Bilindiyi kimi Quranda bir sıra ayələr var ki, Allah nəyinsə üzərinə əmin edir, and içir. Ateist iddiasına görə: “Allah niyə yaratdığı üzərinə and içsin ki?”. Quranı azdan-çoxdan tədqiq edənlər bunun belə olmadığını bilir. Məsələyə Quran çərçivəsində yanaşaraq aydınlıq gətirməyə çalışacağam. Əvvəlcə həmin ayələri qeyd edək:
And olsun günəşə və onun işığına, and olsun ardınca çıxan aya, and olsun açıqlığa çıxardan gündüzə, and olsun bürüyən gecəyə, and olsun göyə və onu yaradana, and olsun yerə və onu döşəyənə, and olsun nəfsə və onu yaradana. (Şəms surəsi, 1-7)
Eynilə, Naziat 1-5, Tur 1-6, Fəcr 1-4, Zariyat 1-4, Leyl 1-3, Bürc 1-3, Tin 1-3, Hicr 92-93, Saffat 1-3, Bələd 1-3, Qiyamət 1-2, Əsr 1-2, Duha 1-2, Nəcm 1, Tariq 1, Qələm 1, Yasin 2 ayələrindən də açıq-aşkar görünür ki, bu andların inandırma ilə əlaqəsi yoxdur. Burada əsas məqsəd and içilən şeyə diqqət çəkməkdir. Onsuz da, yüzlərlə ayədə sorğulamaq, araşdırmaq, dəlil axtarmaq aşılanarkən and ilə inandırma məntiqsiz olardı. And içilən ayələrin əksəriyyətinin davamı o and içilən şeydən bəhs edir. Bu andların inandırma funksiyasını daşımadığını digər yöndən də sübut etmək olar. İsra 88, Hud 13, Yunus 38, Bəqərə 23-24 ayələrində Allah meydan oxuyur ki, Quranın bənzərini kainatda kimsə yaza bilməz. Əsl and içilməli məqam buradadır. Əgər Quranı Hz. Məhəmməd (s) yazsaydı, onda bu ayələrdə and içərdi ki, “filan şeyə and olsun bu Quran Allah tərəfindəndir və s.”
Məgər ağıl sahiblərinə görə bunlara and içilməzmi?! (Fəcr surəsi, 5)
Ayəyə diqqət edin. Sizcə burada and nə mənaya gəlir? And sözünün yerinə “dəlil”, “işarə” qoysaq nə olar? Ondan qabaqkı ayələrdə də müxtəlif andlar verilib. Demək, and verilən şeylərdə ağıl sahibləri üçün bir işarə, dəlil var. Bir insan ağıl sahibidirsə, istər inancı olsun ya olmasın iftira atmaz. Ayələri Quran çərçivəsində oxuduqda, heç bir ziddiyətin olmadığı gün kimi aydındır.

