Mömin həyatını Allaha həsr etmişdir. Allah üçün yaşayar, Allah üçün çalışar və Allah üçün sevər.
“Allah üçün sevmə”nin nə olduğu, İslamı həqiqi mənası ilə bilməyən biri üçün ilk əvvəl başa düşülməyə bilər. Həyatı boyunca Allahdan uzaq olmuş, Onu tanımamış bir insan, sevgisini Allaha yönəltməyi də bilməyəcək.
Amma Allahı tanıyan və Onun böyük rəhmətini görən, Onun sayəsində var olduğunu, Allahın rəhməti sayəsində yaşadığını və sevib, xoşlandığı hər şeyin Allahdan gəldiyini fərq edən mömin, əlbəttə Allah sevgisinin və Allah üçün sevməyin üstünlüyünü dərk edər. Quranda möminlər ilə digər insanlar arasında sevgi baxımdan mövcud olan böyük fərqi Allah belə bildirmişdir:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür… (Bəqərə surəsi, 165)
Ayədə görüldüyü kimi, Allaha ortaq qoşub, Ona aid olan xüsusiyyətləri öz zehinlərində başqa varlıqlara verənlər, bu varlıqları Allahı sevdiyi kimi sevirlər. Bu sevgi, Allaha şərik qoşma (şirk) üzərinə qurulan bir sevgidir.
Var olan hər şeyin Allaha aid olduğunu və Ondan gəldiyini bilən möminlər isə ən çox Allahı sevərlər. Möminlərin, Allahı bir və tək olaraq tanıdıqlarından doğan bu böyük fərq, onların sevgi anlayışını digər insanlardan tamamilə fərqli edər. Quranda ortaq qoşanların, Allahın “bir və tək” olaraq xatırlanmasına dözə bilmədiklərini Rəbbimiz belə bildirir:
…. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)
Ancaq bunu da ifadə etmək lazımdır ki, şərik qoşanlar, yanında öz bütləri var ikən Allahın xatırlanmasından narahat olmaya bilərlər. Məsələn, “Həm müsəlmanıq, həm də həyatımızı yaşayırıq” məntiqini sevərək qəbul edərlər.
Möminin fərqinə vardığı həqiqət isə budur:
– Heç bir şey (insan, maddə, hadisə və s.) özünə aid bir gözəlliyə sahib deyil. Bütün hər şeyi yaradan Allahdır və onlara sahib olduqları xüsusiyyətləri verən də Odur. Bir insan, məsələn, öz üzünü özü hazırlayıb meydana gətirmədiyinə görə, o üzdəki gözəllik Allaha aid bir gözəllikdir.
– Allah bu gözəlliyi, yoxdan var etdiyi insana müvəqqəti (çünki o insan qısa müddətdə yaşlanacaq və öləcək) vermişdir. Axirətdə bu gözəlliyi yenidən və daha da mükəmməl bir şəkildə yaratma gücünə də yalnız Allah malikdir.
– Eynilə insan kimi, seviləcək bütün varlıqlar da Allahın yaratdığı və “sevimli” qıldığı canlılardır. Rəbbimiz, gözəlliyin həqiqi sahibinin Özü olduğunu xatırlatmaq üçün də, bu varlıqları, ölüm və qiyamətlə yox edəcək. Yenidən yaradılış isə axirətdədir.
Vəziyyət belə ikən mömin, qarşılaşdığı bütün gözəllikləri, bunların Allaha aid olduğunu və “əsli”nin axirətdə olduğunu bilərək sevər. Bu səbəbdən əsl sevgisi, sevdiyi hər şeyi ona verən və onların həqiqi sahibi olan Allaha istiqamətlidir.
Mömin olmayanların sevgisi, Allaha şərik qoşma (şirk) təməli üzərinə quruludur. Allah Quranda hz. İbrahim (ə.s)-ın söylədiyini xəbər verdiyi bu sözlərlə bu cür sevgini izah edir:
İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır”. (Ənkəbut surəsi, 25)
Bədiüzzaman Səid Nursi də bu cür bir sevgiyə sahib olanları gözəl bir örnəklə izah edir. Ona görə bu insanlar, əlindəki güzgünün köməyi ilə Günəşə baxan bir adama bənzəyər. Əlindəki güzgünün qırılaraq, Günəşdən əks olunan işıq kəsiləndə, adam işığı itirməyin qorxusu ilə özünü “yeyib bitirər”. Amma ağılsızlıq edir: Güzgüdəki işıq, güzgüyə aid deyil ki, o qırılınca işıq da yox olsun. İşıq Günəşə aiddir, güzgülər onu yalnız əks etdirir.
Mömin də bütün sevgisini Allaha yönəltməlidir. Allahı sevmək isə, Allahın sifətlərinin əks olunduğu varlıqları, bu adların Ona aid olduğunu bilərək sevməkdir.
Bu səbəbdən mömin, Allaha olan sevgisini, Allahın sifətlərini üzərində “təcəlli” etdirən və Allahın bəyəndiyi əxlaqı yaşayan möminləri sevərək göstərəcək. Bu sevgi, soy, irq kimi yaxınlıqlara, ya da hər hansı bir mənfəətə əsaslanan deyil. Yalnız Allahı sevməyin nəticəsində, Allahı sevənləri sevməkdən qaynaqlanar. Quranda, bütün möminlər arasında yaşandığı kimi, Peyğəmbərimiz (s) dövründə də səhabələr arasında yaşanan bu sevgini Rəbbimiz belə təsvir edər:
Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlblərində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır. (Həşr surəsi, 9)
Möminlər, ancaq Allahı və Allaha iman gətirənləri səmimi və qəlbdən sevərlər. Bu səbəblə, Allaha qarşı olanlara heç bir sevgi duymazlar. (Mumtəhənə surəsi, 1-4), (Tövbə surəsi, 23), (Mücadilə surəsi, 22)
Sevgisini Allah sevgisi xaricindəki meyarlardan təmizlədiyinə görə, ən çox sevəcəyi adam da Allahın razılığını ən çox axtaran, ən “təqva” (Allahdan qorxub çəkinən) sahibi olan insandır. Kim mömin xüsusiyyətlərini üzərində daha çox daşıyırsa, ən çox onu sevəcək. Qurana baxdığımızda, möminlərin ən çox, Allaha ən yaxın və ən “təqva” sahibi olan elçiləri sevdiklərini, onu hər şeydən üstün tutduqlarını görərik:
Peyğəmbər, möminlər üçün onların özlərindən daha yaxındır … (Əhzab surəsi, 6)
Möminin sevgi anlayışı iman təməlinə əsaslandığına görə, evliliyini də eyni təməl üzərinə quracaq. Bu mövzuda da möminlər ilə Allahı inkar edənlər arasında əhəmiyyətli fərq ortaya çıxar. Mömin olmayanlar, evliliyi ümumiyyətlə maddi mənfəətlər üzərinə qurarlar.
Xüsusilə qadınların evlilikdən gözlədiyi, çox vaxt özünü rahat etdirəcək “zəngin ər” tapmaqdır. Bir çox gənc qız, xarakterindən heç xoşlanmadığı halda sırf pulu və şöhrəti üçün bir kişi ilə evlənə bilər. Bu, əslində pul üçün edilən bir cür ticarət razılaşması kimidir. Tək fərq bu “müqavilə”nin ömür boyu sürəcək şəkildə bağlanmasıdır. Necə ki, çox vaxt bu da reallaşmaz və evliliklər qısa müddət içində sona çatar.
Bu cür evlilik nümunələrinə tez-tez rast gəlinir. Yalnız mal, mülk və şöhrət sahibi olduğu üçün yaşlı, varlı və ya pis əxlaqlı insanla evlənən çox sayda gənc insan var.
Mömin olmayanların evliliyi hər zaman pul üzərinə qurulmur. Yalnız fiziki xüsusiyyətlər və cinsəlliyi meyar edən çox sayda gənc qız da vardır. Bunlar, “ağ atlı şahzadə” zənn etdikləri və fiziki cazibədarlığından başqa heç bir xüsusiyyət daşımayan kişilərlə evlənərlər.
Halbuki, bu fiziki xüsusiyyətlərin hamısı qısa müddətdə yox olacaq. Evləndiyi insan bir müddət sonra yaşlanacaq, sağlamlığını, gücünü və gözəlliyini itirəcək. Mütləq yaşlanmasına da ehtiyac yoxdur: Hər hansı bir zamanda qəza keçirə bilər, şikəst qala bilər, iflic ola bilər, ölümcül xəstəliyə tutula bilər. Bu vəziyyətdə evliliyin sonu nə olacaq?
Allah rizası üçün evlilik, “şirk” üzərinə qurulan evlilikdən əlbəttə tamamilə fərqlidir. Allah üçün edilən evliliyin meyarı isə, əlbəttə mal, şöhrət, fiziki kimi müvəqqəti meyarlar ola bilməz. Evliliyini də Allahın razılığını axtararaq quracaq. Evlilik üçün seçdiyi insan da Allah rizasını ən çox qazanmasına vəsilə olacaq olan insandır. Yəni mömin xüsusiyyətlərinə ən çox sahib olan, iman və təqvaya görə ən üstün olduğuna qərar verdiyi insandır.

