Allaha təvəkkül

Mömin qarşılaşdığı hər hadisəni Allahın imtahan məqsədilə xüsusi yaratdığını bilməli, Allaha

Mömin qarşılaşdığı hər hadisəni Allahın imtahan məqsədilə xüsusi yaratdığını bilməli, Allaha təvəkkül etməli və Onun rizasına ən uyğun şəkildə davranmalıdır.

Allah Günəş sistemindən tutmuş bütün kainata qədər hər şeyi insana xidmət etmək üçün yaratmışdır. Bu qədər açıq dəlillər varkən insan həyatının bir məqsədi olmadığını düşünmək böyük cəhalətdir. Əlbəttə, insanın bir yaradılış məqsədi var və bu məqsədi Allah belə açıqlayır:

Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56)

İnsanların çox azı yaradılış məqsədini qavrayır və buna uyğun şəkildə yaşayır. Allah dünya həyatımızı bu məqsədə uyğun şəkildə yaşayıb-yaşamayacağımızı sınamaq üçün yaratmışdır. Allaha könüldən qulluq edənlərlə Ona üsyan edənlər bu sınaq nəticəsində ortaya çıxacaqlar. İnsana verilən bütün imkanlar (bədəni, duyğu orqanları, mal-mülkü) bu imtahan üçündür. Bir ayədə Allah belə buyurur:

Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik. (İnsan surəsi, 2)

İnsanın dünyadakı vəzifəsi Allaha və axirətə iman gətirmək, Allahın Quranda bildirdiyi kimi gözəl əxlaq sahibi olmaq, Allahın qoyduğu hədlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır. Allahın əmrlərini kimlərin yerinə yetirəcəyini ancaq yaşadığımız bu dünya həyatındakı imtahan nəticəsində görə biləcəyik. Allah insanlardan həqiqi və səmimi iman istədiyi üçün insan ancaq “iman gətirdim” deməklə dərin imana sahib ola bilməz. İnsan Allaha və Onun dininə həqiqətən iman gətirdiyini göstərmək üçün şeytanın bütün cəhdlərinə baxmayaraq, doğru yoldan dönməməlidir. İnsan inkar edənlərə tabe olmamalı, öz nəfsinin həvəslərini Allahın rizasından üstün görməyəcəyini sübut etməlidir. Bunu isə qarşısına çıxan hadisələrə göstərdiyi münasibətlə ortaya qoyacaqdır. Allah iman gətirən insanın qarşısına bəzi çətinliklər çıxaracaq, bunlara qarşı göstərdiyi münasibətlə onu imtahan edəcəkdir. Bu həqiqət Quranın bir ayəsində belə izah edilir:

İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” – deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər? (Ənkəbut surəsi, 2)

Allah Quranın başqa bir ayəsində iman gətirdiyini söyləyənləri sınayacağını belə bildirir:

Yoxsa Allah sizdən cihad edənləri və (çətinliklərə) səbir edənləri bilib ayırd etmədən cənnətə girəcəyinizimi zənn edirsiniz?! (Ali İmran surəsi, 142)

İman gətirən bir insanın qarşılaşdığı çətinliklərə təəccüb etməsi, əlbəttə, doğru deyil. Bu çətinliklər günlük həyatın sanki adi görünən problemləri də ola bilər, yaxud ilk baxışda böyük fəlakət kimi görünən hadisələr də. Mömin bütün bunlara imtahan gözü ilə baxmalı, Allaha təvəkkül etməli və Onun rizasına uyğun şəkildə davranmalıdır. Bir ayədə möminlərin qarşılaşacaqları çətinliklərdən belə bəhs edilir:

Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver! (Bəqərə surəsi, 155)

Sadəcə çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın yaratdığı imtahandır. Allah verdiyi hər nemət qarşısında insanın Ona şükür edib etmədiyini sınayır. İnsan həm çətinlik, həm də nemətlərə sahib olduğu zaman daim aləmlərin Rəbbi olan uca Allaha şükür edib Onun əmrlərini yerinə yetirməlidir.