Allah İslam əxlaqı ilə insanların həm ictimai, həm də şəxsi hüquqlarını zəmanət altına alıb, onlara ən rahat, dinc və xoşbəxt şəkildə yaşamağın yolunu göstərir. Quran əxlaqı qadın-kişi, gənc-yaşlı, varlı-kasıb fərqi qoymadan bütün insanlara qarşı ədalətli, mərhəmətli və xoş münasibət göstərməyi tələb edir. Mömin qarşısında kim olmasından asılı olmayaraq həyatının sonuna qədər bu əxlaqı gücünün çatdığı ən gözəl şəkildə göstərməklə məsuldur. Çünki iman gətirən insan bütün gözəl əxlaqi xüsusiyyətləri Allah ona əmr etdiyi üçün yaşayır. Bu səbəbdən də, qarşısındakı insanın ictimai mövqeyi, cinsiyyəti, yaşı möminin göstərəcəyi münasibət və davranışlarına təsir etmir. Allah Quranda həm qadına, həm də anaya qarşı göstərilən gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkir.
Valideynlər övladlarının gözəl təhsil alıb tərbiyəli olması, özünə və ətrafındakılara faydalı insan olması üçün ciddi səy göstərirlər. İllər boyu bu məqsədlə maddi-mənəvi çoxlu fədakarlıq edirlər. İnsan ona verilən bu əməyi təqdir edə bilməli və belə fədakar əxlaqa hörmət və ehtiramla cavab verməlidir. Allah Quranda möminin bu məsuliyyətini belə bildirir:
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. (Ənkəbut surəsi, 8)
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik… (Əhqaf surəsi, 15)
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam surəsi, 151)
Quranın bir başqa ayəsində isə Allah insana ana və atasına qarşı gözəl davranmağı, lovğalanmamağı belə bildirir:
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir. (Nisa surəsi, 36)
Bütün bu ayələrdən də aydın olduğu kimi, Allah insanlara ana və ataya qarşı daim anlayışlı, şəfqətli olmağı bildirir. Bununla yanaşı, Allah ananın uşağı dünyaya gətirib böyütmək üçün böyük çətinliklərə sinə gərdiyini xatırladıb, onun əməyinə də diqqət çəkir:
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. (Loğman surəsi, 14)
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (Əhqaf surəsi, 15)
Həqiqətən də, hər ana uşağını dünyaya gətirmək üçün aylarla səbir edir. Allahın ayədə bildirdiyi kimi, əziyyətlə uşağını bətnində daşıyır, çətinliklə dünyaya gətirir və sonra da böyük fədakarlıqla uşağın qidalanmasını təmin edir. Allah bu həqiqəti insana xatırladaraq ananın çox qiymətli varlıq olduğuna diqqət çəkir. Allah insanın ana və atasının göstərdiyi fədakarlıqları unutmamağı, onlara yaşlandıqda da eyni gözəl əxlaqı göstərməyi nəsihət edir:
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de. (İsra surəsi, 23-24)
Yaşlılıq dövründə insan bir çox baxımdan gücünü itirir, gənclik illərində olduğu kimi sağlam, çevik və enerji dolu olmaya bilir. Onun üçün də, qayğıya, başqalarının qulluğuna və köməyinə ehtiyac duyur. Möminlər Allahın əmri ilə ahıl yaşına çatdıqda da ana və atalarına qarşı çox şəfqətli və anlayışlı olurlar. Allah Quranda möminlərin ana və ataya qarşı göstərəcəkləri bu münasibəti də ayədə belə buyurub:
“… Onlara uf belə demə, onları danlama, gözəl söz söylə.” (İsra surəsi, 23)
Allah bu ayəsi ilə ana və ataya qarşı edilən ən kiçik hörmətsizliyi, şəfqətsizliyi belə qadağan edir. Allah onlara daim gözəl söz deyilməsini və “uf” belə deməyəcək qədər hörmətlə davranılmasını əmr edir. Buna görə də, möminlər ana və atalarına qarşı çox şəfqətli, mehriban və qayğıkeş münasibət göstərirlər. Onların rahatlığı üçün əllərindən gələni edir, hörmətdə və sevgidə qüsur göstərməməyə çalışırlar. Ahıllığın gətirdiyi çətinlik və sıxıntılarını, onların bütün ehtiyaclarını hiss etdirmədən həll etməyə cəhd göstərirlər. Hər zaman onlara qarşı mehriban olurlar.
Möminlər valideynlərinə həm mənəvi baxımdan, həm də maddi baxımdan əllərindən gəldiyi qədər kömək etməyə çalışırlar. Allah, “Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Bəqərə surəsi, 215) ayəsi ilə möminlərin xeyir olaraq infaq edəcəkləri mallarında ana və atanın haqqının olduğunu bildirir. İman sahibləri Allahın bu ayəsinə görə, ehtiyac içində olan ana və atalarına ən gözəl şəkildə kömək edirlər.
Hz. Yusifin ana və atasına qarşı göstərdiyi gözəl əxlaq insanlar üçün gözəl nümunədir. Hz. Yusif Misir xəzinələrinin başına keçdikdən sonra ana və atasını ən gözəl şəkildə qarşılayaraq onları taxta çıxarıb oturtmuşdur. Allah Quranda Yusif peyğəmbərin bu davranışını belə bildirir:
Onlar Yusifin yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!” O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir. (Yusif surəsi, 99-100)
Quranda iman gətirənlərin dualarında ana-atalarını unutmadıqları, onlar üçün Allahdan bağışlanma və rəhmət dilədikləri xəbər verilir. Bundan başqa, Quranda peyğəmbərlərin də Allaha bu mövzuda dua etdikləri bildirilir. Hz. Nuh “Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır.” (Nuh surəsi, 28) sözləri ilə ana-atası üçün dua edir.
Allahın Quranda bildirdiyi bu ayələrdən də aydın olduğu kimi, İslam əxlaqı ana və ataya böyük dəyər verir. Gəncliyində də, yaşlılığında da Allah anaya göstərilməli olan hörmətin və əxlaqın əsas mömin xüsusiyyətlərindən olduğuna diqqət çəkir. Ancaq Allah “Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.” (Loğman surəsi, 15) ayəsi ilə, Özünə qarşı üsyan yolunu seçdikləri və övladını da buna təşviq etdikləri təqdirdə, ana və ataya itaət edilməməsini bildirir. İslam əxlaqının tələbinə uyğun olaraq, Allah bu vəziyyətdə də onlara qarşı hörmətsizlik edilməməsini əmr edir.

