Dindən uzaq həyat sürən insanlardan fərqli olaraq möminlər tövbə ibadətini tez-tez yerinə yetirirlər. İnkarçılar özlərini günahkar olmadıqlarına inandırmaq üçün tövbə etməkdən çəkinirlər. Möminlər isə Allahın bəyənmədiyi bütün əməllərdən uzaq olmaq arzusundadırlar. Lakin insan bəzən nəfsinə uyub günah iş tutur. Ancaq səhvini gördüyü an peşman olub Allahdan bağışlanma diləyir.
Allah insanı zəif yaradıb. Bəzən bilmədən, bəzən də çox yaxşı bildiyimiz halda, unudaraq günaha batır, səhv qərarlar verir,xətaya yol veririk. Çünki Allaha üsyan etməyə səsləyən, vəsvəsələri ilə haqq yoldan azdırmağa çalışan şeytan kimi amansız düşmənimiz və durmadan pisliyi əmr edən nəfsimiz var. Əlbəttə, Allah həm şeytanın vəsvəsələrindən, həm də nəfsin azğın əmrlərindən necə qorunacağımızı bizə bildirmiş, səmimi qullarına onlara qalib gəlmək gücü ilham etmişdir. İnsan bu düşmənlərindən özünü qoruduğu zaman Allahın rizasını qazana bilər.
Tövbədəki ən böyük hikmətlərdən biri insanın peşman olaraq vaxt itirmədən Allaha sığınması və bir daha o səhvi təkrarlamamasıdır. Niyyətində qətiyyətli olub sözünə sadiq qalması, ölüm anına qədər haqq yolda olub tövbə etməsidir. Allah Quranda “Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir.” (Nisa surəsi, 17) ayəsi ilə səmimi tövbə edən insanın əxlaqından bəhs edir. “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.” (Ali İmran surəsi, 135) ayəsi ilə isə Rəbbimiz günahlardan təmizlənməyin yolunu bizə bildirir.

