Allah hər şey kimi, insanlara verdiyi nemətləri də müəyyən məqsədlə yaratmışdır. İnsanın sahib olduğu hər şey (sağlamlıq, iman, ruzi, yaşadığı hər saniyə) Allaha şükür etməsi və Ona yaxınlaşması üçün bir vasitədir. Çünki Allah bəndələrinə sonsuz nemətlər bəxş edən, qarşılıqsız gözəlliklər verən və hər gün yenidən can verəndir.
İnsan şüurlu şəkildə ətrafına göz gəzdirsə, sahib olduğu bütün gözəlliklərin, xoşuna gələn hər şeyin Rəbbimizin lütf etdiyi nemət olduğunu görər. Yediyi bütün qidalar, nəfəs aldığı təmiz hava, ona sevinc bəxş edən bütün gözəlliklər, yaşadığı sağlam həyat və bir çox şey Allahın nemətlərindən sadəcə bir neçəsidir. Allah nemətlərinin böyüklüyünü bir ayədə belə bildirmişdir:
Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18)
Şeytanın ən böyük hiylələrindən biri insanların şükür etməsinə mane olmaqdır. Çünki şükür etmək Allahın Quranda xüsusi olaraq vurğuladığı ibadətlərdən biridir. Quranın 60-a yaxın ayəsində şükür etməyin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkilir. Allahın təkrarən insanların diqqətinə çatdırdığı bu əmrinə biganə qalmaq şeytanın ən böyük məqsədlərindən biridir. Quranda şeytanın Allahın hüzurundan qovulmamışdan əvvəl insanları yoldan çıxaracağına dair verdiyi söz belə bildirilir:
Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən. (Əraf surəsi, 17)
Şeytanın təsiri altına düşüb dindən uzaqlaşan insanlar şükür etməzlər. Şükür ibadətini ancaq başlarından bəla sovuşduqda, ya da xoşlarına gəlməyən bir vəziyyətdən xilas olduqları zaman xatırlayırlar, sonra yenə küfür dolu həyatına geri qayıdırlar. Quranda fəlakət baş verən zaman dua edən, təhlükə sovuşduqdan sonra isə şirk qoşan insanların misalı çəkilmişdir:
De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) şərik qoşursunuz. (Ənam surəsi, 63-64)
Halbuki, şükür etmək insanın əhəmiyyətli ibadətlərindən biridir. Çünki bütün insanların həyatı, şükür edəcəyi nemətlərlə doludur. Quranda şükür ibadətinə müəyyən hədd qoyulmadığından, insan şükür etmək üçün bütün nemətləri bir vasitə kimi görməlidir.
İnsanın şükür etməsi, eyni zamanda, onun Allaha yaxınlığının, dostluğunun və Allaha olan sevgisinin göstəricisidir. Şükür edən insanlar həmişə, hər hadisədə Allahın yaratdığı gözəllikləri və nemətləri görə bilirlər. İnkar edən, yaxud nankor insanlar isə ən gözəl məkanlarda belə hər zaman qüsur axtarır, kiçik detallara ilişir, nəticədə bədbəxt və narahat olurlar. Allahın mükəmməl yaratmasının bir hikməti olaraq bu insanlar hər zaman xoşagəlməz hadisələr və pis mənzərələrlə qarşılaşırlar. Halbuki, səmimi olan və hər hadisəni gözəl görməyi bacaran insanlar üçün Allah gözəllikləri və nemətləri daha da artırır.
Möminlər nə qədər aciz və möhtac olduqlarını dərk etdikləri üçün sahib olduqları hər nemət üçün Allaha daim şükür edərlər. Onlar Allaha təkcə var-dövlətə, mal-mülkə görə şükür etməzlər. Hər şeyin tək sahibinin və hakiminin Allah olduğunu bilən möminlər sağlamlığı, gözəlliyi, elmi, ağılları, eyni zamanda, imanı sevdikləri, küfrü çirkin gördükləri, hidayət əhli olduqları, üstün əxlaqlı möminlərlə birlikdə olduqları, qavrama, bəsirət və fərasət sahibi olduqları üçün də həmişə şükür edərlər. Gözəl bir mənzərə ilə qarşılaşanda, işləri asanlıqla həll olunanda, istədikləri bir şey həyata keçəndə, gözəl bir söz eşidəndə, sevgi və hörmət görəndə və saymaqla bitməyən bir çox nemətlə qarşılaşanda dərhal Allaha yönələr və Ona şükür edərlər. Onun sonsuz mərhəmət, şəfqət sahibi olduğunu, Rəhman və Rəhim olduğunu unutmazlar.
Allah onların bu gözəl əxlaqlarının əvəzinə Quranda bir sirr bildirmişdir. Bu, Allahın şükür edən qullarına nemətlərini artıracağıdır. Məsələn, Allah səhhəti və gücü üçün şükür edən müsəlmanın gücünü və sağlamlığını daha da artırar. Elmi və ya var-dövləti üçün şükür edənlərə Allah daha çox elm və ruzi verər. Bu ona görədir ki, onlar Allahın hər verdiyi ilə kifayətlənir, sahib olduqlarına sevinir, səmimi şəkildə Allaha yönəlir və yalnız Onu dost bilirlər. Allah bu sirri Quranda belə bildirmişdir:
O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir. (İbrahim surəsi, 7)
Hər nemətin tək sahibinin Allah olduğunu və yalnız Onun diləməsi ilə var olduğunu dərk etmək və bunu səmimi şəkildə qəbul edərək dildə ifadə etmək şükürdür. Şükürün tərsi isə Quranda nankor mənasında istifadə edilən küfür termini ilə verilmişdir. Təkcə bu söz belə şükür etməyin Allah qatında nə qədər əhəmiyyətli ibadət olduğunu və bu ibadətdən uzaqlaşmağın insanı nə qədər rəzil vəziyyətə saldığını ifadə etməyə kifayətdir.
Şükür həm böyük nemət, həm də insanı azğınlaşmaqdan qoruyan güclü bir qalxandır. Çünki nəfs zənginlik və ya gücə sahib olduğunu düşündüyü zaman zalımlığa, dikbaşlığa, vicdansızlığa meyl edir. Quran əxlaqını yaşamayan insan mal-mülk sahibi olub yaxşı şəraitə qovuşduğu zaman öz acizliyini unudur və təkəbbürlənməyə başlayır. Şükür isə insanı bu azğınlıqdan qoruyur.
Şükür edən insan sahib olduğu nemətlərin Allahın böyük lütfü olduğunu heç vaxt unutmur. Bu nemətləri Allah yolunda, Rəbbimizin rizasına uyğun şəkildə istifadə edir. Böyük məqam, mülk və hakimiyyət sahibi olan hz. Davud və hz. Süleymanın təvazökarlığının və kamilliyinin səbəbi də məhz budur. Sahib olduğu var-dövlətdən azğınlaşan Qarunun isə ən böyük xətalarından biri şükür etməməsidir.
Şükür təkcə Allaha sözlə həmd etmək deyil, Rəbbimizin verdiyi bütün nemətlərdən Quran əxlaqını yaymaq üçün istifadə etməyi də qəbul etməkdir. Mömin sahib olduğu hər şeyi Allah rizası üçün istifadə etməlidir. Ən çox da Allahın ona bəxş etdiyi bədənindən Onun rizasını qazanmaq üçün istifadə etməlidir.
Quranda Allahın nemətlərinə şükür etməyin bir yolunun da Onun nemətlərindən hər yerdə bəhs etmək, yəni Quran əxlaqını təbliğ etmək olduğu belə bildirilmişdir:
Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı? Elə isə yetimə xor baxma! Səndən (kömək) diləyəni qovma! Və Rəbbinin nemətindən danış. (Duha surəsi, 5-11)
İnsan Allahın nemətlərinin əvəzinə heç nə etməmişdir, ona qarşılıqsız və sonsuz olaraq bəxş edilən bu nemətlərin əvəzini maddi olaraq vermək mümkün deyil. Bu nemətlərin əvəzində insanın edə biləcəyi yeganə şey Allaha təşəkkür, yəni şükür etməkdir. Mömin bütün gözəlliklərin Allahın ona bir lütfü olduğunu heç vaxt unutmaz, dilədiyi hər şeyi yalnız Allahdan istəyər və Rəbbimiz olan Allahdan başqa heç bir güc olmadığını bilər. İnsan Allaha şükür edərək Onun sonsuz gücünü təqdir edib ucaldarkən, eyni zamanda, öz acizliyini görüb təvazökar xarakterə yiyələnir. Şükür insanın nəfsindəki təkəbbürə diz çökdürür və onun daim Allaha qarşı itaətkar olmasını təmin edir. Sahib olduğu nemətlərə, ancaq Allah istəyərsə, qovuşacağını heç vaxt unutdurmur və həmişə vicdanlı davranmağına vəsilə olur.

