Allahın Öz Zatı üçün ‘Biz’ xitabını istifadə etməsi

Quranda Biz xitabının mənası

Ağlını işlətməyən bəzi insanlar, Quranda Allahın Öz zatı üçün istifadə etdiyi “Biz” xitabının çoxluq mənasında istifadə edildiyini zənn edərək, öz aləmlərində bu sözün istifadə edilməsinin Allahdan başqa ilah olmaması ilə ziddiyyət göstərdiyini iddia edirlər. Beləcə, öz aləmlərində çox böyük bir həqiqəti tapdıqlarını zənn edərlər. Halbuki, olduqca səthi və cahil bir yanaşmadan qaynaqlanan bu səhvin izahı çox sadədir.

Ərəbcədə “biz” əvəzliyi təkcə çoxluq mənasını bildirmək üçün deyil, böyüklük, heybət, əzəmət, ucalıq, üstün məqam və mövqeni qeyd etmək məqsədiylə tək şəxslər üçün də istifadə edilə bilər. Quranda Allah üçün istifadə edilən “Biz” sözü də bu mənada istifadə edilmişdir.

“Biz” sözünün ərəb dilindəki bu istifadəsindəki məntiq, digər bir çox xarici dildə “siz” sözünün, çoxluğu ifadə etmək üçün deyil, qarşıdakı bir adam üçün nəzakət məqsədilə istifadə edilməsinə bənzər bir məntiqdir.

Allahın Quranda bildirdiyi həqiqət, Allahdan başqa heç bir ilahın olmadığı və yalnız Ona qulluq edilməsi lazım olduğudur. Quranın bir çox ayəsində Allahdan başqa ilah olmadığı həqiqəti dəfələrlə qeyd olunur, bu ayələrdən bəziləri belədir:

Həqiqətən, bu, həqiqi bir hekayətdir. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir. (Al-i İmran surəsi, 62)

De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, hər şeyə Qalib gələn Allahdan başqa məbud yoxdur”. (Sad surəsi, 65)

Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur… (Məhəmməd surəsi, 19)