14 əsr əvvəl Allah bütün insanlara yol göstərici olaraq Quranı endirdiyində ərəblər batil inanclara sahib idilər. Quranın nuru sayəsində batil inanclardan xilas oldular və ağıllı metodlardan istifadə edərək inkişaf etməyə başladılar. İslamla birlikdə mədəniyyəti öyrəndilər. Yalnız ərəblər deyil, İslamı qəbul edən bütün cəmiyyətlər cahiliyyə dövrünün qaranlığından sıyrılıb çıxdılar. Bunun nəticəsində İslamın yayıldığı ilk dövrlərdə dünya tarixində çox sürətli inkişaf baş verdi. Əvvəllər bir şəhəri belə idarə edə bilməyən ərəblər Afrikadan Orta Asiyaya qədər uzanan imperiya qurdular.
Bu imperiyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tarixdə o günə qədər misli görünməmiş elmi inkişafa nail olması idi. Avropanın orta əsrlər qaranlığını yaşadığı bir dövrdə İslam dünyası möhtəşəm elmi irs meydana gətirdi. Tibb, cəbr, həndəsə elmləri ilk dəfə sistematik şəkildə İslam mədəniyyətinin tərkibində inkişaf etdi.
İslam aləmindəki böyük dini təhsil mərkəzləri, həmçinin elmi inkişafın da mərkəzləri idi. Bu cür elmi mərkəzlər, minlərlə məktəb-məscid Abbasilər dövründə (750-1258) tikilməyə başladı. X əsrdə Bağdadda 300-ə yaxın mədrəsə var idi. XIV əsr başlanğıcında təkcə İsgəndəriyyədə 12 min şagird təhsil alırdı. Mədrəsələrdə çoxu qadın müəllimlər dərs keçirdi. Onların bir hissəsi bütün gün, digər hissəsi isə yarım günlük müəllimlik edirdi. Şagirdlər arasında varlı-kasıb ayrı-seçkiliyi edilmədən təhsil verilirdi. Kitabxanaların zənginləşməsinə əhəmiyyət verilir və xarici dilli mənbələr təmin edilirdi.
Ən məşhur mədrəsələr Bağdaddakı Beytül-hikmət (820) və Qahirədəki Darül-elm (998) idi. Bu gün də varlığını davam etdirən əl-Əzhər (969) kimi universitetlər Avropadakı bənzərlərindən daha əvvəl qurulub. O dövrdə İslam dünyası dünyadakı ilk universitetləri, hətta ilk xəstəxanaları tikmişdi.

