Din Allah qorxusu əsasında qurulmuşdur. Ancaq Allahdan lazımi qədər qorxanlar dində səmimi ola bilərlər. Çünki Qurana baxdığımız zaman səmimiyyətin Allahdan qəlbi titrəyərək qorxu duyan və sadəcə Allahın razı olduğu davranışa yönələn insana məxsus olduğunu anlayırıq. Heç bir şey səmimi mömini əsl məqsədindən döndərə bilməz. Allah ayədə ən xeyirli rəftarın bunun olduğuna diqqət çəkmişdir:
Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)
Qurana baxdığımız zaman möminlərin heç vaxt səhv etməyən insanlar deyil, əksinə səhv edə bilən, amma dərhal tövbə edərək bağışlanma diləyən insanlar olduqlarını görərik. Allaha qarşı qəlbi titrəyərək qorxu duyan mömin yaşadığı hər an istənilən davranışın ən gözəlini etmək üçün səy göstərir. Bunu edərkən unudub yanıla bilər, ya da səhvə yol verə bilər ki, Quranda möminlərin böyük və ya kiçik bir çox səhvlərindən bəhs edilir. Lakin əsas məsələ, edilən səhvdən səmimiyyətlə, bir daha əsla təkrar etməməyə qərar verərək imtina etməkdir. İnsanın bir dəfə iman edib sonra bütün həyatını günah etmədən yaşaması mümkün deyildir; dünya imtahan və tərbiyə yeridir. Bundan əlavə, mömin səhv etdiyi zaman hər dəfə Allaha qarşı acizliyini dərk edər. Buna müvafiq olaraq, hər cür səhvi etsə belə, peşman olan, səmimi və dürüst olaraq tövbə edən, davranışlarını düzəldənləri Allah Quranda bağışlayacağını vəd etmişdir.
İslam dini, insanların ən azad və rahat şəkildə yaşamalarını təmin edir. Halbuki, səhvlərə qarşı göstərilən reaksiyalara görə, insanların çoxu davranışlarını cəmiyyətin meyarlarına görə müəyyənləşdirir. Səhv edən özünü nə qədər dəyişdirsə də, cəmiyyətin ona baxışı o qədər də dəyişməz. İnsan etdiyi yanlış rəftarla az qala damğalanır. Bu da cahil insanı səmimiyyətsizliyə aparır. İnsan hiyləgər üsullarla özünü insanların gözündə böyütməyə çalışır. Daima insanların özü haqqında nə fikirləşəcəklərini hesablayır.
Halbuki, bu cür zülmdən qurtulmağın ən əsas şərti Allaha qarşı səmimiyyət və dürüstlükdür. Çünki din “insanlar nə deyər” mövzusunu tamamilə aradan qaldırır və möminləri səmimiyyəti azaldan, dürüstlüyün qarşısını alan hər cür hərəkətdən uzaqlaşdırır.
O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb dərhal günahlarının bağışlanmasını diləyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar etdikləri (pis əməllərdə) bilə-bilə israr etməyənlərdir. (Ali İmran surəsi, 135)
Səmimiyyət ancaq vicdanla düşünərkən və Allahın hər zaman onu izlədiyini dərk edərək üzə çıxar. İnsanların düşüncə və istəklərinə görə hərəkətlərinizi müəyyənləşdirməyin sizi səmimiyyətdən uzaqlaşdıracağını unutmayın. Allahı unudub insanların razılığını nəzərdə tutaraq edilən bütün hərəkətlər səmimiyyəti zədələyəcəkdir. Allahın öz qullarını hər an gördüyünü, bildiyini və hərəkətlərinə şahid olduğunu heç vaxt yaddan çıxarmadan Qurana görə hərəkət etmək isə səmimiyyəti gətirəcəkdir.
Şeytan daha çox insanlar arasında alçalma, ədalətsizliyə məruz qalma, zərər gəlmə kimi düşüncələrlə insanları səmimiyyətsizliyə sürükləyir. Halbuki, bu, boş və əsassız qorxudur. Çünki mühüm olan Allahın razı olması və bağışlamasıdır ki, dünyada da, axirətdə də cəza və mükafat yalnız Allahdandır. Hər kəs səhv edə bilər. Mühüm olan xatırladıqdan və anladıqdan sonra bu səhvinə görə Allaha tövbə edib səhvindən əl çəkməkdir. Heç bir səhvə yol verməyən insan olmadığına görə, Allaha qarşı ən səmimi və dürüst davranan ən üstün olacaqdır. Allah bir ayəsində belə buyurur:
Rəbbiniz qəlbinizdə olanları daha yaxşı bilir. Əgər siz əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O da (Özünə) yönəlib dönənləri Bağışlayandır. (İsra surəsi, 25)
Səmimi insan etdiyi hər səhvdə Allaha qarşı acizliyini bir daha xatırlayaraq Allaha yönəlib dönər. Çünki səhvləri bağışlayacaq olan yalnız Allahdır, insanlar deyil. Başqa bir deyişlə, insan səhvinə görə Allaha səmimi olaraq tövbə etdikdən sonra artıq onun üçün insanların nə fikirləşdiklərinin heç bir əhəmiyyəti yoxdur. İnsanların haqqında nə fikirləşdiklərinə əhəmiyyət verən, onların razılığının ardınca düşən kəslər səhvlərini örtmək üçün yalanlar deyərək daha bir çox səhvə sürüklənirlər. Halbuki, əslində, insanları aldatmış olsalar belə, Allah hər şeyi bilir. Siz dürüst olmayan, səmimiyyətsiz insanların ən çox özlərinə zülm etdiklərini heç vaxt unutmayın. Allah heç kəsə gücünün yetdiyindən artıq bir şey yükləməmiş, səmimi olan insanların unutduğu və ya yanıldığı zaman etdikləri xətaları isə bağışlayacağını vəd etmişdir. Bu, Rəbbimizin inananlara böyük müjdəsidir. Allah bir ayəsində belə buyurur:
Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. Kafirlər qövmünə qarşı bizə yardım et!” (Bəqərə surəsi, 286)
Həmçinin unutmayın ki, insanın həqiqi səmimiyyətlə bağlanmalı olduğu yalnız Allahdır. Bir insan cahil ola bilər, Allahı razı etmək üçün yerinə yetirməli olduğu bəzi şeyləri də bilməyə bilər. Amma Allah səmimi olaraq Ona yönələn bəndələrinə mütləq doğrunu göstərər, onları hidayətə çatdırar. Mühüm olan insanın səmimi qəlblə Allaha bağlanmasıdır.
Kim yaxşı əməl sahibi olaraq üzünü (özünü) Allaha təslim edərsə, artıq, həqiqətən, o, qopmayan bir dəstəkdən yapışmışdır. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman surəsi, 22)
Elə isə siz də qarşınıza çıxan saysız xatırlatmaları görməzlikdən gəlməyin və Allaha səmimi qəlblə yönəlməyin dünyada və axirətdə tək qurtuluşunuz olduğunu unutmayın.

