Allahın inkar edənlərə dərhal əzab verməməsinin sirri

İnsanların etdiyi pis əməllərin qarşılığını dərhal almaması, bunun müəyyən vaxta qədər təxirə

İnsanların etdiyi pis əməllərin qarşılığını dərhal almaması, bunun müəyyən vaxta qədər təxirə salınması Quranda bildirilən sirlərdən biridir. Allah ayələrdə belə buyurmuşdur:

Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah qullarını görür. (Fatir surəsi, 45)

Sənin Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə (dərhal) cəzalandırası olsaydı, əlbəttə, onlara tezliklə əzab verərdi. Ancaq onlar üçün təyin olunmuş bir vaxt vardır. Onlar (əzab gəldiyi zaman) sığınacaq bir yer tapa bilməyəcəklər. (Kəhf surəsi, 58)

Bir çox insan pis əməllərinin qarşılığını dərhal almadıqda, bunun hər zaman belə olacağını zənn edir. Hətta buna görə də nə tövbə edir, nə peşman olur, nə də əməllərini düzəldirlər. Qarşılıqsız qalacağını düşündüyü üçün azğınlığını daha da artırır. Ağılsız olduğuna görə, bununla əzabın daha da şiddətli olacağını düşünə bilmir. Allah ayədə belə buyurur:

Kafirlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır. (Ali İmran surəsi, 178)

Allah bu möhləti insanları sınamaq üçün yaratmışdır. Halbuki hər bir insanın əməllərinin qarşılığını almaq üçün Allah Qatında müəyyən edilmiş müddət vardır. Həmin vaxt çatdıqda nə bir anlıq önə çəkilər, nə də bir anlıq təxirə salınar. Allah hər kəsin əməllərinin qarşılığını mütləq alacağını ayələrdə belə bildirir:

Əgər Rəbbin tərəfindən daha əvvəl verilmiş bir söz və təyin edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (onların bu dünyada cəzalandırılmaları) vacib olardı. (Taha surəsi, 129)

Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim məkrim (əzabım) çox şiddətlidir! (Əraf surəsi, 183)