Allahın tövsiyə və əmrləri

Allah Quranda bildirdiyi hökmləri hər şərait və mühitdə, hər insanın rahatlıqla tətbiq edə

Allah Quranda bildirdiyi hökmləri hər şərait və mühitdə, hər insanın rahatlıqla tətbiq edə biləcəyi formada asanlaşdırıb. Məsələn Allah ruzi olaraq insanlara çox nemət verib. Rəngarəng meyvələr, növbənöv yeməklər, tərəvəzlər, ətlər, içəcəklər, çərəzlər… Bunların hər biri insanların xidmətinə təqdim edilib.

Və Allah “Onlar səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Təmiz və yaxşı nemətlər sizə halal edilmişdir…” (Maidə Surəsi, 4) ayəsi ilə, insanlara bütün təmiz yeməklərin halal qılındığını bildirmişdir. Allahın insanlara haram etdiyini bildirdiyi yeməklər isə, ölü heyvanın əti, qan, donuz əti kimi onsuz da insanlar üçün təmiz olmayan və zərərli yeməklərdir. Allah bir ayədə belə buyurur:

De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ənam surəsi, 145)

Ayədə haram olan yeməklər üçün keçən “murdar” ifadəsinin bir çox hikməti var. Çünki donuz əti həqiqətən insan bədəninə zərər verəcək xüsusiyyətlərə malikdir. İnsana zərər verəcək olan yeməklərin haram qılınması da insanlara təqdim edilmiş asanlıq və sonsuz mərhəmət sahibi olan Rəbbimizdən bir qorumadır.

Və insan yalnız Allahın əmrinə görə hərəkət etməkdən məsuldur. Allah Quranda qadağan edilən yeməklərdən bəhs edərkən insanın başına gələ biləcək hər cür vəziyyətdə necə davranmasını da açıqlamışdır. Beləcə insanların gözlənilməz vəziyyətlərdə tərəddüd etmələrinin qarşısı alınmışdır. Bu mövzudakı bəzi ayələr belədir:

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir! (Nəhl surəsi, 114-115)

Bu ayənin ardından Allahın bağışlayan və Rəhim edən olduğunun xatırladılması da, möminlər üçün rahatlıq və müjdədir. Çünki insan zəif yaradılmışdır. Səhv edə bilər, unuda bilər, qəflətə düşə bilər, iradəsiz davrana bilər. Ancaq, Allah insana, səmimi olaraq tövbə etdiyində onu bağışlayacağını və Rəhim edəcəyini bildirir.

Allah hər gün ibadətini yerinə yetirən möminə də bir çox asanlıq təmin edib. Məsələn bir insanın dəstəmaz almaq üçün su tapa bilməməsi vəziyyətinə qarşı Allah “təyəmmüm etməsi”ni asan yol olaraq göstərmişdir ki, təyəmmüm hər şərtdə asanlıqla yerinə yetirilə bilər. Allah su tapa bilməyənlərin necə təyəmmüm edəcəklərini bir ayədə belə bildirir:

Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı da. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz. (Maidə surəsi, 6)

Allah Quranda bildirilən hər mövzuda insanlar üçün asanlıqlar vermişdir. Allah, sonsuz rəhməti və mərhəməti ilə insanlar üçün ən asan və ən gözəl olan ibadətləri və həyat formasını bildirmiş və bunlara uyanları isə, razılığı, rəhməti və cənnəti ilə müjdələmişdir.

Allah müsəlmanlara ramazan ayı ərzində oruc tutmalarını əmr etmişdir. Ancaq Allah, ayələri ilə istisna vəziyyətləri yəni xəstəlik, səfərdə olmaq vəziyyətini də açıqlayaraq insanlar üçün asanlıq dilədiyini bir dəfə daha bildirib:

İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)

Allahın hökmlərlə bağlı ayələrdə, insanlar üçün asanlıq dilədiyini bildirməsi, dinin asanlığının düşünərək başa düşülməsini də göstərir. Çətinlik yaşayacaqlarını zənn edərək, ibadətlərini yerinə yetirməkdən çəkinənlər ancaq özlərini aldadır və dini səhv tanıyırlar.

Necə ki, Rəbbimiz “… Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.” (Bəqərə surəsi, 220) ayəsi ilə də bu həqiqəti insanlara bildirir.

Allahın mərhəmətinin başqa bir təcəllisi olaraq, güc çatdıra bilməyəcək kəslərə digər insanlara yüklənən bəzi məsuliyyətlər yüklənməyib. Fiziki şikəstliyi olan insanların məsuliyyətinin yüngülləşdirilməsi də Rəbbimizin sonsuz şəfqətinin dəlillərindən biridir.

Allah bunu bir ayəsində belə bildirir:

Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər. (Fəth surəsi, 17)

Quranda bildirildiyi kimi Rəhman və Rəhim olan Allah dinini son dərəcə asan etmişdir. İslam dini, hər zaman üçün və hər mövzuda asanlıq dinidir. İnsan səmimi dindar olmağa, şükür edici bəndə olmağa niyyət etdiyində, din əxlaqını həyata keçirmək mövzusunda heç bir çətinliklə qarşılaşmayacaq.