Allah yolunda infaq

İnsanı maddi və mənəvi kirlərdən təmizləyən, nəfsini tərbiyə edərək Allahın razı olduğu əxlaqı

İnsanı maddi və mənəvi kirlərdən təmizləyən, nəfsini tərbiyə edərək Allahın razı olduğu əxlaqı mənimsəməsinə səbəb olan ən əsas ibadətlərdən biri də Allah yolunda xeyirli işlər üçün malından sərf etməkdir. Allah Peyğəmbərə möminlərin mallarından sədəqə almasını, bu yolla onların təmizlənməsini bildirmişdir. Ayədə belə hökm verilir:

Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan. Onlar üçün dua et! Şübhəsiz, sənin duan onlar üçün bir təskinlikdir. Allah hər şeyi eşidəndir, biləndir. (Tövbə surəsi, 103)

Ancaq insanların təmizlənməsinə səbəb olan sədəqələr Quranda bildirildiyi kimi edilən xərclərdir. İnsanlar yolda gördükləri dilənçilərə xırda pul bir az verdikdə, köhnə paltarlarını bir-iki kasıba payladıqda və ya ac adamları doydurduqda üzərilərinə düşən məsuliyyəti artıqlaması ilə yerinə yetirdiklərinə inanırlar. Bunların hamısı Allahın razılığını qazanmaq üçün edildikdə Allah qatında savabı olan əməllərdir. Ancaq Allahın Quranda bildirdiyi hədlər var. Məsələn, Allah ehtiyacdan artıq qalanını Allah yolunda sərf etməyi bildirir:

…Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz. (Bəqərə surəsi, 219)

İnsanın dünya həyatında yaşaması üçün lazımi ehtiyacları çox azdır. İnsanın ehtiyacları üçün lazım olan miqdardan artıq əlində olan mal ehtiyacdan artıq qalan maldır. Nəyin sərf edilməsi deyil, insanın səmimi şəkildə verə biləcəyi nədirsə, onu verməsi əsasdır. Allah hər şeyin doğrusunu bilir və ehtiyaclarından artıq qalan miqdarın nə olduğunu tamamilə insanların ağlına və vicdanına həvalə etmişdir. Dünya həvəsi olmayan, əvəzində axirəti satmış insanlar üçün Allah yolunda malından sərf etmək çox asan ibadətdir. Allah dünya həvəsi olanların və ya içində bir az da olsa dünyaya bağlananların mallarından Allah yolunda sərf edərək təmizlənmələrini və dünya həvəsindən əl çəkmələrini istəyir. Şübhəsiz ki, bu, möminlərin axirəti üçün çox mühüm ibadətdir.

İnsanlar başqalarına yaxşılıq etdikdə həmin yaxşılığın özlərinə edilməməsini istəyirlər. Məsələn, ehtiyacı olana əşya verən adam özünün xoşlamadığı, bəlkə heç istifadə etmədiyi şeyləri verir.

Allah insanın özünə münasib bilmədiyi, köhnə, yararsız hesab etdiyi mallarını deyil, sevdiyi, bəyəndiyi əşyalarını verməsini əmr etmişdir. Bəzi insanlara sevdiyi şeyləri vermək çətin ola bilər, ancaq insan təmizlənməsi və xeyir qazanması üçün belə fədakarlıq etməlidir. Bu, Allahın bizə bildirdiyi mühüm sirdir. Allah bundan başqa yolla insanın əsla xeyrə qovuşmayacağını bildirmişdir:

Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir. (Ali İmran surəsi, 92)

Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir. (Bəqərə surəsi, 267)

Bir müsəlman üçün heç nə Allahın razılığından və Onun sevgisini qazanmaqdan daha üstün deyil. Mömin həyatı boyu daima onu Allaha yaxınlaşdıran vəsilələr axtarır. Allah bir ayədə möminlərə belə bildirir:

Ey iman gətirənlər! Allahdan qorxun, ona vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)

Allah Quranda möminlərə sirr və müjdə kimi mallarından xərclədikləri sədəqələrin Ona yaxınlaşmağa səbəb olduğunu bildirmişdir. Odur ki, xoşladığı şeylərdən və ehtiyacından artıq qalandan sərf etmək müsəlmanlar üçün çətin deyil, əksinə, Allaha sədaqət və sevgilərini göstərmək üçün çox dəyərli fürsətdir.

Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və Peyğəmbərin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Tövbə surəsi, 99)

Allah Onun yolunda malından xərcləməklə bağlı bir sirr də verir: İnsanın fədakarlıq edərək malından sərf etdiyi şey mütləq özünə geri qayıdacaq. Bu, Allahın mühüm vədidir. Allah Onun yolunda yoxsulluq qorxusu keçirmədən mallarını sərf edən insanlara həyatı boyu heç gözləmədikləri nemətlərlə ruzi verəcək. Xeyir üçün sərf etdikləri hər şey xeyir kimi özlərinə qayıdacaq. Allahın bu vədinin bildirildiyi ayələrdən bəziləri belədir:

Onları hidayətə çatdırmaq sənə aid deyil (Sənin vəzifən yalnız haqqı təbliğ etməkdir). Lakin Allah dilədiyi kimsəni hidayətə çatdırar. Malınızdan nə infaq etsəniz, özünüz üçündür. Siz yalnız Allahın rizasını qazanmaq üçün infaq edirsiniz. Malınızdan (Allah yolunda) nə infaq etsəniz, (əvəzi) sizə tam ödəniləcək və siz əsla haqsızlığa məruz qalmayacaqsınız. (Bəqərə surəsi, 272)

…Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız. (Ənfal surəsi, 60)

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, (istədiyinə də) onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba surəsi, 39)

Möminlər mallarını və canlarını Allah yolunda sərf edərkən Allahın rizasını və cənnətini istəyirlər, ancaq ayələrdən göründüyü kimi, Allah onlara Onun yolunda nə xərcləsələr, əvəzini verəcəyini bildirir. Ayədə bildirildiyi kimi, Allah əvəzinə başqasını verir. Bunlar həm dünyadakı nemətlər, həm də Allahın cənnətdə möminlər üçün hazırladığı nemətlərdir. Xəsislik edib mallarından Allah yolunda xərcləməyən və ya Allahın hədlərini aşaraq mallarını artırmağa çalışanların isə Allah bərəkətini azaldar. Bununla bağlı ayələrdən biri faiz alanların vəziyyətini izah edir:

Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz. (Bəqərə surəsi, 276)

Allah Öz yolunda malından sərf edənlərin Allah dərgahındakı mükafatını başqa ayələrində belə bildirir:

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. (Bəqərə surəsi, 261)

Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə nail olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz! Mallarını Allahın razılığını qazanmaq və nəfslərini sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi görəndir! (Bəqərə surəsi, 264-265)

Bu ayələrin hər biri Allahın Quranda iman gətirənlərə bildirdiyi sirlərdir. İman gətirənlər ancaq Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün mallarından sərf edirlər. Allahın ayələrdə bildirdiyi bu sirləri bildiklərinə görə, Allahın bərəkətinə və rəhmətinə ümid bəsləyirlər. Onlar Allah yolunda mallarını və canlarını sərf etdikcə, halal-harama diqqət etdikcə Allah onların zənginliyini artırır, işlərini asanlaşdırır, Allah yolunda sərf etmək üçün daha çox imkanlar yaradır. Bu sirrə heç bir narahatlıq və gələcək qorxusu keçirmədən, Allahdan qorxub-çəkinərək Allahın hədlərini qoruyan hər mömin öz həyatında şahid olar.