Həyatını Allaha həsr etmək, Onun rizasına uyğun yaşamaq istəyən insan Allah ilə yaxın dialoq qurmalıdır. Bu dialoq zikr, yəni Allahı anmaqdır. Mömin “Ey iman edənlər, Allahı çox zikr edin” (Əhzab surəsi, 41) hökmünə uyğun olaraq həyatının hər anında zikr və dua edir, hər bir nemət üçün şükür edir, səhvlərinə görə tez-tez bağışlanma diləyir, Allahın yolunda cəhd üçün Onun yardımını istəyir və tez-tez Allahı təsbih edib ucaldır. Mömini Allaha dost edən ibadət zikrdir. Bir ayədə zikr ibadəti belə açıqlanır:
Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma! (Əraf surəsi, 205)
Quranda “…Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir…” (Ənkəbut surəsi, 45) buyurulur. İbadətlər Allahı anaraq və Onun rizasını güdərək yerinə yetirilməzsə qarşılıqsız və boş əməl olar. Buna görə də Quranda peyğəmbərlərin gözəl əxlaqından bəhs edilərkən zikrlərinə xüsusi diqqət çəkilir. Sad surəsinin 30-cu ayəsində “Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl bəndə idi! Daima (Allaha) üz tutardı.” buyurulur.
Möminlər üçün Allahı zikr etmək, “ən böyük ibadət”dir. Möminlər həyatı boyu bunu dərk edərək yaşayarlar. Allahı zikr etmək isə düşünərək və bu düşüncələrini dilə gətirərək olar. Allahın onlara verdiyi nemətləri tək-tək düşünər və Allaha şükür edərlər. Əlbəttə ki, Uca Allah bütün insanlara şah damarından daha yaxındır və bütün yaratdıqlarını rəhməti ilə əhatə edəndir.

