Allahdan başqasını özlərinə dost tutanların halı özünə yuva qurmuş hörümçəyin halına bənzəyər

Dini öz istəklərinə görə dəyişənlər

Əvvəlki şəkillərdə dindar olduğunu iddia edərək, Allah adına dində olmayan bəzi hökmlər, qaydalar icad edən, halallar, haramlar qoyan və bu şəkildə Allaha şərik qoşan bir müşrik təbəqədən söz etmişdik. Bunlar dini öz istək və arzularına, mənfəət və fanatizmlərinə görə dəyişdirməyə, əslindən uzaqlaşdırmağa cürət edən insanlardır. Öz ağıllarına görə Quran hökmlərində əlavələr, çıxarışlar və dəyişikliklər etməyə çalışarlar. Beləliklə, haqq dinlə eyni adı daşıyan, ancaq məzmunu tam fərqli olan batil bir din qurarlar.

Sözü gedən kəslər bu şəkildə, yalnız özlərini deyil, özləriylə birlikdə geniş insan kütlələrini də şirkə sürükləyər. İnsanlara öz azğın dinlərini təlqin edərlər. Din əxlaqının əslindən, Qurandan və hədislərdən xəbəri olmayan cahil kütlələr də bu kəslərin uydurduqları azğın dini mənimsəyirlər. Bunlar məhz bu hissənin mövzusunu meydana gətirən həqiqi müşriklərdir. Nəticədə, bu kəslər əvvəlki ümmətlərin düşdükləri vəziyyətə düşmüşlər. Bir ayədə əvvəlki ümmətlərin içində şirk qoşanların vəziyyəti belə bildirilmişdir:

Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki, onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa məbud yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır. (Tövbə surəsi, 31)

Allaha iftira yaxaraq Onun adına hökmlər uyduran və bunlara tabe olanlardan ibarət olan bu müşrik birliyinin ümumi məntiq və zehniyyətlərini təsvir edən ayələrdən bəziləri belədir:

Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et. Onlar öz batil iddialarına görə: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz” – deyirlər. Müşriklər mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də kəsərkən üstündə Allahın adını çəkmirlər. Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır.Onlar: “Bu mal-qaranın qarınlarındakı balalar kişilərimizə halal, qadınlarımıza isə haramdır” – deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir. Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər. (Ənam surəsi, 137-140)

Yuxarıdakı ayələrdə, müşriklərin Allahın bildirmədiyi qanunlar verərək Allahın nemətlərini haram qılmağa, Allahın halal buyurduğu ruzilərə, nemətlərə qadağa qoymağa meylli olduqları görülər. Bunların əsasən qadağanedici, dini çətinləşdirici bir zehniyyətə sahib olduqları da gözə dəyməkdədir. Ayələrdə xüsusilə bildirilən bir mövzu da, söz mövzusu müşriklərin bunlarla Allaha iftira etdikləridir. Buradan da aydın olduğu kimi, bu kəslərin Allah adına ortaya çıxdıqları çox dəqiq bir həqiqətdir. Onsuz da ilk ayədə də dində qarışıqlıq çıxardıqları ifadə edilir. Bunların Allahın icazə vermədiyi və razı olmadığı tam fərqli bir din qurduqları bir başqa ayədə belə bildirilir:

Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir. (Şura surəsi, 21)

Bunlar özlərini nə qədər dindar görsələr də əslində Allah qatında müşrikdir. Quranda müşriklərin nəsillər boyu eyni azğın anlayışı davam etdirdikləri və eyni düşüncəni bir-birlərinə köçürdükləri bildirilir:

Müşriklər deyəcəklər: “Allah istəsəydi, nə biz, nə də atalarımız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik”. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”. (Ənam surəsi, 148)