İman gətirənlər də gün ərzində bilərəkdən və ya bilməyərəkdən bir çox səhvlərə yol verə bilərlər. Ağlının, imanının, şüurunun dərəcəsinə görə həmin səhv və günahlar da artıb-azala bilər. Lakin heç bir insan səhv iş görməyəcəyinə əmin ola bilməz. Özünü qüsursuz və ideal hesab etmək belə müxtəlif günahlara səbəb olacaq səhv düşüncədir. Quranda belə bir qüsursuzluq iddiasının fironlara xas anlayış olduğu bildirilir.
Mömin insan imanı və bundan irəli gələn şüuru da artdıqca özünü günahsız hesab etməyə deyil, öz səhv və günahlarını daha yaxşı dərk etməyə başlayır. Yaşadığı şəraiti daha yaxşı dərk etdiyi, Allah qorxusu daha çox artdığı üçün, bir tərəfdən, səhvlərini düzəltməyə, onları təkrarlamamağa çalışır, digər tərəfdən isə istəyərəkdən və ya istəməyərəkdən etdiyi günahlar üçün daim Allahdan bağışlanmasını diləyir. Şüurlu bir möminin göstərəcəyi davranış da elə budur. Bundan əlavə, bağışlanma diləmək bütün möminlərə fərz qılınmışdır.
Bir çox Quran ayələrində peyğəmbərlərin müxtəlif səbəblərdən Allahdan bağışlanma diləmələrindən bəhs edilir. Həmin anda hər hansı bir günahı etmiş olsalar da, Allahın əzabını xatırladıqları zaman və ya Allahın bir imtahanı ilə qarşılaşdıqları zaman peyğəmbərlərin dərhal Allahdan bağışlanma dilədiklərini görürük. Bir ayədə də Hz. Peyğəmbərimizin (s) insanların axın-axın dinə gəldiklərini görəndə Allaha şükür edib bağışlanma diləməsi bildirilir. Başqa bir ayədə isə cənnətə daxil olan möminlərin mədh edilən xüsusiyyətləri arasında onların Allahdan bağışlanma diləmələrindən bəhs edilir.
Məlum olduğu kimi, bağışlanma diləmək həmin anda günah iş görüb-görməməkdən asılı deyil. Bağışlanma diləmək möminin qulluğunu, Allah qarşısındakı acizliyini, Onun yardımı olmadan hətta günahdan uzaq olmasının da mümkün olmadığını dilinə gətirməsidir. Onun bağışlanma diləməyə əhəmiyyət verməməsinin əsasında öz acizliyinin, qüsurunun, günahlarının fərqində olmamaq kimi qəflət və şüursuzluq dayanır. Bunun təbii nəticəsi olaraq da insanın qəlbi qatılaşır və vaxt keçdikcə, o, öz nəfsini ilahlaşdırıb şeytan əlaməti olan xudbinlik və özündən razı bir vəziyyətə düşür. Özündən razılıq isə Quranda da bildirildiyi kimi, insanları azğınlaşdırır, onları şeytanın əsgərlərinə çevirir.

