Mərhəmət sözü, ərəb dilində “rəhəmə” kökündən gəlir və “acımaq, əsirgəmək, şəfqət göstərmək, bağışlamaq, əhf etmək” mənalarında istifadə edilir. Rəbbimizin Rəhman və Rəhim sifəti də mərhəmət sözü ilə eyni kökdən gəlir. Quran ayələrində sadəcə Allahın Şəxsini ifadə etmək üçün istifadə edilən Rəhman sifəti “rəhməti hər şeyi əhatə etmiş olan, bütün yaradılmışlar haqqında xeyir, rəhmət və gözəllik diləyən, sevib-sevmədiyi arasında fərq qoymadan saysız nemətlərə qovuşduran” mənalarını verərkən, Peyğəmbərimiz üçün də istifadə edilən (Tövbə surəsi, 128) “Rəhim” sifəti Allahın sifəti olaraq istifadə edildiyində, “Rəhməti axirətdə yalnız möminləri əhatə edən, verdiyi nemətləri yaxşı istifadə edənləri daha böyük və sonsuz nemətlər verərək mükafatlandıran” mənasındadır. Rəbbimizin Rəhman adının çox geniş mənası var. Əsirgəyən, acıyan, şəfqət duyan, mərhəmət edən sifətlərinin hamısı Allahın Rəhman adının təcəllisidir.
Onun rəhməti hər şeyi əhatə edir, sərhədsizdir, əzəlidir, əbədidir. Rəbbimiz mərhəmət edənlərin ən mərhəmətlisidir. Quranda Hz. Əyyubun Rəbbimizə bu gözəl adı ilə dua etdiyi belə xəbər verilir:
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” – deyərək səslənmişdi. (Ənbiya surəsi, 83)
Rəhman olan Allah sonsuz mərhəmətini görünən və görünməyən hər şeydə təcəlli etdirir. Allahın Rəhman sifətini kainatı əhatə edən yaradılış möcüzələrində, insanın yaradılışında, insan bədənindəki milyardlarla detalda, heyvanlarda, yeməklərdə, içkilərdə, suda, havada, qısaca kainatın hər zərrəsində görmək mümkündür.
Allah hər gün torpağın içindən milyardlarla toxumu cücərdən, meyvələr və tərəvəzlər var edən, göydən tonlarla su endirən, eyni anda dünyanın hər yerində milyardlarla canlıya ruzi verən, həyatımızı davam etdirməmizə imkan verən oksigeni var edəndir. Rəbbimiz saysız nemətləri ilə bütün varlıqları əhatə etməkdədir. Dünya üzərində Onun insanlar üzərindəki təqdirinə, fəzl və lütfkarlığına maneə törədə biləcək heç bir varlıq yoxdur.
Fatir surəsində, Rəbbimizin insanlar üzərindəki sonsuz rəhməti bu şəkildə bildirilir:
Allahın insanlara bəxş etdiyi mərhəmətə heç kəs əngəl ola bilməz. Onun əngəl olduğunu da, Ondan başqa heç kəs verə bilməz. O qüdrətlidir, hikmət sahibidir. (Fatir surəsi, 2)
Yer üzündəki bütün canlılar kimi insanın da həyatını davam etdirə bilməsi üçün hər an meydana gəlməsi lazım olan bir çox şərt var. Nəfəs ala bilməsi üçün oksigenə, bədəninin fəaliyyətlərini davam etdirə bilməsi üçün su və qidaya ehtiyac duyur. Ayrıca insan bədənində hər saniyə milyardlarla əməliyyat reallaşmaqda, hər bir hüceyrə həyatın davamı üçün Allahın əmri ilə öz vəzifəsini yerinə yetirməkdədir. Yalnız tək bir insanın bütün fiziki ehtiyaclarını aradan qaldıraraq varlığını davam etdirə bilməsi belə saysız detala bağlıdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz hər canlının istər bədənindəki istərsə xarici dünyadakı ehtiyaclarını əvvəlcədən təyin etmiş və onlara təqdim etmişdir.
O, insanları yaratmış, yaşamaları üçün ən əlverişli olan məkana yerləşdirmişdir. Bunun qarşılığında isə insanlar yalnız Allaha qulluq etməlidir. İnsanlara, elçiləri vasitəsilə hidayət tapacaqları səmavi kitablar göndərməsi və peyğəmbərlərin ayələri tək-tək izah etmələri də, Rəbbimizin Rəhman və Rəhim sifətlərinin təcəllisidir. Beləliklə Allah insanlara həm Öz Şəxsini tanıtmış, həm də onları din əxlaqının gözəlliklərinə və üstün əxlaqa dəvət etmişdir. Şübhəsiz bunların hamısı, Rəbbimizin sonsuz mərhəmətinin açıq dəlillərindəndir.
İman etməyənlər, münafiqlər və müşriklər də dünya həyatında qəbul etdikləri hava, içdikləri su daxil olmaq üzrə gizli və açıq bütün nemətlərdən faydalanırlar. Allah möminlərə verdiyi kimi onlara da mal-mülk, gözəl evlər və soylarını davam etdirəcəkləri övladlar verir. Onlara da gözəl ruzilər, sağlamlıq, güc və gözəllik verir. Bunlar Allahın sonsuz rəhmətinin təcəllisidir. Allah dünya həyatında bəlkə dinə qayıdarlar, düşünüb dərk edərlər və Özünə şükür edərlər deyə bütün insanları faydalandırır.
Ancaq inkar edənlərə verilən bütün bu nemətlər iman etmədikləri müddətcə əzablarının artmasına vəsilə olacaq. Üz çevirənlər, Allahın nemətlərindən ancaq göz açıb bağlama vaxtı qədər olan dünya həyatı müddətində faydalana bilərlər. Axirətdə isə bütün nemətlər, sahib olduqlarını yalnız Allaha yaxınlaşmaq və Onun razılığını axtarmaq üçün istifadə edən və Rəbbimizə hər an şükür edən möminlərə aiddir. Çünki Allah sonsuz ədalət sahibidir və bənzərsiz nemətlərlə bəzənmiş cənnət yurdunu sadəcə mömin bəndələrinə müjdələmişdir. Ayələrdə belə buyurulur:
Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz (nəsib et)! Biz Sənə döndük!” Allah buyurdu: “Dilədiyim kimsəni əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mərhəmətimi müttəqi olan, zəkatı verən və ayələrimizə iman gətirən kimsələrə yazacağam (nəsib edəcəyəm)”. (Əraf surəsi, 156)
Görmədikləri halda Rəhmanın Öz bəndələrinə vəd etdiyi Ədn cənnətlərinə (girəcəklər). Həqiqətən, Onun vədi gerçəkləşəcəkdir. (Məryəm surəsi, 61)

