Möminlər Allahın hər an onları gördüyünü və eşitdiyini, qarşılaşdıqları hər bir hadisəni Allahın yaratdığını bilirlər. Buna görə də Allahı bir an belə ağıllarından çıxarmırlar. Həyatın hər anında həm özləri daxilən Allahı düşünərək zikr edir, həm də digər möminlərlə söhbətlərində Rəbbimizin ucalığını, böyüklüyünü, qüsursuz yaratmasını və sənətini dilə gətirirlər. Möminlərin hər an Allahı zikr edən insanlar olduqları Quranda belə bildirilir:
Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 191)
Allahı anmaq — qarşılaşılan hər şeyi və baş verən hər hadisəni Allahın yaratdığını bilmək, “Allah bununla mənə nəyi göstərmək istəyir?” deyə düşünmək, Allahın yaratmasındakı hikmətləri anlamağa çalışmaq, hər an Onun ucalığını dərk etməyə səy göstərmək və bütün bunları başqalarına da izah etməklə olur. Məsələn, zahirdə çətinlik kimi görünən bir hadisə ilə qarşılaşdıqda təvəkkül edib səbir göstərən insan həmin anda Allahı andığı üçün belə davranır. Allahı anan insan Allahı və Onun qüdrətini heç vaxt unutmaz və daim doğru hərəkət edər.

