Allahın qədrini layiqincə təqdir etmək necə olar?

İnsan hər gün, oyandığı andan etibarən Allahın ona bəxş etdiyi nemətlərlə qarşılaşar. Nəfəs alar, görər, eşidər, düşünər, ürəyi döyünər, hüceyrələri yenilənər. Acar, yemək yeyər, ləzzət alar və güc qazanar. Susayar və susuzluğunu aradan qaldıra bilər. Danışa bilər.

Bunlar Allahın insan üçün yaratdığı nemətlərdən yalnız bir neçəsidir. Nemətlərin fərqində olan insan üçün əsas məsələ Allahın qədrini layiqincə təqdir edə bilməkdir. Çünki Allah şanı çox uca olan, hər şeyin sahibi və yaradıcısıdır. Allahı üstün sifətləri ilə düşünərək tanımağa çalışmaq lazımdır. Allah ayələrdə Öz şanının ucalığını bizə belə bildirir:

Onlar Allahı layiqincə tanıyıb qiymətləndirə bilmədilər. Qiyamət günü yer üzü bütövlüklə Onun ixtiyarında olacaq, göylər də Onun qüdrəti ilə büküləcəkdir… (Zumər surəsi, 67)

Kainatda insanın öz yaradılışından Qiyamətin baş vermə mərhələlərinə, göylərin yaradılmasından dənizlərin və dağların mövcudluğuna qədər hər hadisədə əzəmət və sonsuz qüdrət vardır. Bu qüdrət isə yalnız üstün ağıl sahibi olan Allaha məxsusdur.

Allah insanlara kitablar nazil etmiş və peyğəmbərlər göndərmişdir. O, həm yaratdığı canlılarda nümayiş etdirdiyi bənzərsiz sənəti və elmi ilə, həm də kitabları və peyğəmbərləri vasitəsilə Özünü insanlara tanıdar. İnsana düşən isə Allahın ucalığını və böyüklüyünü lazım olduğu kimi təqdir edə bilmək üçün mümkün qədər dərindən düşünməkdir.