Quranda analıq məqamı təriflənir. Ata-anaya hörmət etmək, onlarla yaxşı davranmaq və onları hər zaman olduğu kimi, qocalanda da qorumaq Quranda saleh möminlərin vəzifəsi kimi göstərilmişdir və bununla bağlı çoxlu ayə var. Bu ayələrdən bəziləri bunlardır:
“Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq…” (Ənkəbut surəsi, 8)
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (İsra surəsi, 23)
Quranda müsəlmanlara ata-anaya hörmət və yaxşılıq etmək tövsiyə edilir. Lakin anaya xüsusi bir dəyər verilir. Allah ayələrdə belə buyurur:
“Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.” (Loğman surəsi, 14)
Həqiqətən də, hər ana uşağını dünyaya gətirməmişdən qabaq aylarla fədakarlıq göstərir. Allahın ayədə bildirdiyi kimi, bətnində uşağını günü-gündən zəiflədiyinə baxmayaraq daşıyır və daha sonra onu çox çətinliklə dünyaya gətirir. Dünyaya gətirəndən sonra da onu qorumağa davam edir və uşağın rahatlığı üçün ona bütünlüklə sahib çıxır. Üstəlik, bunları edərkən heç bir qarşılıq gözləmir, hətta öz ehtiyaclarını belə ikinci plana salır. Allah bu həqiqətləri bizə xatırladır və analarımızın dəyərli varlıq olduğuna diqqət çəkir.

