Bir insanın Allaha yaxınlaşması, Allaha olan sevgisinin, bağlılığının, Allah qorxusunun, imanının və etiqadının artması deməkdir. Heç bir insan üçün Allaha yaxınlaşmağın bir həddi yoxdur. İnsanlar axirətdə Allaha olan yaxınlıqları ölçüsündə qarşılıq alacaq və yenə bu ölçüdə sonsuz cənnət həyatına qovuşacaqlar. Buna görə də hər bir insanın dünyadakı əsil yaşayış məqsədi Allahın bildirdiyi şəkildə bu mövzuda səmimi bir səy göstərmək olmalıdır. Quranda möminlərin bu mövzuda göstərdikləri səylərə belə diqqət çəkilmişdir:
Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və elçinin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Tövbə surəsi, 99)
Belə bir səy nəticəsində Allaha yaxınlaşan insanın Allaha olan sevgisi və bağlılığı daha da güclənər, qəlbində Rəbbimizə qarşı daha böyük bir coşğu hiss edər, Allahın razı olmayacağı bir davranış göstərməkdən daha çox çəkinər və bu ölçüdə də Allahdan qorxub-çəkinər. Din əxlaqına olan bağlılığı, şövqü və dinə xidmət etmək istəyi qüvvətlənər. Allaha olan yaxınlığın gücü artdıqca sadalanan bütün bu xüsusiyyətlər də davamlı olaraq artmağa davam edər.

