Dua rəbbimizin Rəhman və Rəhim adının çox üstün təcəllisi, möminlərə çox böyük lütfüdür. Çünki insan Allaha dua edərək səmimi imanını, sevgisini və qorxusunu ifadə edə bilər. Tək dost və vəli olaraq Ona təslim olduğunu, yalnız Ondan mədət umub Ondan kömək dilədiyini göstərə bilər. Din əxlaqından uzaq cəmiyyətdə, Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilib. İnsanlar, hər an Allaha yönələ biləcəkləri halda, bunun üçün zamanlar təyin etmiş və ya araya vasitələr qoymuşlar. Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edər:
Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, – deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz. (Zumər surəsi, 3)
Allaha dua etmək üçün müxtəlif vasitələrə gərək olduğunu deyən kəslər, əslində dini çətin göstərərək insanları doğru yoldan sapdırmaqdadırlar. Çünki “Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq.” (Qaf Surəsi, 16) ayəsi ilə bildirildiyi kimi, insana ən yaxın olan daim Allahdır.
Yəni insan hər dilədiyi zaman Allaha yönələ bilər, dua ilə kömək diləyə bilər. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz səmimi qəlb ilə dua edən bəndəsinın duasına qarşılıq verəndir. İnsan Allahın varlığını və yaxınlığını hiss edərək dua etməlidir. Çünki ancaq Allahın varlığının fərqində olan insan duanın mənasını və əhəmiyyətini qavrayar.
Duanın xüsusiyyəti, Allah ilə bəndəsi arasında xüsusi və yaxın əlaqə qurmasıdır. İnsan bütün çətinliklərini və istəklərini Allaha açar, Ona yalvarar və Allah da onun istəyinə qarşılıq verər, duasını qarşılıqsız buraxmaz. Dua etmək üçün xüsusi vaxtlar gözləmək, xüsusi dua formaları yaratmağa ehtiyac yoxdur. Hər an, hər dəqiqə və hər yerdə Allaha dua edilə bilər.
İnsan bir yerdən başqa yerə gedərkən, alış-veriş edərkən, yemək hazırlayarkən, televizor seyr edərkən, liftdə ikən, bir yerdə gözləyərkən, gecə uzandığı zaman, səhər oyandığında, nahar edərkən, avtomobil istifadə edərkən, qısaca hər yerdə və hər zaman Allaha dua edərək, Allahdan istədiklərini ifadə edə bilər. Bunun üçün, ağlından keçirməsi belə kifayətdir, çünki Allah insanın köksündə gizlətdiklərini bilən, hər şeydən xəbərdar olandır.
Mömin, Allahın onu eşitdiyini, gördüyünü, düşüncələrini bildiyini bilərək dua edər. Buna görə də, mömin içindən keçirdiyi bir anlıq düşüncəni belə Rəbbimizin bildiyini bilərək bu əhəmiyyətli ibadəti, yer, zaman ayırd etmədən istədiyi formada edə bilər. Belə əhəmiyyətli bir ibadətdə Allahın verdiyi asanlıq mömin üçün lütfdür.
Dua deyildikdə ağla, insanın Allahı zikr etməsi, Allaha qüsurlarını etiraf etməsi, özünün və möminlərin ehtiyaclarını istəməsi, dilə gətirməsi gəlir. Bunun üçün isə duada Allaha qarşı səmimi üslub olmalıdır.
Allahın əzəmətini hiss edən, Onun əzabından qorxan və razılığını qazanmağı istəyən insan, qəlbindən gələn səmimi və dürüst ifadələrlə Ona yönələr. Eyni şəkildə Allaha təslim olmuş, dost və köməkçi olaraq Onu mənimsəmiş olan insan, hər cür çətinliyini və dərdini Ona açar. “… Mən qəm-qüssəmi yalnız Allaha ərz edirəm…” (Yusif surəsi, 86) deyən Hz. Yaqub kimi, ruhundakı bütün çətinliklərini və tələblərini Ona deyər, hər cür yardım və xeyri Ondan istəyər. Dua əsnasında əhəmiyyətli olan insanın həmin an ruh halı, niyyəti və səmimiyyətidir.
Dua, mömin üçün çox böyük nemətdir. Mömin etdiyi hər işdə Allaha yönəlib dönər. İçdən və yalvararaq dua edər. Ən çətin şərtlərdə belə, imanlı bir insan əsla ümidsizliyə qapılmadan, Allahdan güc, qüvvət və səbir diləyər. Allahın hər zaman, hər şeyin ən xeyirlisini yaratdığını bilərək ümidlə və qorxu ilə yalnız Allaha yalvarar.
Allahdan istədiyi hər şeyin ən xeyirli şəkildə sona çatacağını bilər. Bütün güc Allahın əlindədir. Bir şeyin olub olmaması yalnız Allahın diləməsinə bağlıdır. Mömin bunu bilərək Rəbbimizə dua etdiyi təqdirdə, Allah o insanın duasına onun üçün ən xeyirlisi və ən gözəli ilə qarşılıq verər. Rəhman və Rəhim olan Allah, ehtiyacı olan insanların həmişə Özünə yönəldikləri təqdirdə işlərini asanlaşdıracağını bu ayə ilə bildirir:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz! (Nəml surəsi, 62)
Allahın bəndələrinə verdiyi bu sonsuz imkan heç şübhəsiz ki, sonsuz rəhmətinin təcəllisidir. Allah Quranda insanlara yaxınlığını, Ona yönələnlərin dostu olacağını və dua edənin duasına şübhəsiz qarşılıq verəcəyini bir çox ayəsi ilə bildirir. Bəndələrinə şah damarından daha yaxın olan Allah, bütün insanları dua etməyə çağırır. Dua ilə Allahdan kömək istəmək, Allahın lütfü və insanlara verdiyi çox böyük nemətdir. Quranda bu şəkildə bildirilir:
Bəndələrim Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Bəqərə surəsi, 186)
Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Şübhəsiz ki, Mənə ibadət etməyi tərk edib təkəbbürlənənlər zəlil bir halda cəhənnəmə girəcəklər”. Dincəlməyiniz üçün gecəni, görə bilməyiniz üçün də gündüzü yaradan Allahdır. Həqiqətən, Allah insanlara qarşı lütfkardır. Lakin insanların çoxu şükür etməz. (Mömin surəsi, 60-61)
Möminlərin, Allahın bu rəhməti və neməti üzərində bir daha düşünərək Allahın razılığına uyğun yaşamaları lazımdır. Çünki Allahın verdiyi bu asanlıq elə böyük və sonsuz bir imkandır ki; hər şeyin Hakimi, sahibi olan tək güc sahibi Allah, insanlara istədikləri hər şeyə cavab verəcəyini vəd edir. Və Allah qəti olaraq vədindən dönməz. Ayələrdə Rəbbimizin peyğəmbərlərin və saleh möminlərin dualarına cavab verdiyini bildirilir. Ayədə Hz. Zəkəriyyə barədə bu şəkildə bildirilir:
Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik. Zəkəriyyanı da (yad et)! Vaxtilə o: “Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!” – deyərək Rəbbinə səslənmişdi. Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər. (Ənbiya surəsi, 88-90)
İnsanların, heç gözləmədikləri bir fəlakətlə qarşılaşdıqda, amansız bir xəstəliyə tutulduqda, əhəmiyyətli bir imtahan əsnasında, qısaca çarəsiz qaldıqlarını hiss etdikləri çətinlik anında ağıllarına ilk gələn Allaha sığınmaqdır. Bunun tək səbəbi vardır: Qarşılaşdıqları böyük fəlakətdirsə, özlərinə köməyin ancaq Allahdan gələ biləcəyinin qəti olaraq dərk etmələri…
Əllərindəki bütün imkanlarını səfərbər etsələr də çarələri tükənmişdir. Allahdan kömək diləmək xaricində edə biləcəkləri başqa heç bir şey olmadığını bilməkdədirlər. Məhz buna görə də, belə anlarda insanların Allaha yönəlişi; qarşılıqsız və səmimidir.
Amma bu problem ortadan qalxıb, işləri qaydasına düşdüyündə, insanların bir çoxu daha əvvəl sanki heç Allaha yalvarmamış kimi əvvəlki qafil hallarına geri qayıdarlar. Allahın köməyinə möhtac, acizlik içində olan sanki özləri deyilmiş kimi üsyankar ola bilər, sanki heç ölməyəcəkmiş kimi bundan heç çəkinmədən yaşaya bilirlər. Halbuki başlarına bir başqa fəlakət gələcək olsa, çətin vəziyyətdə qalacaq olsalar yenə Allaha sığınacaqlar.
Onların bu nankor halı, çətinliyi və ya fəlakəti həmin anda yaşamadığından qaynaqlanır. Şərtlərin düzəlmiş olması özlərini aldadaraq, onlara əvvəlki aciz hallarını unutdurmuşdur. Ancaq sonsuz ədalət sahibi olan Allah onların bu nankorluğunun qarşılığını da mütləq verəcək. Rəbbimiz bir ayədə belə bildirir:
De: “Əgər duanız (ibadətiniz) olmazsa, Rəbbim sizə nə üçün dəyər versin! (Ey kafirlər!) Siz (haqqı) təkzib etdiniz. Buna görə də (sizə əzab) vacib olacaqdır!” (Furqan surəsi, 77)
Şübhəsiz dua, heç bir ayrı-seçkilik olmadan insanların hamısına verilmiş bir fürsət, çox böyük nemətdir. Ancaq inkarçıların böyüklük qüruru onları Allaha qarşı üsyan etməyə sürüklədiyindən, bu dua nemətindən məhrum qalar və həyatının böyük əksəriyyətini çətinlik və əzab çəkərək, çarəsizlik içində və ümidlərini itirmiş şəkildə keçirərlər.

