Allahın Rəhman və Rəhim sifəti diqqətlə baxan və düşünən insan üçün kainatın hər nöqtəsində, hər detalında bütün açıqlığı ilə özünü büruzə verir. Kainatın və dünyanın yaranmasından canlılığın var edilməsinə, insanın möcüzəvi yaradılışından hər hüceyrəsindəki qüsursuz quruluşa, heyvanlara, bitkilərə, meyvələrə, tərəvəzlərə qədər ətrafımızda gördüyümüz hər detalda Allahın sonsuz şəfqətinin dəlilləri vardır.
Bu dəlilləri görə bilmək üçün uzun-uzadı araşdırmağa, dərin məlumata sahib olmağa və ya hər hansı bir mövzuda təhsil alıb mütəxəssis olmağa da ehtiyac yoxdur. Yalnız kainata Allahın Rəhman və Rəhim sifətini anlayaraq baxmaq, Rəbbimizin bəndələrinə olan sonsuz sevgisini, sonsuz lütfünü düşünmək üçün kifayətdir. Əgər insan ətrafındakılara belə gözlə baxsa hər gün gördüyü dünyadan daha fərqli bir dünya ilə qarşılaşar və bu dünyadakı hər detalın Allahın rəhmətinin dəlilləri olduğunu dərk edər.
Allah Quranda “Elə isə Allahın mərhəmətinin izlərinə bax…” (Rum Surəsi, 50) buyuraraq dünya üzərində olan hər şeyi Allahın rəhmətinin təcəllisi olaraq izah edir. Digər bir çox ayəsində də insanları var olan hər şeyin gözəlliklərini və nemət olan tərəfini düşünməyə təşviq edir, bunların yoxluğunda necə çətinlik və məhrumiyyət duyğusu yaşayacaqlarını xatırladır.
Gecə ilə gündüzü yaratmasının, yağışı yağdırmasının, gəmiləri dənizdə üzdürməsinin, quşları havada saxlamasının, bəndələrinı növbənöv məhsullarla ruziləndirməsinin, heyvanların, ağacların, küləyin, şimşəyin qısaca yaratdığı canlı-cansız hər şeyin hikmətini düşünməyə çağırır və bunların hər birinin bir rəhmət olduğunu xatırladır. Allah Nəml surəsində də insanlara göylərin qüsursuz yaradılışı üzərində təkrar düşünməsini əmr edir:
O, yeddi göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi? Sonra gözünü çevirib təkrar bax! Göz (görmək istədiyi nöqsanı tapa bilməyib) aciz və yorğun bir halda sənə dönəcəkdir. (Mülk surəsi, 3-4)
Unutmamaq lazımdır ki, əgər Allahın rəhmətinin yer üzündəki bütün dəlillərini yazmağa cəhd edəcək olsaq, bunu milyonlarla ensiklopediya cildinə belə sığdıra bilmərik.
Bu Allahın Quranda “Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir.” (Nəhl Surəsi, 18) ayəsi ilə xəbər verdiyi həqiqətdir.
Yaşadığımız ucsuz-bucaqsız kainatda qüsursuz tarazlıq, ahəng və nizam vardır. Bu nizam bütün kainata hakim olan Rəbbimizin sonsuz güc və qüdrətinin dəlilidir. Allah bir ayədə insanın bu həqiqət üzərində düşünməsini belə bildirir:
Sizi yaratmaq daha çətindir, yoxsa göyü?! Allah onu inşa etdi, Qübbəsini yüksəltdi və onu nizamladı. Gecəsini qaranlıq, gündüzünü isə aydınlıq etdi. Bundan sonra yer üzünü döşədi. (Naziat surəsi, 27-30)
Yenə Quranda bildirildiyinə görə, insan, kainatdakı bütün sistemi və tarazlıqları insan həyatına ən uyğun formada yaradıldığını dərk etməli, bu həqiqət üzərində düşünməli və dərs almalıdır:
O, gecəni, gündüzü, günəşi və ayı sizin xidmətinizə verdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Həqiqətən, bunda düşünən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 12)
Bir başqa ayədə isə belə buyurulur:
Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı da sizə ram etmişdir. Hər biri müəyyən bir vaxta qədər axıb gedər. Bu (işləri görən), Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Onu qoyub dua etdiyiniz (bütlər) isə, xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. (Fatir surəsi, 13)
Ayələrdə gecənin, gündüzün, Günəşin və Ayın “insanın” əmrinə verildiyi bildirilir. Bu, Allahın Rəhman və Rəhim sifətinin çox gözəl təcəllisidir. Rəbbimiz qüsursuz nizam içində var etdiyi kainatı insanın əmrinə vermiş, bunun qarşılığında isə yalnız iman edib qulluq etməsini istəmişdir. İnsanın üzərinə düşən də, bu fövqəladə vəziyyəti dərk etmək, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə təslim olmaq, hərtərəfli əhatə edən rəhmət dəlilləri üzərində düşünüb Allaha səmimi şəkildə yönəlməkdir.
Kainatın yaradılışında, nizamında, qüsursuz işləməsində Allahın mərhəmətinin təcəllisi, saymaqla bitirilə bilməyəcək qədər çoxdur. Üstəlik bu nizam canlılığın var olmasına imkan verəcək qədər mükəmməldir və çox həssas tarazlıqlar üzərinə qurulub. Bu detallar üzərində düşünmək Allahın lütfünü, Allaha nə qədər möhtac olduğunu, dünya üzərində tək dostunun Allah olduğunu anlaması üçün bir yoldur.
Çünki bu incəlikləri düşünməyən insan asanlıqla qəflətə düşə bilər, Allahın Rəhman sifətinin təcəllisini anlamaya bilər. Kainatın yaranmasındakı hər detal Allahın bəndələri və bütün canlılar üzərindəki sonsuz mərhəmətini göstərən açıq dəlillərlə doludur. Bu dəlillərdən bəziləri bunlardır:
Kainat Big Bang (Böyük partlayış) adı verilən partlayış nəticəsində meydana gəlib. Başlanğıcda kainatın bütün maddəsini içində saxlayan bu “tək nöqtə”, “sıfır həcmə” və “sonsuz sıxlığa” sahib idi. Kainat, sıfır həcmə sahib bu nöqtənin partlaması ilə ortaya çıxmışdı. Əslində sıfır həcm bu mövzunun nəzəri ifadə formasıdır. Elm, insan ağlının anlayış sərhədlərini aşan “yoxluq” anlayışını ancaq “sıfır həcmdəki nöqtə” ifadəsi ilə tərif edə bilir.
Həqiqətdə isə “sıfır həcmdəki bir nöqtə” “yoxluq” mənasını verir. Kainat da yoxluqdan var olub, daha doğru ifadə ilə “Yaradılıb”. Big Bang bir partlayış olduğuna görə, bu partlayışdan sonra maddənin kosmos boşluğunda “təsadüfi” dağılması olmalıdır. Halbuki Big Bang ilə yaranan maddə “fövqəltəbii” şəkildə formaya və nizama düşüb. Bu nizamın birinci mərhələsi partlayışın sürətidir.
Big Bang ilə birlikdə var olan maddə çox böyük sürətlə ətrafa yayılmağa başlayıb. Ancaq partlayışın bu ilk anında bir də şiddətli cazibə qüvvəsi var. Bu, kainatın hamısını bir nöqtədə yığa biləcək qədər böyük cazibədir. Buna görə də, Big Bang-ın ilk anında bir-birinə zidd olan iki qüvvə mövcuddur: Partlayışın gücü və bu partlayışa müqavimət göstərən, maddəni yenidən bir yerə toplamağa çalışan cazibə qüvvəsi.
Bu iki qüvvə arasında mükəmməl tarazlıq meydana gəldiyi üçün kainat ortaya çıxıb. Əgər ilk anda yaranan cazibə qüvvəsi partlayış gücündən çox olsaydı, o zaman kainat genişləyə bilmədən təkrar içinə çökəcəkdi. Əgər bunun əksi həyata keçsəydi və partlayış gücü həddindən artıq çox olsaydı, bu dəfə də maddə bir-biri ilə bir daha əsla birləşməyəcək şəkildə sovrulacaqdı.
Günəş Sisteminin quruluşunu araşdırdığımızda, yenə böyük tarazlıq ilə qarşılaşırıq. Planetləri dondurucu soyuqdakı xarici kosmosa sovrulmaqdan qoruyan təsir, Günəşin “cazibə qüvvəsi” ilə planetin “mərkəzdənqaçma qüvvəsi” arasındakı tarazlıqdır. Günəş sahib olduğu böyük cazibə qüvvəsi səbəbi ilə bütün planetləri çəkir, onlar da dönmələrinin verdiyi mərkəzdənqaçma qüvvəsi sayəsində bu çəkilmədən müəyyən nisbətdə xilas olurlar. Amma əgər planetlərin dönmə sürəti bir az daha yavaş olsaydı, o zaman bu planetlər sürətlə Günəşə doğru yaxınlaşar və sonunda Günəş tərəfindən böyük partlayışla udulardılar.
Bunun əksi də mümkündür. Əgər planetlər daha sürətli dönsələr, bu səfər də Günəşin cazibə qüvvəsinin onları tutmağa gücü çatmayacaq və planetlər xarici kosmosa sovrulacaqdılar. Halbuki çox həssas olan bu tarazlıq qurulub və sistem bu tarazlıq qorunduğu üçün davam edir. Bu tarazlığın hər planet üçün ayrı-ayrı qurulmuş olduğuna da diqqət yetirmək lazımdır. Çünki planetlərin Günəşə olan uzaqlığı çox fərqlidir. Üstəlik, kütlələri də çox fərqlidir. Buna görə də, hamısı üçün ayrı fırlanma sürətlərinin təyin olunması lazımdır ki, Günəşə yapışmaqdan və ya Günəşdən uzaqlaşıb kosmosa sovrulmaqdan xilas olsunlar.
Günəş sistemindəki bu fövqəladə həssas tarazlığı kəşf edən Kepler, Qalileo kimi astronomlar isə, “bu sistemin çox açıq bir dizayn göstərdiyini və Allahın kainatda olan hakimiyyətinin isbatı olduğunu” ifadə ediblər. Bütün bunlar yer üzünü insanın əmrinə verən Rəbbimizin Günəşlə göy cisimləri və Dünya arasındakı uzaqlığı da çox üstün tarazlıqla var etdiyini göstərir. Şübhəsiz bu, Allahın bəndələri üzərindəki mərhəmətinin işarələrindəndir.
Günəş sistemindəki bu möhtəşəm tarazlıqla birlikdə, üzərində yaşadığımız Yer planetinin bu sistemi və kosmosdakı yeri də, yenə qüsursuz yaradılışın varlığını və Allahın hər yeri əhatə edən sonsuz rəhmətini göstərir. Axırıncı astronomik kəşflər, sistemdəki digər planetlərin varlığının, Dünyanın təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərib. Yupiterin mövqeyi buna nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, varlığı ilə əslində dünyanın tarazlığını təmin edir.
Astrofizik hesablamalar, Yupiterin öz orbitindəki varlığının, Yer kimi digər planetlərin orbitlərinin sabit olmasını təmin etdiyini ortaya çıxarıb. Qısaca Günəş sisteminin quruluşu, insan üçün xüsusi yaradılışa malikdir. Səmimi olaraq düşünən hər ağıl sahibi insan, kainatda heç bir şeyin məqsədsiz və plansız olmadığını, “Biz göyü, yeri və onların arasındakıları boş yerə yaratmamışıq. Bu, kafirlərin zənnidir.” (Sad Surəsi, 27) ayəsi ilə bildirildiyi kimi, bütün kainatı Rəhman və Rəhim olan Allahın bir məqsədlə yaratdığını və nizamladığını anlayar. Bu dərin qavrayış, bir başqa Quran ayəsində belə bildirilir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində təmiz ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır. Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 190-191)

