Allah yetər

Allah günahlarına görə səmimi peşman olan hər kəsin tövbəsini qəbul edir, onları bağışlayır

Allah günahlarına görə səmimi peşman olan hər kəsin tövbəsini qəbul edir, onları bağışlayır. Allah sonsuz mərhəmət sahibidir. Quranın bir ayəsində Rəbbimiz bu həqiqəti bizə “Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər” (Nəhl surəsi, 61) sözləri ilə bildirir.

Allah həm sizə, həm də bütün insanlara bir zaman vermişdir. Əsl iman edənlər üçün bu çox xeyirli müddətdir. Allahdan qorxub-çəkinən hər insan günah etdikdə Allaha tövbə edib, Ondan bağışlamasını diləyə bilər, günahlarının bağışlanmasına ümid edə bilər. İnsan tövbəsində səmimi olduğu zaman Allah hər günahı bağışlayır. Allahın sonsuz bağışlaması Quranda belə bildirilmişdir:

Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı, halınız necə olardı! (Nur surəsi, 10)

Allah sonsuz bağışlayan olduğuna görə insan üçün hər zaman qurtuluş ümidi vardır. Tövbələri qəbul edən, fəzl və rəhmət sahibi olan Rəbbimiz insanlara olan mərhəmətindən ötrü onlara həyatı boyu qurtuluş imkanı vermiş, tövbələrini qəbul edəcəyini bildirmişdir. Allahın bütün nemətlərinə və rəhmətinə baxmayaraq, Allahı unudanlar, Ona möhtac olduqlarını dərk etmədən yaşayanlar həqiqətən qəflətdədirlər.

Allaha səmimi qəlbdən bağlanan, Onun yolunda olan hər insan Rəbbimizin onu qoruduğunun, hər an onun yanında olduğunun şahidi olar. Allah səmimi şəkildə haramdan çəkinən və halala uyğun olan hər işdə möminlərin yolunu açar, onlara asanlıq verər. Allah Quranın bir çox ayəsində möminlərə mütləq kömək edəcəyini, onları qoruyacağını və daim üstün mövqeyə gətirəcəyini vəd etmişdir.

… Möminlərə kömək etmək Bizə vacibdir! (Rum surəsi, 47)

Allahın hər an köməyi ilə dəstəklədiyi möminlərə dair ən gözəl nümunələrdən biri hz. Musanın həyatıdır. Hz. Musa yaşadığı şəhərdən qaçandan sonra Allaha “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin hər xeyirə möhtacam!” (Qəsəs surəsi, 24) deyərək dua etmişdir.

Allah onun duasını qəbul etmişdir. Hz. Musa etibarlı insanların yanında qalmış və iş tapmışdır.

Allah hz. Musaya peyğəmbərlik verdikdən sonra hz. Musanın istəyi ilə onu qardaşı hz. Harunla dəstəkləyərək gücləndirmişdir. Firon və ordusunun hz. Musa və hz. Harunun arxasınca düşdükləri zaman Allah yenə də onlara kömək etmişdir. Allah dənizi yararaq hz. Musa və yanındakıları xilas etmiş, Firon və ordusunu isə suda boğmuşdur. Allah hz. Musa və hz. Haruna etdiyi köməyini “Saffat” surəsində belə bildirir:

Biz Musa və Haruna da nemət bəxş etdik. Onların hər ikisini böyük fəlakətdən qurtardıq. Onlara yardım etdik və onlar qalib gəldilər. (Saffat surəsi, 114-116)

Allah hz. Nuha da kömək etmiş, qövmünə gələcək tufandan onu və digər inananları qorumaq üçün gəmi düzəltməsini vəhy etmişdir. Allah hz. İsanı çarmıxa çəkərək öldürmək istəyənlərdən xilas etmiş, onu Öz Qatına yüksəldərək qorumuşdur. Allah hz. Yusifi zindandan qurtarmış, ona yüksək məqam nəsib etmişdir. Rəbbimiz Peyğəmbərimiz hz. Məhəmmədə də daim kömək etmiş, onun üzərindəki yükünü yüngülləşdirmişdir. Allah Quran ayələri ilə Peyğəmbərimizin vəlisi, qoruyucusu və köməkçisi olduğunu müjdələyərək möminlərin qəlbinə rahatlıq hissini vermişdir.

Allahın iman gətirənlərə köməyini müjdələdiyi ayələrdən bəziləri belədir:

De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?!” Onlar, özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər. (Əhzab surəsi, 17)

And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: “Onlar mütləq qalib gələcəklər”. Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar! (Saffat surəsi, 171-173)

Ey iman gətirənlər, Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər. (Məhəmməd surəsi, 7)

İnsan hər an Allaha möhtacdır. Heç bir insanın Allahdan başqa köməkçisi yoxdur. Hər hansı bir çətinliklə qarşılaşdıqda ona kömək edən də yalnız Allahdır. Allah insanlara rəhmət olaraq dünya həyatında qarşılaşacaqları çətinlikləri dəf etmək üçün bir çox nemət yaratmışdır. İnsanın bu nemətlərdən faydalanarkən bunları müstəqil güc sahibi hesab etməsi böyük yanlış olar. Çünki bütün bunları yaradan Allahdır və hər biri ancaq Allahın diləməsi ilə insanlar üçün nemət və rəhmətə çevrilir. Məsələn, xəstəliyi üçün həkimə müraciət edən bir insana, əslində, yalnız Allah kömək edir. Həkim isə ancaq Allahın diləməsi ilə insana şəfa verə bilər. Eyni şəkildə özünə vəkil tutan şəxsin də əsl vəkili ancaq Allahdır. Vəkil ancaq Allahın diləməsi ilə insanın hüquqlarını qoruya bilər və ya onun üçün ədaləti bərpa edə bilər. Əslində isə hadisələri ən gözəl şəkildə nəticələndirən və insana nemətini çatdıran yalnız Allahdır.

Hər işində daim Allaha yönələn, yalnız Rəbbimizi vəkil tutan insanın yeganə dostu və köməkçisi də yalnızca Allahdır. Allah möminlərə dilədiyi yollardan köməyini çatdırar. Bunu dərk edən insan heç vaxt insanlardan və ya başqa güclərdən mədət ummaz. Bütün köməyin Allahdan gəldiyini bilər, hər şeyi Allahdan istəyər. Bir müvəffəqiyyət qazandığında, faydalı işlə qarşılaşdığında dərhal Allaha yönəlib şükür edər, köməyinə görə Allaha minnətdar olar. Həyatı boyu Allahın köməyini və dəstəyini gördüyü və bütün hadisələri yaradanın Allah olduğunu bildiyi üçün Rəbbimizə minnətdarlıq duyar və Ona səmimi qəlbdən və dərin bir sevgi ilə bağlanar. Allah insanların əsl dostunun və köməkçisinin ancaq Özü olduğunu Quranda belə xatırladır:

…Bilmirsənmi ki, Allah hər şeyə qadirdir?! Göylərin və yerin hökmranlığının Allaha məxsus olduğunu və sizin Allahdan başqa heç bir himayəçinizin və yardımçınızın olmadığını bilmirsənmi? (Bəqərə surəsi, 106-107)