Aləmlər üzərinə seçilib, nümunə edilən elçilərin həyatlarında, yaşadıqları hadisələrdə, qarşılaşdıqları çətinliklərdə və girişdikləri böyük mübarizələrdə bütün insanlar üçün mühüm mesajlar və dərslər var. Allahın Quranda, həyatı, mübarizəsi və əxlaqı ilə insanlara nümunə göstərdiyi peyğəmbərlərdən biri də hz. İsa (ə.s)-dır.
Hz. İsa (ə.s)-ın doğumu, həyatı və Allah qatına alınması, Rəbbimizin təqdiri ilə, həmişə möcüzəvi şəkillərdə reallaşmış, bu mübarək peyğəmbərin möcüzəvi həyatı Quranda təfsilatlı şəkildə xəbər verilmişdir. Allah Quranda bir çox peyğəmbərin hekayələrini bizə bildirir. Lakin hz. İsa (ə.s) müxtəlif yönləri ilə digər peyğəmbərlərdən fərqli mövqeyə malikdir. Allahın üstün elmlərlə dəstəklədiyi bu dəyərli qulu, Allahın lütfü ilə, hələ beşikdə ikən danışmış və yenə Allahın lütfü ilə, dünyada qaldığı müddətdə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir. Onun bu xüsusi vəziyyətinin digər bir dəlili də, Allah qatına qaldırılması və təkrar dünyaya göndəriləcəyinin Quranda bildirilmiş olmasıdır.
Quranda inkar edənlərin hz. İsa (ə.s)-ı öldürmək məqsədiylə bir tələ qurduqları xəbər verilir. Rəvayətlərə görə hz. İsa (ə.s)-ın yanındakılardan birinin xəyanət etməsi vəsiləsi ilə, Allahın elçisini ələ keçirib, romalılara təslim etmək istəyiblər. Bu tələnin aqibəti isə Quranda belə bildirilmişdir:
Onlar (iman gətirməyənlər) tələ qurdular. Allah da (buna qarşılıq) tələ qurdu. Allah, tələ quranların ən yaxşısıdır. (Ali İmran surəsi, 54)
Ayədə də bildirildiyi kimi, hz. İsa (ə.s)-ı öldürmək üçün hərəkətə keçilmiş, tələ qurulmuşdur. Lakin onlar hz. İsa (ə.s)-ı öldürməyi bacara bilməmiş, onun bənzərini, hz. İsa (ə.s) zənn edərək öldürmüşlər. Allah, hz. İsa (ə.s)-ı diri şəkildə Öz qatına qaldıraraq, qurulan tələni puç etmişdir:
Və: “Biz, Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük” demələrindən ötrü (onlara belə cəza verdik). Halbuki onu öldürmədilər və onu asmadılar. Lakin onlara (onun) bənzəri göstərildi. Həqiqətən onun barəsində ixtilafa düşənlər, qəti şübhə içindədirlər. Onların zənnə uymaqdan başqa buna dair heç bir məlumatları yoxdur. Onu qətiyyən öldürmədilər. Xeyr; Allah onu Özünə tərəf qaldırdı. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Nisa surəsi, 157-158)
Romalıların hz. İsa (ə.s)-ı çarmıxa çəkərək öldürdükləri yanılması xristianlar arasında yayılmışdır. Bu yanlış məlumata görə, hz. İsa (ə.s)-ı ələ keçirən romalılar onu çarmıxa çəkərək öldürmüşlər. Tarixdə bəzi xristian məzhəbləri (məsələn, doketizm -docetism-) bunu rədd etsə də, dövrümüzdə xristian aləminin demək olar ki, hamısı hadisəni bu cür qəbul edir, lakin hz. İsa (ə.s)-ın öldükdən sonra dirilərək göyə yüksəldiyinə inanır. Lakin Quran ayələrində, hz. İsa (ə.s)-ın ölmədiyi və öldürülmədiyi, insanlara onun bənzərinin göstərildiyi, hz. İsa (ə.s)-ın diri şəkildə Allah qatına qaldırıldığı bildirilir:
Və: “Biz, Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük” (katelna) demələrindən ötrü (onlara belə cəza verdik). Halbuki onu öldürmədilər (ma katelehu) və onu asmadılar (ma salebuhu). Lakin onlara (onun) bənzəri göstərildi (şubbihe). Həqiqətən onun barəsində ixtilafa düşənlər, qəti şübhə içindədirlər. Onların zənnə uymaqdan başqa buna dair heç bir məlumatları yoxdur. Onu qətiyyən öldürmədilər (ma katelehu). (Nisa surəsi, 157)
Eyni ayənin davamında hz. İsa (əs)-ın ölmədiyi belə bildirilir:
Xeyr; Allah onu Özünə tərəf qaldırdı (refea). Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Nisa surəsi, 158)
Ayədə bildirilən həqiqət aydındır. Hz. İsa (ə.s)-ı öz aləmlərində öldürməyə cəhd edən romalılar, bunda müvəffəqiyyət qazana bilməyiblər. Ayədə işlənən; “…lakin onlara (onun) bənzəri göstərildi…” ifadəsi bu vəziyyəti açıq şəkildə xəbər verir.
Allah insanlara hz. İsa (ə.s)-ın bənzərini göstərmiş və hz. İsa (ə.s)-ı inkarçıların qurduğu tələdən qoruyaraq Öz qatına qaldırmışdır. Həmçinin Rəbbimiz, bu iddianı edənlərin həqiqətə dair məlumatları olmadığını da bildirmişdir.

