Bir müsəlman üçün heç bir şey, Allahın razılığından və Onun sevgisini qazanmaqdan daha üstün deyil. Mömin həyatı boyu daima özünü Allaha yaxınlaşdıracaq vəsilələr axtarar. Allah bir ayəsində möminlərə bunu belə bildirir:
Ey iman edənlər! Allahdan qorxun, ona vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)
Allah Quranda infaq etməyin Özünə yaxınlaşmağa səbəb olduğunu bildirmişdir. Buna görə də, sevdiyi şeylərdən və ehtiyaclarından artıq qalanını infaq etmək müsəlmanlar üçün çətinlik deyil, əksinə Allaha olan bağlılıqlarını və sevgilərini göstərdikləri çox qiymətli fürsətdir. Mövzu ilə əlaqədar bir ayə belədir:
Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və Peyğəmbərin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Tövbə surəsi, 99)
Allahın infaq mövzusu ilə bağlı bildirdiyi bir başqa sirr isə insanın əslində fədakarlıq edərək infaq etdiyi şeyin mütləq özünə geri dönəcəyidir. Bu Allahın əhəmiyyətli bir vədidir. Yoxsulluq qorxusu yaşamadan, Allah yolunda mallarını infaq edən insanlar həyatı boyu heç gözləmədikləri nemətlərlə ruziləndirilirlər. Xeyir olaraq infaq etdikləri hər şey, xeyir olaraq özlərinə dönür. Allahın bu vədinin bildirildiyi ayələrdən bəziləri belədir:
Onları hidayətə çatdırmaq sənə aid deyil (Sənin vəzifən yalnız haqqı təbliğ etməkdir). Lakin Allah dilədiyi kimsəni hidayətə çatdırar. Malınızdan nə infaq etsəniz, özünüz üçündür. Siz yalnız Allahın rizasını qazanmaq üçün infaq edirsiniz. Malınızdan (Allah yolunda) nə infaq etsəniz, (əvəzi) sizə tam ödəniləcək və siz əsla haqsızlığa məruz qalmayacaqsınız. (Bəqərə surəsi, 272)
… Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız. (Ənfal surəsi, 60)
De: “Həqiqətən, Rəbbim qullarından istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini də azaldar. Siz nə infaq etsəniz, Allah onun yerinə başqasını verər. O, ruzi verənlərin ən xeyirlisidir”. (Səba surəsi, 39)
Möminlər mallarını və canlarını infaq edərkən sadəcə Allahın razılığını və Cənnətini istəyərlər, ancaq ayələrdə görüldüyü kimi, Allahdan bir sirr olaraq hər nə infaq etsələr özlərinə geri ödənər. Ayədə bildirildiyi kimi Allah onun yerinə başqasını verər. Bunlar həm dünyadakı nemətlər, həm də hamısından əhəmiyyətlisi Allahın Cənnətdə möminlər üçün hazırladığı nemətlərdir. İnfaq edənlərin əksinə, mallarını xəsislik edərək saxlayan və ya Allahın sərhədlərini tapdayaraq mallarını artırmağa çalışanların isə Allah bərəkətlərini azaldar. Bununla bağlı ayələrdən biri faiz alanların vəziyyətini bildirir:
Allah faizi (faizli qazancın bərəkətini) yox edər, sədəqələri (sədəqəsi verilən malın bərəkətini) isə artırar. Allah heç bir günahkar nankoru sevməz! (Bəqərə surəsi, 276)
Allah mallarını infaq edənlərin Allah qatından aldıqları bərəkəti başqa ayələrində belə bildirir:
Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir. (Bəqərə surəsi, 261)
Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah kafirlər qövmünü doğru yola yönəltməz. Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür. (Bəqərə surəsi, 264-265)
Bu ayələrin hər biri Allahın Quranda iman edənlərə bildirdiyi sirlərdir. İman edənlər sadəcə Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün infaq edərlər. Ancaq Allahın ayələrlə bildirdiyi bu sirləri də bildikləri üçün, Allahın bərəkətini və rəhmətini ümid edərlər. Onlar Allah yolunda mallarını və canlarını sərf etdikcə, halala-harama diqqət yetirdikcə, Allah onların zənginliklərini artırar, işlərini asanlaşdırar, Allah yolunda xərcləyəcəkləri daha çox imkan yaradar. Bu sirri, heç bir narahatlıq və gələcək qayğısı duymadan, Allahdan qorxub çəkinərək Allahın sərhədlərini qoruyan hər mömin öz həyatında yaşayar.

