Ana dilinə hörmət edilir mi?

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur.

Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzalandı.

Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı. Ümummilli lider Heydər Əliyev Ana dili barədə bunları demişdir:

“Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.

Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir”.

Əlifbaya keçid hər zaman çox mürəkkəb məsələ kimi böyük tarixi bir prosesi əhatə edir. Azərbaycanda çoxlu sayda əlifbalar dəyişib, lakin dəyişikliyin xalqımızın mədəniyyətinə, tarixinə, dilinə nə qədər ziyan vuran məsələ olduğunu çox gözəl dərk etmişik. Amma latın qrafikasına keçidin isə müsbət cəhətləri çoxdur. Bilirik ki, ölkəmizdə yeni əlifbaya keçid 10 ilə qədər davam edib. Bu proses ötən əsrin 90-cı illərin əvvəllərindən başlayıb, 2001-ci ildə isə yekunlaşdı.

Sabiq təhsil naziri Misir Mərdanov: “Uşaq ilk təhsilini doğma ana dilində almalıdır, bunun niyəsi yoxdur. Bunu yalnız mən demirəm, Uşunskidən tutmuş, bütün pedaqoqlar hesab edirlər və haqlıdırlar ki, uşaq ilk təhsilini ana dilində almalıdır. Ana dilində təhsil almayan uşaq təkcə dilindən deyil, folklorundan, mədəniyyətindən, milli kimliyindən uzaq düşür. Qalan bütün dilləri sonradan da mənimsəmək mümkündür, ana dili isə sonradan mənimsənməz, insanın qanından, genindən gələr. Biz uşağı ibtidai təhsilə başqa dildə yönləndirəndə isə o genetikaya təsir göstərmiş oluruq, uşağı kökündən yayındırırıq.”

Ona görə də uşaqlarımıza milli mentalitet əsasında öz Anasının dilində təhsil verək, Rus dili təhsilindən uzaqlaşdıraq. Rus dili Sovet dövrü məcburi dil idi, artıq 31 il müddət keçibdir ölkəmiz müstəqildir və öz dilinə hakimdir. Hələdə bəzi cahillər sovet sistemindən əl çəkmək istəmir, bəzilərində isə rus yaltaqlığı davam edir. Öz kökündən Türk Oğuz boyundan xəbəri olmayan bir çox soysuzlar vardır. Hər zaman demişəm ki, hər kəs fitrətinə meyl edər. Rusa meyl edənlərdə azərbaycanlı olamaz. Cahillikdən edənləri isə tənzih edirəm, onlarda səhvləri görməli və bu səhvi düzəltməlidirlər. İnadla səhvə davam etməksə ağılsızlıq nümunəsidir. Qeyrət sadəcə namusu qorumaqla olmur, eyni zaman milli dəyərləri qorumaqla da olur. Milli kimliyinə hörmət etməyən, milli mentalitetinə, folkloruna, milli ədəbiyyatına, milli dəyərlərinə ən başda isə Ana dilinə sahib çıxmayan insan qeyrətdən danışa bilməz…

Bakıda özəl sektorda rus dilinə bilmək ilkin şərt kimi göstərilir, halbuki biz Rusiyanın tərkibində ölkə deyilik, azad ölkəyik. Ümumiyyətlə bildirim və anonslarda sadəcə azərbaycan dili və beynəlxalq dil olan ingilis dili olmalıdır, rus dili hamısından çıxarılmalıdır. Məsələn bildiyimə görə Naxçıvan MR-də milli dildən başqa dildə heç bir iş yerində tələb olunmur və bildirimlərdə xarici dil olaraq sadəcə ingilis dili vardır. Milli dilimizi qoruyan hər kəsdən Allah razı olsun, inşaAllah.

Hazırda ölkədə Bakı da daxil olmaqla, 340 orta məktəbdə tədris rus dilində aparılır. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Bu məktəblər Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır, geri qalan 325 məktəb isə Bakı və Abşeron yarımadasının payına düşür.

Dövlətdən və millətdən istəyimiz bütün xarici dillərdə təhsil ləğv edilsin (orta məktəb və ali məktəb), sadəcə milli dilimizdə təhsil olsun. Hər kəsdə istədiyi xarici dili əlavə dil olaraq öyrənməyə azaddır. Rus boyunduruğundan qurtulmanın zamanı çoxdan gəlmişdir.