Allahın yaratdığı imtahan çox asandır

Din əxlaqından uzaq insanların hədəfləri

Din əxlaqından uzaq yaşayan insanlar həyatı boyunca özləri üçün müxtəlif hədəflər təyin edirlər. Bu hədəflərin ortaq nöqtəsi isə, ümumiyyətlə, sadəcə dünya həyatına istiqamətli olmalarıdır. Məsələn, mütəxəssis həkim, müvəffəqiyyətli mühəndis, yaxşı ata, çoxlu pul qazanan iş adamı ya da dünya səviyyəsində məşhur sənətçi olmaq və s. bir çox insanın ən böyük ideallarından sayıla bilər. Bunların xaricində, daha bir çox sahədə insanlar müvəffəqiyyəti, xoşbəxtliyi və rahat həyatı əldə edə bilmək üçün çalışır, səy göstərir, bəzən müxtəlif fədakarlıqlar edirlər və özlərinə görə “bir yerlərə gəlməyə” çalışırlar. Nəticədə, başları bu işlərə qarışır və dünyada olmalarının əsl məqsədini unudur və ya görməzlikdən gəlirlər.

Halbuki, hər insanın bütün həyatını və bir gün mütləq öləcəyini düşünərək özünə bəzi suallar verməsi vacibdir. “Mən bu dünyaya nə üçün gəlmişəm? Mövcud olmağımın səbəbi nədir? Bəlkə yaxşı memar olub çoxlu sayda bina dizaynı etdim, zəngin oldum, mal-mülk sahibi oldum, bir ad-san qazandım, tanındım, amma bütün bunlar mənə nə qazandırdı? Ölümümdən sonra bunlardan hansının bir mənası olacaq? Dünyada tərk etdiklərimin mənə axirətdə nə kimi faydası olacaq? Həyatım yalnız bu dünya həyatından ibarətdirmi?” Bunlar, hər insanın ölüm gəlib çatmazdan əvvəl özünə verəcəyi suallardan bəziləridir.

İnsanlar əlbəttə ki, peşə sahibi olacaqlar, hətta peşələrində olduqca müvəffəqiyyətli olmağı da diləyəcəklər və bunun üçün səylə çalışacaqlar. Ancaq bunların hamısının insanın son hədəfi üçün bir vasitə olduğunu unutmamaq da çox əhəmiyyətlidir. Təəssüf ki, insanların böyük əksəriyyəti əsl məqsədlərini unudur və ya görməzlikdən gəlirlər və bütün həyatını vasitə olan bu keçici şeylərə həsr edirlər.

Halbuki, hər insan bir az düşünsə, görə biləcəyi çox mühüm bir həqiqət vardır: Allah dünyanı da, insanları da bir hikmətlə yaratmışdır. İnsanların yaradılış məqsədi Quranda bildirildiyi kimi, yalnız Allaha qulluq etməkdir. Dünyanın yaradılış məqsədi isə insanların axirətdəki mövqelərinin təyin olunması üçün imtahan yeri olmasıdır. Allah bu həqiqəti Quranda belə bildirir:

O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)

Allah insanlara dünyanın keçiciliyini və sonsuza qədər yaşayacaqları əsl məkanın axirət olduğunu anlamaları üçün çoxlu dəlillər vermişdir.

Məsələn, dünyada yüzlərlə növ xəstəliklərin olması, mikroskopik bir virusun özündən milyonlarla qat böyük insan bədəninə ölümcül təsir göstərə bilməsi, insanın davamlı təmizlənməyə, yemək yeməyə, istirahət etməyə və yuxuya möhtac olması, insan ömrünün təxminən 60-70 il kimi çox qısa müddət olması, zamanın insan üzərində son dərəcə dağıdıcı təsirinin olması, istisnasız hər kəsin sonunun mütləq ölüm olması, ömür boyu əldə edilən malın, mülkün, etibarın, sevilənlərin arxada qalması, insan bədəninin torpaq içərisində çürümə müddətinə başlaması kimi bir çox səbəb insanların dünya həyatının keçici və nöqsanlarla dolu, insan ruhunu əsla təmin edə bilməyəcək bir yer olduğunu anlamaları üçün əslində kifayətdir. Bu həqiqətlər insanların dünyaya bağlanmalarına mane olur. Allah Quranda dünyanın məqsədsiz olaraq yaradılmadığını, müəyyən bir hikmətlə var edildiyini belə bildirir:

Biz göyü, yeri və onların arasındakıları əyləncə üçün yaratmadıq. Əgər əyləncə qurmaq istəsəydik, əlbəttə, onu Öz dərgahımızdan edərdik. Ancaq Biz bunu edən deyilik. (Ənbiya surəsi, 16-17)

Halbuki, insan bir az düşünəndə, dünyanın sonsuza qədər qalınacaq bir yer olmadığını, yalnız imtahan məkanı olduğunu, bu həyatın son dayanacaq deyil, əksinə qısa dayanacaq yeri olduğunu, bu keçici məkanda yaşadığı hər anından məsul tutulacağını, ən əhəmiyyətlisi özünü yoxdan var edən Rəbbimizə qarşı məsuliyyət daşıdığını rahatlıqla anlayacaq.

Bu anlayışa sahib olan insan bir mərhələ də irəliyə gedərək bunu düşünməlidir: Allah dünyada bütün insanları müxtəlif hadisələrlə, şərlə və xeyirlə sınayır. Gün ərzində insanın qarşılaşdığı bütün hadisələr, əslində, ölümdən sonrakı sonsuz həyatı sınaqlardan meydana gəlir və Allah hər insana bu sınaqda asanlıq yaratmış və ona yolunu, yəni nə etməsi lazım olduğunu göstərdiyini bildirmişdir:

Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik. Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun. (İnsan surəsi, 2-3)

Ayələrdə bildirildiyi kimi, Allah bütün insanların həyatında mütləq onlar üçün doğru olan yolu göstərmiş, din və gözəl əxlaq haqqında məlumat sahibi olmalarını təmin etmişdir. Hər insan dünyanın keçici bir yer olduğunu və axirəti üçün həyatını Allahın məmnun olacağı şəkildə yaşamalı olduğunu bir vəsilə ilə öyrənir. Bir sözlə, bu, dünyada yaşanan, insanların xəbərdar olmadıqları, çətinlik yaradan bir imtahan deyil. Allah hər dövrdə göndərdiyi elçiləri, keçmişdə göndərdiyi kitabları və hər insanda yaratdığı vicdan ilə insanlara doğru yolu göstərir və onları səhv olanlardan çəkindirir. Allaha iman gətirən, tam təslim olan, yalnız Allahı dost və vəkil olaraq görən, hər hadisədə Allaha yönələrək ONA təvəkkül edən möminlər üçün Allahın yaratdığı hər sınaq çox asan və zövqlüdür. İmanın sirrini bilənlər, Allaha səmimi olaraq iman gətirənlər üçün dünya həyatının heç bir anında çətinlik, kədər, cəfa, sıxıntı olmaz. Hər hadisə Allaha yaxınlaşmaq və cənnəti daha şiddətlə ümid edə bilmək üçün bir nemətə çevrilər.

Səmimi imanın şərtlərindən biri də Allahı çox yaxşı tanımaq və dərk etməkdir. Bir insan Allahı nə qədər yaxşı tanısa, Allahın gücünü nə qədər yaxşı dərk etsə, təqvası və Allaha yaxınlığı da o qədər güclü olar. Məsələn, Allahın bağışlayıcı olduğunu bilən bir insan heç vaxt səhvlərindən və ya nöqsanlarına görə ümidsizliyə və ya pessimizmə qapılmaz. Allahın ruzi verən olduğuna iman gətirən biri pul hərisi olmaz. Ruzini verənin Allah olduğunu bilər, səylə çalışar, cəhd edər, amma ruzinin miqdarını Allahın təyin etdiyini və özünün dəyişdirə bilməyəcəyini bilmənin təslimiyyətini yaşayar. Buna görə də, Allahı dərk edən və tanıyan bir insan üçün dünya həyatı böyük asanlıq və nemətlərlə doludur. O insan hər an Allahın təzahürünü və yaradılışındakı gözəlliyi görərək yaşayar. Qısaca, Allaha təslim olmuş saleh müsəlmanlar üçün Allahın yaratdığı imtahan çox asan və zövqlüdür.