İnsanlar adətən güclü olanın yanında olmaq istəyirlər. Bununla, həm digər insanlar tərəfindən etibar görəcəklərini, həm də güclü insanın onları qoruyacağını düşünürlər. Əslində, insanın güclünün yanında olmaq istəyi yaradılışından qaynaqlanan bir xüsusiyyətdir. Buna görə də, insan bütün həyatı boyu güclü olanı axtarar, lakin heç vaxt axtardığı gücü tapa bilməz. İnsanları yanıldan da budur. Çünki onlar əsl qaynağına yaxın olmaq əvəzinə, Onun təcəllilərinə sığınır və özləri kimi bir bəndə olan varlıqlardan kömək istəyirlər. Halbuki gücün əsl qaynağı bütün varlıq aləminin tək sahibi Uca Allahdır. Uca Allaha yaxın olmağın nəticəsində insanlar həyatı boyu axtardıqları rahatlığı və etibarı qazanırlar. Elə insanın fitrətinə uyğun olan da budur. Bu sirri qavrayan möminlər sadəcə Allaha güvənir, Onu dost və Vəli edir, özlərini Ona yaxınlaşdıran vəsilələr axtarırlar. Rəbbimiz bir ayəsində qullarına çox yaxın olduğunu belə bildirir:
Bəndələrim səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Uca Allah insanların Onun böyüklüyünü qavramaları üçün kainatdakı nizamı mükəmməl detallarla birlikdə yaratmışdır. Quranda bu həqiqətə “Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz” (Talaq surəsi, 12) ayəsi ilə diqqət çəkilir. Uca Allahın ağlı, elmi və qüdrəti sonsuzdur.
Allah sonsuz qüdrətini və elmini mövcud olan hər varlıqda göstərir. İnsan bədəninin hər detalındakı mükəmməllik, çiçəklərin görünüşündəki rəng, qoxularındakı gözəllik, göy üzünün və kainatın möhtəşəmliyi, planletlərin orbitlərindəki nizam, dənizlərin dərinliklərindəki balıqlar və ağlınıza gələn hər şeydə açıqca görünən mükəmməlik və möhtəşəmlik Allahın varlığının və sonsuz gücünün açıq dəlillərindəndir.
Uca Allahın elminin sonsuzluğunu düşünmək və Onun qədrini haqqı ilə təqdir etməyə çalışmaq möminləri Allaha yaxınlaşdıran vacib ibadətdir. Quranda Rəbbimizin sonsuz gücü belə xəbər verilir:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Uca Allahın isimlərini təfəkkür etmək insanı Ona yaxınlaşdıran əhəmiyyətli ibadətdir. Çünki Allahın isimləri haqqında düşünən bir insan əvvəlcə Allahın hər yerdə olduğunu, bütün insanlara şah damarlarından daha yaxın, hər etdiyimizə şahid olduğunu, hər şeyi gördüyünü, dediyimiz bütün kəlmələri eşitdiyini, ürəyimizdə etdiyimiz bütün duaları bildiyini, hər an yanımızda olduğunu, ruzi verdiyini, xəstələndiyimiz zaman şəfa verdiyini, bizi yoxluqdan yaratdığını anlayar. Bu səbəblə, yalnız Ona qulluq etməli və Onun razılığını axtarmalı olduğunu qavrayar. Bunu dərk edən bir insan Uca Allahın razı olacağı əməllər etmək üçün çox cəhd edər. Allahın razılığı üçün səmimiyyətlə edilən hər əməl isə insanı Uca Allaha yaxınlaşdıran əhəmiyyətli bir vəsilədir. Hz. Musanın Rəbbimizə yaxınlaşmaq üçün etdiyi dua bu mövzuda örnəkdir:
…sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin hər xeyrə ehtiyacım var! (Qasas surəsi, 24)
Dünya həyatında mövcud olan hər şeyin bir gün mütləq xarab olduğunu, köhnəldiyini, hətta yox olduğunu düşünmək insana ölümü, dolayısı ilə də bir həqiqəti, sonda Uca Rəbbimizə qovuşmağı xatırladır. Bu həqiqət Quranda belə bildirilir:
(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)
Bədiüzzaman Səid Nursinin də “Nəsihət istəsən, ölüm yetər. Bəli, ölümü düşünən dünya sevgisindən qurtular və axirətinə ciddi çalışar” sözləri ilə bildirdiyi kimi, ölümü çox düşünmək insanı dünyaya bağlılıqdan uzaqlaşdırıb, Rəbbimizə yaxınlaşdıran bir yoldur. İmam Qəzali də ölümü “sevgilini sevgiliyə qovuşduran bir körpü” kimi dəyərləndirərək, insanın Uca Allaha yaxınlaşmasında ölümü düşünməyin əhəmiyyətini bir daha xatırladır.
Uca Allaha yaxınlaşmağa vəsilə olan üsullardan biri də diqqət və şüur açıqlığıdır. İnsan zəif yaddaşa, diqqət dağınıqlığına, qəflətə qapılmağa uyğun xarakterlə yaradılmışdır. İnsan Uca Allahın imtahan üçün xüsusi olaraq yaratdığı bu vəziyyətdən diqqətini mütəmadi olaraq açıq tutmaqla qurtula bilər. Bunun üçün Rəbbimizin hər an, hər saniyə bizimlə birlikdə olduğunu, bizi gördüyünü və eşitdiyini, hər işi nizamlayıb nəzarəti altında saxladığını unutmamaq, bütün həyatımızın müəyyən edilmiş taleyə görə yaşandığını xatırlamaq, edilən hər işdə, görünən hər görüntüdə Allahın sonsuz ağlını, heyranedici sənətini və Onun Uca Qüdrətini təfəkkür etmək, hər zaman təvəkküllü və təslimiyyətli olmaq, Allahı təsbih edib ucaltmaq lazımdır.
İman gətirənlərin gündəlik həyatının hər mərhələsində Allahı anma və dua etmələri, onlara verilən nemətlərə qarşı mütəmadi olaraq səmimi şükür etmələri, bilərək və ya bilməyərək etdikləri xətalarına görə bağışlanma diləmələri və tez-tez Allahın adını ucaltmaları, onları, Uca Allahın izni ilə Rəbbimizə dost edəcək, Ona yaxınlaşmalarını təmin edəcək. Bu həqiqət Quran ayəsində belə xəbər verilir:
…Allahı zikr etmək (Allahın əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, daha böyükdür… (Ənkəbut surəsi, 45)
Uca Allahı tanımağın, qavramağın və imanda dərinləşməyin sərhədi yoxdur. Bir insan Uca Allaha yaxın olmaq və Onu daha yaxşı tanımaq üçün nə qədər çox cəhd edərsə, nə qədər çox düşünərsə, imanı, ağlı və Allah qorxusu da o qədər çox güclənər. Buna görə də, Allah yolunda xidmət etmək üçün çox cəhd edən və Ona yaxınlaşmaq üçün dərin təfəkkür edən möminlər Allahdan çox qorxan və Allaha bütün qəlbi ilə bağlı olan insanlardır. Möminlərin Allahın hökmlərini tətbiq etmə mövzusunda göstərdikləri diqqət və vicdanlarını dinləmə mövzusunda göstərdikləri həssaslıq onlara, inşaAllah, Rəbbimizin sevgisini, rizasını qazandıracaq və Ona yaxınlaşdıracaq. Uca Rəbbimiz iman gətirənləri Zatına yaxınlaşmağa Quranda belə dəvət edir:
Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)

