arıların 6 ayağı var). Nəticədə həmin şanı çənə sümükləri ilə götürür və yoğuraraq istifadə ediləcək vəziyyətə salırlar.
Bir şan pulcuğu alınan kimi, onun yerinə dərhal ikincisi çıxır. Arı şanının ifraz olunması üçün ən əhəmiyyətli ünsür istilikdir. Buna görə işçi arılar pətək qurmağa başladıqları zaman bir-biri ilə zəncir kimi birləşir, sanki yumağa çevrilirlər. Bu sayədə arı şanı üçün lazım olan 35C temperatur təmin edilmiş olur. Beləliklə, ən uyğun temperaturda yoğurma əməliyyatı aparılır və plastikləşdirilmiş, inşaata əlverişli arı şanı hazır olur.
Arı şanı hazırlamaq üçün çox enerji tələb olunur. Bu səbəbdən, arılar 1 kq. arı şanını hazırlamaq üçün təxminən 22 kq. baldan istifadə edirlər. Arılar arı şanını ifrazat vəzilərindən hər dəfə təxminən bir iynə ucu böyüklüyündə hissələr halında çıxarırlar.

