Bəzi yerlərdə yoxsulluğu, inkişaf etməməyi, məzlumluğu və ya ümumi sözlə, dünyadan uzaqlaşmağı islamın simvolu kimi görmək vərdiş halına gəlib. Lakin bu, düzgün düşüncə tərzi deyil.
Qurani-Kərimə və Peyğəmbərimizin həyatına nəzər saldıqda islamın belə bir modelin olmadığını asanlıqla anlamaq olur. Ayələrdə bildirilir ki, bir çox peyğəmbərlərə böyük sərvət və mal verilmişdir. Onların arasında hz. Süleymanın misilsiz sərvəti və əzəməti, ehtişamı əsrlərdir dillərə dastan olmuşdur.
Allahın bir çox ayəsində haqqında tərifləyərək bəhs etdiyi və örnək göstərdiyi hz. Süleyman, Allahın rizasından başqa bir məqsədi və Allahın dinindən başqa bir yol göstəricisi yox idi. Hz. Süleyman, Allahın ona verdiyi böyük mülkə sahib olmamışdan əvvəl belə dua etmişdi:
Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən.” (Sad surəsi, 35)
Zəngin olmaq istəmək müsəlmanlar üçün pis bir əməl olsaydı, Allahın bir çox ayədə təriflədiyi bir peyğəmbər bunun üçün dua etməzdi. Beləliklə, Quranda bildirildiyi kimi Allah, hz. Süleymanın bu duasını qəbul etmişdi. Və Quranda hz. Süleymandan tərifləyərək bəhs edilir:
Biz Davuda Süleymanı bəxş etdik. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi. (Sad surəsi, 30)
Hz. Süleyman bu mövzuda tək nümunə deyil. Allah hz. Süleymanın atası hz. Davuda da hökmdarlıq vermiş, ona güc və iqtidar verərək peyğəmbər seçmişdi. Allah, eynilə hz. İbrahimə və ailəsinə də böyük bir mülk verdiyini də bildirmişdir:
Yoxsa onlar Allahın Öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar? Halbuki, Biz İbrahim ailəsinə kitab və hikmət vermiş, onlara böyük bir hökmranlıq bəxş etmişdik. (Nisa surəsi, 54)
Diqqət etsəniz, yuxarıdakı ayədə Allahın müsəlmanlara nemət olaraq verdiyi sərvətə paxıllıq etmək tənqid edilir.
Allahın, peyğəmbərimiz hz. Məhəmmədi də zəngin etdiyi Quranda bu şəkildə bildirilir:
Səni yoxsul ikən zəngin etmədimi?! (Duha surəsi, 8)
Məhz burada möminlərin sərvət anlayışı ilə cahil cəmiyyətin zənginlik anlayışı arasındakı fərq ortaya çıxır. Möminlər mülkün Allahdan gəldiyini və mülkün əsl sahibinin Allah olduğunu bilirlər. Ancaq cahil düşüncəyə sahib insanlar zənginlik anlayışı, bütün mülkün sahibinin Allah olduğunu tamamilə görməməzlikdən gəlməkdən qaynaqlanan mülk sahibi olmaq instinktinə əsaslanır.
İki tərəf arasındakı bu böyük fərq mülkün istifadəsində də özünü göstərir. Möminlər mallarını Allahın rizasına uyğun olaraq xeyirli işlərə sərf edərlər. Ancaq cahil cəmiyyətin üzvü olan mülk sahiblərinin əsas xüsusiyyəti “yer üzündə fitnə-fəsad törətmələri”dir (Qəsəs surəsi, 77).
Mal-mülk, ehtişam və hakimiyyət, Allahın istədiyi mömin bəndələrinə verdiyi hədiyyədir. Önəmli olan, Allahın halal yollarla verdiyi mal və sərvətə şükür etmək, onlardan məqsədəuyğun şəkildə istifadə etmək, Allahın nemətlərini həmişə xatırlamaq və bununla da Allaha yaxınlaşmaq, Onun rizasını qazanmaq üçün yollar axtarmaqdır.
Hz. Süleymanın Quranda mal-mülk sevgisindəki məqsədi bu şəkildə açıqlanır:
Bu zaman o: “Həqiqətən, mən mal-mülk (at) sevgisini Rəbbimi zikr etmək üçün istədim…” (Sad surəsi, 32)
Ancaq bu dünyanın imtahan yeri olduğunu unutmamalıyıq. Müxtəlif bəla və çətinliklər qarşısında göstərilən səbir və qətiyyətin dərəcəsi insanın imanındakı dərinliyi müəyyən edir. Bu səbəbdən Allah bu üstün xüsusiyyətlərini ortaya çıxarmaq və onları Öz qatında mükafatlandırmaq üçün iman edənləri fərqli hadisə və mühitlərlə qarşılaşdırar.
Allah möminlərin səbrini və Ona olan etibarını ölüm, qorxu, aclıq kimi müxtəlif çətinliklərlə yanaşı yoxsulluqla da imtahan edər. Amma doğru olan odur ki, müsəlman bir tərəfdən səbir edərkən digər tərəfdən də Allahdan nemətlərini artırması, genişləndirməsi və rahatlıq verməsi üçün həmişə dua edər. Üstəlik, bunu təkcə özü üçün deyil, bütün möminlər üçün istəməli, Allahın adını zikr etmək üçün geniş imkanlar tələb etməlidir. Bu, Quranın ruhuna ən uyğun olan davranışdır.
Bundan əlavə, unutmamaq lazımdır ki, İslamda insanlar var-dövlət meyarına görə qiymətləndirilmir. İnsanın kasıb və ya zəngin olması onun Allah qatındakı məqamına təsir etməz. Sahib olduğu mal-dövləti istər çox, istər az olsun, əsas olan Allahın rızasına uyğun xərcləməsidir.
Möminin zəngin olmaq istəyinin arxasında, əldə etdiyi sərvəti Allahın rızasına uyğun istifadə edə bilmək istəyi dayanır. Möminlər üçün bunun əksini etmək, yəni “sərvət yığmaqdan” söhbət gedə bilməz. Çünki, “Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ! (Tövbə surəsi, 34).
Möminlər dünya həyatında Allahın nemətlərindən bəhrələnib zövq aldıqları kimi, onlara verilənləri Allah yolunda xərcləməkdən də böyük zövq alarlar. Bu baxımdan, mal-mülk, sərvət və onlara sahib olmaq üçün dua etmək səmimi möminlər üçün ibadət və mükafat mənbəyidir. Allah, şükür edilən və Allah yolunda xərclənən malı artıracağını vəd edir.
Eyni zamanda Qurana tabe olan həqiqi mömin yer üzündə Allahın bəndəsidir. Buna görə də, Allah yer üzünün həqiqi sahiblərinin möminlər olacağını bildirərkən, Quranda bu nemətə qovuşacaq insanların xüsusiyyətlərini belə bildirir:
Allah sizlərdən iman edib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir. (Nur surəsi, 55)

