Quranda deyilir ki, insan Allah üçün səbirli olmalıdır. Bir ayədə Rəbbimiz: “Rəbbin üçün səbir et” (Müddəssir surəsi, 7) şəklində əmr etmişdir. Səbir insanın Allahın razılığını qazanmağa yönəlmiş gözəl əxlaq və fəzilətli əməllərdə sahib olduğu ən vacib keyfiyyətlərdən biridir.
Lakin səbirlə “dözüm” anlayışlarını bir-birindən ayırmaq lazımdır. Dözüm xoşagəlməz, ağrılı bir çətinliyə dözməkdir. Halbuki, Quranda nəzərdə tutulan səbir, mömin üçün çətinlik qaynağı deyil. Mömin Allahın razılığını qazanmaq üçün səbir edər, buna görə də səbir edərkən çətinlik çəkməz, əksinə mənəvi zövq alar.
Həmçinin səbir, Quranda izah edilən bütün mömin keyfiyyətlərini də əhatə edən bir keyfiyyətdir. Çünki insan təvazökar, səxavətli, fədakar və itaətkar ola bilər, lakin bu keyfiyyətlər yalnız onları qorumaqda səbir nümayiş etdirdikdə həqiqi dəyər qazanar. Buna görə də, səbir möminin bütün digər keyfiyyətlərini dəyərli və etibarlı edən bir keyfiyyətdir.

