Canlılar dünyasında Allahın “Bədi” (nümunəsiz olaraq yaradan) sifətinin çox gözəl dəlilləri var. Rəbbimiz Bəqərə surəsində buyurur:
Allah göyləri və yeri yoxdan yaradandır. Bir şeyin olmasını istəyən zaman ona yalnız: “Ol!” – deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)
Allahın elmi sonsuzdur. Kainatın, qalaktikaların və hüceyrələrin hələ adının olmadığı bir zamanda, Allah hər şeyi qüsursuz bir sistemlə var etmişdir. İnsanların minlərlə il sonra kəşf edə bildiyi mikro dünyadan göy cisimlərinə qədər hər şey Onun qanunlarına tabedir.
Allahın rəhmətinin ən aşkar dəlillərindən biri yağışın eniş ölçüsüdür. Yağış damlası ilə eyni ağırlıqdakı bir cisim 1200 metr yuxarıdan buraxıldıqda yerə 558 km/saat sürətlə düşməli idi. Halbuki yağış damlalarının sürəti yalnız 8-10 km/saatdır. Bunun səbəbi, damlanın atmosferin sürtünmə təsirini artıran xüsusi formada yaradılmasıdır. Əgər bu forma fərqli olsaydı, hər yağış yer üzü üçün bir fəlakətə çevrilərdi.
İnsan bədəninin 70%-i sudur. Susuz bir həyatın varlığı qeyri-mümkündür. Maddənin qatı və ya qaz halı canlı orqanizmlərin dinamik əməliyyatlarına icazə verməz. Mayelərin içində həyat üçün tək ideal olanı sudur. Suyun axıcılığı elə bir həssaslıqla tənzimlənib ki, əgər o, zeytun yağı kimi bir az daha qatı olsaydı, ürəyimiz qanı kapilyar damarlara vura bilməzdi. Allah Quranda belə buyurur:
“Göydən su endirən Odur. Ondan həm içirsiniz, həm də onun vasitəsilə otlaqlarınız göyərir… Həqiqətən, bunda təfəkkür edən insanlar üçün dəlillər vardır.” (Nəhl surəsi, 10-11).
Əksər insanlar rəngli bir dünyada yaşamağın necə böyük bir lütf olduğunu düşünmürlər. Halbuki qapqaranlıq və ya rəngsiz bir yer üzü də ola bilərdi. Rəngsiz bir dünyada cisimləri bir-birindən ayırmaq, dərinliyi və gözəlliyi qavramaq qeyri-mümkün olardı. Allahın “Sani” sifəti yaratdığı hər şeyə estetik bir görüntü və qüsursuz sənət olaraq əks olunur. Allah Quranda buyurur:
“Yer üzündə sizin üçün yaratdığı növbənöv şeyləri də (istifadənizə verdi)…” (Nəhl surəsi, 13).
Təbiətdəki rəng müxtəlifliyi Allahın sonsuz sənətini göstərir. Bir səhləb çiçəyinin yüzlərlə fərqli görünüşü, bir kəpənəyin qanadlarındakı heyranedici tonlar bu sənətin nümunələridir. İnsan gözü milyonlarla rəngi qəbul edə bilən ən funksional orqan kimi bu gözəllikləri dərk etmək üçün yaradılıb. Yer üzündəki hər naxış və hər rəng, insanın bu nizamı anlayıb təfəkkür etməsi üçündür. Düşünən insan, bir tablonun rəssamı olduğunu anladığı kimi, bu möhtəşəm kainatın da tək bir Yaradıcısı olduğunu dərhal qavrayar. Rəbbimiz buyurur:
“O, göyləri və yeri yoxdan var edəndir. Onun zövcəsi olmadığı halda necə övladı ola bilər?! Hər şeyi O yaratmışdır və hər şeyi bilən Odur.” (Ənam surəsi, 101).
Allah hər şeyi bir-biri ilə tam uyğunluq içində yaradaraq bəndələrinə olan sevgisini və mərhəmətini göstərmişdir.
Dünya üzərində hər kvadrat millimetrdə həyat hökm sürür. Torpağın içindən tutmuş tənəffüs etdiyimiz havaya qədər hər yer canlılarla doludur. Milyonlarla kvadrat kilometrlik sahəni örtən bu canlıların hər birinin özünəməxsus bədən sistemləri və vəzifələri var. Ən əhəmiyyətlisi odur ki, bu canlıların hamısı yer üzündəki tarazlıq üçün, bu tarazlıq isə birbaşa insanın yaşaması üçün yaradılıb.
Kainatdakı ən diqqətçəkən mövzulardan biri də simmetriyadır. Yarpaqların gövdə ətrafındakı düzülüşündən kəpənək qanadlarındakı naxışlara qədər hər yerdə qüsursuz bir simmetriya hakimdir. Qarışıqlıq və uyğunsuzluq insan ruhuna zövq vermədiyi üçün, Allah təbiəti insan ruhuna xitab edəcək şəkildə estetik və nizamlı yaratmışdır. Okeanların dərinliklərindən uca dağlara qədər hər yerdə bu sənət təzahür edir.
Təbiətdəki hər rəngin, hər xəttin bir mənası var. Bəzən bir xəbərdarlıq, bəzən bir ünsiyyət vasitəsi olan bu xüsusiyyətlər canlılar üçün həyati əhəmiyyət daşıyır. Allah hər şeyi əskiksiz yaradaraq təkcə insana deyil, bütün canlılara rəhmət etmişdir. Ayədə buyurulduğu kimi:
“Rəhmətim isə hər şeyi əhatə etmişdir.” (Əraf surəsi, 156).
Səmanın fərahlandırıcı maviliyi, ağacların yaşıllığı, gecəni işıqlandıran Ay və ulduzlar Allahın rəhmətinin əsərləridir. Allah Quranda xatırladır:
“Allahın yeddi göyü qat-qat necə yaratdığını görmədinizmi?! Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir… Allah yer üzünü sizin üçün döşəmişdir ki, orada açılan geniş yollarda gəzib-dolaşasınız.” (Nuh surəsi, 15-20).
Bu qədər neməti görən insanın üzərinə düşən vəzifə Allahdan razı olmaq və Onun razılığını qazanmaq üçün səy göstərməkdir.

