Allaha tövbə etmək

İnsan qəflətə düşə bilən, unudan, yanıla bilən, səhv edə bilən varlıqdır

İnsan qəflətə düşə bilən, unudan, yanıla bilən, səhv edə bilən varlıqdır. Hər an, bir çox mövzuda səhv düşünə bilər, səhv qərar verə bilər, səhv hərəkət edə bilər. Buna görə də, Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük lütf, çox böyük nemətdir. Allah, sonsuz rəhməti ilə insanlara, həmişə səhvlərinə görə bağışlanma diləmə və tövbə etmə imkanı tanıyıb.

Səmimi olaraq günahlarının bağışlanılmasını istəyən hər insan Allahdan bağışlamasını ümid edə bilər. Rəbbimiz Hicr surəsində “(Ey Peyğəmbər!) Bəndələrimə xəbər ver ki, həqiqətən, Mən bağışlayanam, rəhmliyəm!” (Hicr surəsi, 49) şəklində buyurur. Nisa surəsində isə Allahın bağışlayıcı olması belə bildirilir:

Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər. (Nisa surəsi, 110)

Həyatı boyu səhvsiz, günahsız, nöqsansız və qüsursuz olduğunu zənn etmək Qurana uyğun olmayan rəftardır. Çünki, insan səhv və günah etməyə açıqdır, aciz varlıqdır. Buna baxmayaraq Allah bağışlayan və tövbələri qəbul edən olduğunu bildirmişdir. Buna görə də, insanın bilərək və ya bilməyərək, qəflətə qapılaraq, nəfsinə uyaraq etdiyi səhvlərə görə ümidsizliyə düşməsi Quran əxlaqına uyğun olmayan davranış olacaq.

Səhv edən möminə düşən, səhvindən ibrət götürmək, peşman olub doğruya yönəlmək, vaxt itirmədən Allaha sığınmaq və bir daha o səhvi təkrarlamamaq üçün səy göstərməkdir. Əlbəttə mömin səhv etməməyə və günah işləməməyə, Allahın sərhədlərini qorumağa çox diqqət göstərər, lakin buna baxmayaraq səhvləri, günahları ola bilər.

Səhv etdikdən sonra tövbə edib Allahdan bağışlanma diləmək isə çox gözəl mömin xüsusiyyətidir. Allahın “Tövbələri qəbul edən” (Təvvab), “Bağışlayan” (Qəffar), “Mərhəmət edən” (Rəhman) adları da səhv etdikdən sonra peşman olan və tövbə edib Allaha yönələn möminlər üzərində təcəlli edir. Ənam surəsində belə buyurulur:

“…Rəbbiniz mərhəmətli olmağı Özünə vacib etdi. Odur ki, sizlərdən hər kim bilməyərək pis bir iş görərsə, sonra onun arxasınca tövbə edib özünü islah edərsə, bilsin ki, Allah bağışlayandır, rəhmlidir”. (Ənam surəsi, 54)

İnsanları din əxlaqından uzaqlaşdıran səbəblərdən biri də, günah etdikdən sonra günahkarlıq duyğusu ilə “heç vaxt düzəlməz” insan olaraq görməyə başlamalarıdır. Allahın Rəhman və Rəhim adını, tövbələri qəbul edən, sonsuz ehsan sahibi olduğunu unudan bu insanları şeytan davamlı təhrik edir və günah işləyən insana “sən onsuz da günahkarsan, artıq düzəlməyin mümkün deyil, bunu belə qəbul et” vəsvəsəsi verir.

Daha sonra da “necə olsa bir dəfə günah etdin, təkrar etsən heç nə itirməzsən” kimi aldatmalarla çox böyük bataqlığın içinə çəkir. İnsanın günahı ikidirsə, şeytan bunu dərhal dördə, səkkizə, on altıya çıxarmağa çalışır. İnsanın günahı ilə Allaha qarşı duyduğu xəcalət hissini istifadə edir və bunu o insanı Allahdan tamamilə uzaqlaşdırmaq üçün sui-istifadə edir.

Ancaq şeytanın hər hiyləsi kimi bu da zəifdir. Çünki bir insanın günah etməsi, o adamın artıq doğru yolu tapa bilməyəcəyi mənasını vermir. Ən böyük günahları dəfələrlə etmiş olsa da, nəticədə hər zaman peşman olub Allaha yönəlmə imkanı var. Allah, günahlarından dolayı səmimi şəkildə tövbə edən, yəni bağışlanma diləyib artıq o günahı etməməyə əzm göstərən hər kəsi bağışlayacağını Quranda xəbər verib:

Kim etdiyi (bu) haqsız əməldən sonra tövbə edib özünü islah edərsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Maidə surəsi, 39)

İman gətirib saleh əməl işləyənlərə gəldikdə, onlar üçün bağışlanma və bol ruzi vardır. (Həcc surəsi, 50)

Şübhəsiz ki, görmədikləri halda Rəbbindən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk surəsi, 12)

Sonsuz rəhmət sahibi olan Rəbbimiz tövbə imkanının hər insana verildiyini bizlərə bildirmişdir. Məsələn Allah, iman etdikdən sonra yolunu azaraq, qızıldan büt düzəldib ona sitayiş edən yəhudilərin tövbəsini qəbul etmiş və onları bağışlamışdır:

O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və nəfsinizi öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir. (Bəqərə surəsi, 54)

Allah ayələrdə, qəflətə qapılıb səhv edən və ardından səmimi olaraq tövbə edib bağışlanma diləyən adamın bağışlanacağını ifadə edir. Möminlərin etdikləri qüsurun dərəcəsi hansı ölçüdə olsa da səmimi olaraq peşmanlıq duyduqları təqdirdə Allahın rəhmətindən ümidlərini kəsməmələrini ayədə belə müjdələnir:

De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir. Sizə əzab gəlməmişdən əvvəl Rəbbinizə dönün və Ona təslim olun! Yoxsa sonra sizə yardım olunmaz. Fərqində olmadığınız bir vaxtda qəflətən sizə əzab gəlmədən əvvəl Rəbbinizdən sizə nazil edilənin ən gözəlinə (Qurana) tabe olun! (Zumər surəsi, 55)

Allahın bağışlayan sifəti, Rəbbimizin insanlara təqdim etdiyi ən böyük nemətlərdən və asanlıqdan biridir. İnsanın ümidsizliyə qapılıb etdiyi səhvlərdən sonra özünü bir daha düzəldə bilməyəcəyini düşünməsi anormal aldanmadır. Allahın şəfqətini, mərhəmətini, bağışlayıcı olmasını göz ardı edən insan özünə zülm etmiş, eyni zamanda da, Quran əxlaqının gərəyini tətbiq etməmiş olar.

Etdiyi səhvlər qarşısında bunlardan dərhal əl çəkən və Qurana uyğun hərəkət edən, bunları dərhal düzəldən səmimi möminlərin axirətdəki dərəcələrini yüksəldər, onları yetkinləşdirər, nöqsan və acizliyini, Allaha qulluq etməyi daha yaxşı dərk etmələrini təmin edər. Əhəmiyyətli olan insanın günahında israr etmədən dərhal peşman olub tövbə etməsidir. Ayələrdə Rəbbimiz saleh əməllər edən, zəkatı verən, qısaca Quran əxlaqını yaşayanları bağışlayacağını və Rəhmətinə daxil edəcəyini bildirir:

Həqiqətən, Mən tövbə edib iman gətirən, yaxşı işlər görən sonra da doğru yolda gedən kimsəni bağışlayanam! (Taha surəsi, 82)

Ancaq bundan sonra tövbə edib özlərini islah edənlər istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Nur surəsi, 5)

Hər kim mömin olaraq saleh əməllər etmişsə, o nə haqsızlığa məruz qalmaqdan, nə də (əməllərinin) əskilməsindən qorxar. (Taha surəsi, 112)

Namazı qılın, zəkatı verin və elçiyə itaət edin ki, sizə rəhm olunsun! (Nur surəsi, 56)

İman gətirib yaxşı işlər görənlərə gəldikdə, əlbəttə, Biz onların günahlarını örtər və etdikləri əməllərin daha gözəli ilə onları mükafatlandırarıq. (Ənkəbut surəsi, 7

Bu, Allahın onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırması və Öz lütfündən onlara daha çox verməsi üçündür. Allah dilədiyinə saysız-hesabsız ruzi verər. (Nur surəsi, 38)

Bir insan etdiyi günaha görə tövbə etdikdən sonra da, yenidən qəflətə düşüb eyni günahı işləyə bilər. Bəlkə bu dəfələrlə təkrarlanar. Amma son bir dəfə tövbə edib o günaha bir daha dönmədiyində, tövbəsinin qəbul edilməsini Allahdan ümid edə bilər.

Ancaq hər mövzuda olduğu kimi bu mövzuda da əsas olan səmimiyyətdir. Bəzi insanların, “mən günah etməyə davam edim, sonra yaşlandıqda, bir gün tövbə edərəm” şəklindəki səhv düşüncəsi isə çox böyük səmimiyyətsizlikdir və sonu hüsranla nəticələnə bilər. Allah bu cür düşünənləri Quranda belə xəbərdar edir:

Allahın qəbul etdiyi tövbə yalnız bilmədən pis bir iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir. Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, – deyən kimsələrin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

Bu ayələrdən məlum olacağı kimi, səhv edən, günaha girən mömin, tövbə edib Allahdan bağışlanma dilədiyi təqdirdə kədərlənib ümidsizliyə düşməməlidir. Çünki ümidsizlik Allahın razı olmadığı davranışdır. Səhv etdikdən sonra Quran əxlaqına uyğun hərəkət edən möminin şövq, həyəcan və sevinci itməz, hətta tam əksinə daha da artar. Allah Quran ayələrində müsəlmanları bu şəkildə xəbərdar edir:

Əgər Allahın sizə olan lütfü və mərhəməti olmasaydı (halınız necə olardı)?! Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, hikmət sahibidir. (Nur surəsi, 10)

Allahın sizə lütfü və mərhəməti olmasaydı (halınız necə olardı)? Şübhəsiz ki, Allah şəfqətlidir, rəhmlidir. Ey iman gətirənlər! Şeytanın addımlarını izləməyin! Kim Şeytanın addımlarını izləyərsə, həqiqətən, o, çirkin işləri və pisliyi əmr edər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kim əsla təmizlənə bilməzdi. Lakin Allah dilədiyi kimsəni təmizləyər. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir. İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir. (Nur surəsi, 20-22)

Ayələrdə bildirilən, möminlərin şövq və həyəcanlarını artıran çox gözəl müjdələrdir. İman sahibləri həyatının hər anında Allahın bu sonsuz üstünlük və Rəhmətini hiss edər, Allahın rəhməti sayəsində gözəl həyat davam etdirə bildiklərini unutmazlar.

Onların Allaha olan duasındakı səmimiyyətin, nemətlərə şükür edərkən hiss etdikləri şövqün və dərin imanın ən əhəmiyyətli səbəblərindən biri də, Allahın Rəhman və Rəhim sifətlərini həyatının hər anında yaxından hiss etmələridir. Quran əxlaqını yaşamayan, Rəbbimizin ən gözəl sifətlərini təqdir edə bilməyən insanlar isə Allahın Rəhman və Rəhim sifətlərindəki ehtişamı qavraya bilməzlər.