Mühəvvin adı Allahın “çətinlikləri yüngülləşdirən, asanlaşdıran” sifətini ifadə edir. Quranın “… Allah sizə asanlıq diləyər, çətinlik diləməz …” (Bəqərə surəsi, 185) ayəsi ilə Allahın Mühəvvin sifətinə diqqət çəkilmişdir.
Allah Özünə sığınan bəndələrinin işlərini asanlaşdıracağını, onlara kömək edəcəyini, qəlblərinə rahatlıq və arxayınlıq bəxş edərək onları dəstəkləyəcəyini, ayaqlarını möhkəmləndirərək qətiyyətlərini artıracağını bildirmişdir. O, bəndələrinə güclərinin çatmayacağı bir yükü yükləməyəcəyini xəbər vermiş, həmçinin Allah rizası üçün gözəl səbir göstərərək qarşılaşdıqları çətinliklərə səbir edənləri Öz qatından gələn köməyi ilə dəstəkləyəcəyini müjdələmişdir.
Həmçinin Allah, “Demək ki, həqiqətən çətinliklə birlikdə asanlıq vardır” (İnşirah surəsi, 5) ayəsi ilə də insanlara hər çətinliyin ardınca mütləq bir asanlıq yaradacağını bildirmişdir.

