Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”. (Hud surəsi, 61)
Cahil cəmiyyətdəki Allaha inamın, Qurandakı əsli ilə heç bir uyğunluğu yoxdur. O cəmiyyət öz prinsiplərinə uyğun şəkildə doğru olmayan, nağıla bənzər və “mifoloji” bir Allah inancı yaratmışdır. Cahillər Allahın kainatı və insanları bir dəfə yaratdıqdan sonra onları özbaşına qoyduğunu, kosmosun bir tərəfində “oturduğunu” (Allahı tənzih edirik) düşünürlər. Beyinlərində qurduqları Allah təsviri (Allah göstərməsin) səmada bir yerdə, bəlkə də bir ulduzun arxasında oturan və uzaqdan insanları seyr edən yaşlı bir insan kimidir. Qurduqları yanlış və əsassız inanc, Allahı unutmalarına və Onu öz kiçik ağılları ilə “dəyərsiz” varlıq kimi görmələrinə səbəb olmuşdur.
Şüeyb peyğəmbər də qövmünün bu yanlış inancına diqqət çəkərək “…Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız?…” deyir və Allahın həqiqi xüsusiyyətini belə açıqlayır: “…Həqiqətən Rəbbim nə etdiklərinizi biləndir!” (Hud surəsi, 92).
Allah bu insanların dilində “Allah göstərməsin”, “İnşaAllah”, “Allah verməsin”, “Amin” kimi sözlərlə arabir zikr edilən, amma haqqında heç vaxt düşünülməyən abstrakt bir anlayış kimidir. Allahın varlığını və gücünü sözdə qəbul etsələr də, həqiqətdə buna səmimi şəkildə inanmırlar. Bu hal özünü Allah üçün fədakarlıq lazım gəldikdə büruzə verir. Dara düşəndə yaxud da hər hansı mənfəət itkisinə məruz qalacaqlarını anladıqları vaxt dərhal inkarçılarla birləşib öz səmimiyyətsizliyini göstərirlər. Cahil cəmiyyətin böyük bir hissəsi isə açıq şəkildə Allahın varlığını inkar edib Quran ayələrinə qarşı mübarizə aparır. Bəziləri materialist fəlsəfə, yaxud da təkamül nəzəriyyəsi kimi əsaslar taparaq bu inkarlarını buna bağlayırlar.
Özlərini “müasir, aydın, modern, elmli, intellektual” və s. kimi insanlara təsir edə biləcək adlarla tanıdan və Allahı inkar etməklə “şəxsiyyət” qazandıqlarını zənn edən bu zavallılar həqiqətdə Allahın varlığını görüb qavramayacaq qədər düşüncəsizdir.
Cahil cəmiyyət içindəki bu iki ayrı qrup arasında aparılacaq təbliğ əslində eynidir. Allahın varlığının dəlilləri onların hər ikisinə açıqlanacaq və batil inanclarla yaranmış düşüncələrinin həqiqətləri görməsi üçün səy göstəriləcək. Ancaq inkarlarını ideologiyaya bağlayanlar üçün əvvəlcə bu ideologiyaların köklərinin çürüdülməsi lazımdır. Məsələn, gözübağlı və cahil bir şəkildə inandıqları təkamül nəzəriyyəsi onun daxilindəki ziddiyyətlər və açılmaz düyünlər ortaya qoyularaq dağıla bilər. İnsan inandığı bu sistemin əslində səfil bir yalan olduğunu görməlidir.
Bu mərhələdən sonra görüləcək iş hər iki qrup üçün eynidir. Cahil sistemin batil fikirləri ilə düşünmə qabiliyyətlərini itirmiş, mühakimələri məhv olmuş, ağılları təzyiq altında boğulmuş bu insanlar bəlkə də həyatında ilk dəfə Quranda buyurulduğu kimi düşünməyə dəvət ediləcəkdilər. İllər boyu yedikləri meyvənin, içdikləri suyun, udduqları havanın necə yarandığını düşünməyə başlayacaqlar. Sahib olduqları bədənin, gözlərin, qulaqların, qəlbin necə və kim tərəfindən yaradıldığını fikirləşməyə sövq ediləcəklər. Onu da qeyd etmək lazımdır ki, Quranda insana düşünmək üçün yol göstərilir və nəyi düşünməyin vacib olması tez-tez vurğulanır. Məsələn, “Vaqiə” surəsində insana belə səslənilir:
Elə isə deyin görək, (ana rəhminə) atdığınız nədir? Onu siz yaradırsınız, yoxsa Biz?! Sizin aranızda ölümü də Biz müəyyənləşdirdik. Heç kim Bizə mane ola bilməz – Sizin yerinizə bənzərlərinizi gətirməkdə və sizi bilmədiyiniz bir şəkildə yenidən yaratmaqda! Şübhəsiz ki, siz ilk yaradılışı bilirsiniz. Elə isə düşünüb ibrət almalı deyilsinizmi? Bəs əkdikləriniz barədə nə deyirsiniz? Onu siz bitirirsiniz, yoxsa Biz? Əgər Biz istəsəydik, əlbəttə, onu bir saman çöpünə çevirərdik. Siz də təəccüb içində qalıb: “Həqiqətən, biz ziyana uğramışıq. Daha doğrusu biz (ruzimizdən) məhrum qalmışıq”, – (deyərdiniz). Bəs içdiyiniz su barədə nə deyirsiniz? Onu buluddan siz endirirsiniz, yoxsa Biz? Əgər Biz istəsəydik, onu duzlu edərdik. Bunun üçün şükür etməli deyilsinizmi?! Bəs yandırdığınız od barədə nə deyirsiniz? Onun ağacını siz yaradırsınız, yoxsa Biz? Biz onu ibrət olsun və yolçular istifadə etsin deyə yaratdıq. Ona görə də uca Rəbbinin adını təsbeh et! (Vaqiə surəsi, 58-74)
Təbliğ ediləcək qarşı tərəf ilk əvvəl bu məntiq üzərində düşünməyə başlamalıdır: Nizam və ya estetikaya malik heç bir şey təsadüfən yaxud öz-özünə yaranmaz. Əgər bir yerdə bir qayda-qanun, plan və estetikaya malik bir istehsal varsa, bu, mütləq ağıl sahibi varlıq tərəfindən qurulmuş və meydana gətirilmiş deməkdir. Bir kağızın üzərinə çəkilmiş düzgün həndəsi şəkil yaxud tək bir düzgün hərf görən insan bunların ağıl sahibi bir insan tərəfindən çəkildiyinə əmindir. Çox böyük bir hesab və tarazlıq üzərində qurulmuş olan kainat da şübhəsiz ki, yüksək ağıl sahibi bir Yaradıcı tərəfindən yaradılmışdır. O Yaradıcı hər şeyin sahibi olan Allahdır.
Ümumiyyətlə, gözümüzlə gördüyümüz, qulağımızla eşitdiyimiz ya da hiss etdiyimiz hər şey bizlərə yerlərin və göylərin sahibi olan Yaradıcını, yəni Allahı tanıdır. Əslində yaradılışın məqsədi də budur. Allah üstündə Öz sifətlərini əks etdirmək üçün əşyanı var etmişdir. İnsanın kainatı bürüyən qüsursuzluq, sonsuz gözəlliklər üzərində ətraflı düşünməsi bu açıq həqiqəti duyması üçün kifayətdir. Çünki onu əhatə edən yaradılış həqiqətləri bu möhtəşəm quruluşun bir sahibinin olduğunu açıq şəkildə göstərir.
Təbliğ edilən şəxs bu anlayışa sahib olduqdan sonra Quran əxlaqının və dinin anladılması daha da asanlaşacaq. Şəxsə anladılanlar bu idrakdan etibarən bir şey ifadə etməyə başlayacaq, beynindəki qarışıq fikirlər saflaşaraq öz yerini tapacaqdır.

