Allah sevgisi və Allah qorxusu birlikdə olmalıdır

Bəzi insanlar din əxlaqını yaşamaq və Allahın razı olacağı bir insan olmaq üçün yalnız Allah

Bəzi insanlar din əxlaqını yaşamaq və Allahın razı olacağı bir insan olmaq üçün yalnız Allah sevgisinin kifayət etdiyini zənn edirlər. Amma Allah Quranda razı qaldığı təqvalı bəndələrinin Allahı çox sevmələri ilə bərabər, güclərinin çatdığı qədər Allahdan qorxub çəkindiklərini bildirir. Allahı bütün sifətləri ilə tanıyan, Onun böyüklüyünü lazımı qədər qiymətləndirə bilən, ağıllı və vicdanlı hər bir insan Allahdan gücü çatdığı qədər qorxub çəkinər. Allah Özündən qorxub çəkinən bəndələrinə doğrunu yanlışdan ayırd edə bilmək qabiliyyəti verir. Allahın hökmlərinə qüsursuz tabe olması, hər zaman vicdanlı davranması ona güc qazandırır. Allah iman gətirənlərə bəxş etdiyi bu nemətini Quranda belə bildirir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə yaxşı və pisi bir-birindən ayırd etmə anlayışı verər, günahlarınızın üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Məsələn, Allahdan qorxub çəkinən bir insan əsla yalan danışmaz. Mənafelərinə zidd olsa belə, Allahın rizasını qazana bilməməkdən və ona verəcəyi qarşılıqdan qorxub çəkinər və dürüst davranar. Bir anlıq qəflət nəticəsində səhv bir şey söyləsə belə, dərhal günaha görə Allaha tövbə edər və səhvini düzəldər. İnsanın çox böyük ehtiyac içində olmasına baxmayaraq, haram yollardan pul qazanmağa əsla yanaşmaması da yenə Allah qorxusundandır.

Allah qorxusu olmayan hər insanın özünə görə bir həddi vardır, o həddə qədər dürüst və doğru olsa belə, bir məqamdan sonra nəfsinə görə davranmağa başlayır. Allahdan qorxub çəkinən bir insan isə nə qədər çətin vəziyyətdə qalsa da, heç bir zaman Allahın razı olmayacağı bir yolu seçməz. Hər hansı bir çətinliklə qarşılaşdıqda Allaha güvənər, ona çıxış yolu göstərməsi üçün dua edər və təvəkküllü davranar.

Allah bəndələrini sevən, onlar üçün gözəllik diləyən, onları bağışlayan, mərhəmət edən, onlara yardım edən və əvəzsiz lütf edəndir. Müşriklər və inkar edənlər isə Allahın rəhmətindən uzaqdırlar. Sonsuz ədalət sahibi olan Rəbbimiz Özünə səmimi qəlblə iman gətirən saleh bəndələrini dünyada və axirətdə rəhməti ilə mükafatlandıracaqdır.

Göyləri və yeri altı gündə yaradan, sonra ərşə istiva edən Odur. O, yerə batanı da, oradan çıxanı da, göydən enəni də, ora yüksələni də bilir. Harada olursanız olun, O sizinlə birlikdədir. Allah sizin etdiklərinizi görür. (Hədid surəsi, 4)

Rəbbimizin sonsuz gücünü layiqincə qiymətləndirə bilən insan həyatının hər anında, etdiyi hər işdə Allahdan daxilən titrəyərək qorxar. Bu qorxuya görə Rəbbimizin razı olmadığı davranışlardan qəti şəkildə çəkinər. Amma bir tərəfdən də Allaha səmimi bir sevgi və sədaqətlə bağlanmış olmasına görə Allahın günahlarını bağışlayıb tövbəsini qəbul edəcəyini, Allah üçün cəhd göstərdiyinə, çalışdığına görə onu cənnətlə mükafatlandıracağını ümid edər. Quranda iman gətirənlərin bu əxlaqı belə bildirilir:

Şübhəsiz ki, görmədikləri halda Rəbbindən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk surəsi, 12)

Ey iman gətirənlər. Allahdan layiqincə qorxun və yalnız müsəlman olaraq can verin! (Ali İmran surəsi, 102)

Allahı səmimi sevən hər bir mömin Allahın əzabından, Allahın rizasını və sevgisini itirməkdən böyük qorxu hissi keçirər və buna görə də həyatı boyu çox ciddi və səmimi çalışar. Allah Quranda bu əxlaqda olan möminləri belə müjdələyir:

Kim axirəti istəyər və mömin olaraq onun üçün səy göstərərsə, onların səyləri qəbul olunar. (İsra surəsi, 19)