Allahı zikr edirik; insan sevdiyini tez-tez xatırlayır

Namaz səmimiyyət ibadətidir

Namaz möminlərin səmimiyyətlərini tamamilə göstərə bildikləri, riyakarlıqdan, nümayişdən uzaq gözəl bir ibadətdir. Möminin açıq şüur, dərin hörmət ilə, Allaha qarşı acizliyini bilərək alnını səcdəyə qoyması və namaz ibadətini yerinə yetirməsi, namazlarını böyük diqqətlə qoruması çox əhəmiyyətlidir. Çünki mömin ibadətlərini məsuliyyətlə qoruyaraq, daima Allahı anıb Qurana uyaraq onu yaradan Rəbbimizi heç unutmadığını çox gözəl bir yolla, namaz ibadəti ilə göstərir. Səcdə edərkən, rükuya əyilərkən, qiyamda durarkən Allahı ən gözəl sözlərlə zikir edib, ucaldır.

“Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.” (Ənam surəsi, 92)

İxlaslı bir mömin etdiyi hər ibadətdə olduğu kimi namazda da Allaha olan dərin sevgisini çox gözəl göstərir. Səhər namaz üçün qalxdıqda böyük bir şövq və coşğu ilə qalxır. Gün ərzində işlərini saxlayıb yenə böyük bir istəklə namaza gedir. Namaz insanın ruhuna sevdirilmiş çox gözəl bir ibadətdir. Mömin, necə ki, gözəl bir mənzərəyə, gözəl bir insanın üzünə baxmağı, sevgi dolu iltifatlar eşitməyi sevirsə ibadətləri yerinə yetirməkdən də böyük sevinc hissi duyur. Namaz insana özünə olan inamını gətirir. Allah ilə arasında dərin və sarsılmaz bir bağlılıq yaranmasına səbəb olur. Mömin gündə beş dəfə ən sevdiyi dostunun, yoldaşının, sirdaşının önündə əyilir. Bu elə gözəl, elə güclü bir dostdur ki, mömini əsla tərk etməz. Yaxşı gündə, pis gündə, istər xəstə, istər sağlam vəziyyətdə, yoxluqda və çətin gündə hər zaman onun yanındadır. Mömin əsl dostunun, onu yaradan Rəbbinin önündə eşqlə və şövqlə qibləyə yönəlir və səcdəyə qapanır. Onu ən gözəl adları ilə zikir edib ucaltmaq ruhuna bənzərsiz bir gözəllik və rahatlıq verir.