Allah rizasının ən çoxu

Mömin şirkdən, Allahdan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan

Mömin şirkdən, Allahdan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan və onların əmri altına girməkdən təmizlənmişdir. O, yalnız Allaha ibadət edər. Allahın razılığını axtarar. Bunu, “Allah yolunda ciddi səy” göstərərək edəcəkdir.

Allah yolunda “ciddi səy” göstərməyin yolu, Allah rizasının ən çoxunu axtarmaqdadır. Mömin, qarşısında olan bir neçə seçim birdən gördükdə, ona Allahın razılığını ən çox qazandıracağını ümid etdiyini seçməlidir.

Allah rizasının ən çoxunu axtarmağı qısaca belə təyin edə bilərik:

– Mömin həyatının hamısı “halal dairəsi” içində keçməlidir. Haramlar açıq şəkildə bildirilmişdir və olduqca az saydadır. Bu müəyyən haramların xaricində, hər hansı bir hərəkət və rəftarlar bu mövzuda halal dairəsi içindədir.

– Bununla yanaşı möminə düşən, Allahın halal etdiyi meyarlar içində öz ağıl və “bəsirət”ini istifadə edərək, Allahın razılığının ən çoxunu axtarmağa yönəlməkdir.

Bununla əlaqədar olaraq “infaq” (Allah və islam yolunda xərcləmək) mövzusu yaxşı bir nümunə ola bilər. Mömin, “malını və canını” Allaha satmışdır. Əlindəki imkanları Onun razılığına uyğun bir şəkildə qiymətləndirməlidir. Amma bunu edərkən qarşısına dəyişik seçimlər çıxa bilər. Məsələn, əlində külli miqdarda pul olduğunu düşünək.

Bununla özünə yeni bir geyim ala bilər. Bu halal və çox qanuni bir hərəkətdir; üstünə-başına baxması, təmiz və gözəl bir görünüşdə olması Allahın razılığına uyğundur. Amma bu pulu istifadə edə və Allahın razılığını daha da çox qazanmağa vəsilə ola biləcək başqa bir yer ola bilər.

Məsələn, bu pulu özündən daha çox ehtiyacı olan bir kasıba verməklə və ya islamı doğru təbliğ etmək üçün sərf edərək daha çox insanın iman və hidayətinə vəsilə olaraq Allahın razılığı daha çox ola bilər. Bu, yaşadığı mühitə və şərtlərə görə insanın öz vicdanı ilə vacib olanı müəyyən edə biləcəyi bir vəziyyətdir.

Bir başqa nümunə də verə bilərik: Mömin “yaxşılığı əmr edib, pis əməldən məhrum etməklə”, Allahın dinini izah etməklə, yer üzündəki qəddarlığa qarşı fikri bir mübarizə içinə girməklə məsuldur. Allahın razılığını, bu böyük məsuliyyəti qəbul etməklə qazana bilər. Bu məsuliyyət hər zaman üçün bəzi vacib xidmətlər ortaya çıxarar.

Bu cür böyük bir məsuliyyət tələb edən bir çox iş varkən, Allahın halal saydığı bir başqa işi daha vacib saymaq səhv olacaq. Məsələn, kişi ailəsinə baxmaqla məsuldur. Onların təhlükəsizliyini, dolanışığını təmin etmə vəzifəsi ona verilmişdir. Amma bunu bəhanə edərək digər insanlara yaxşılığı əmr edib, pis əməldən məhrum etmə məsuliyyətini üzərinə almaması əlbəttə ki, möminə yaraşan bir rəftar olmayacaq.

Əslində bir az düşündüyümüzdə dəyəri az olan şeyi seçim etməkdə “nəfs”in təsirli olduğunu görərik. Allah Qatında dəyəri az olan şeyi çox olana seçim etmək, insanın nəfsinə də bir “pay” ayırmasından qaynaqlanar. Halbuki, bir mövzuda edilməsi lazım olan, nəfsinə ən kiçik pay ayırmadan, 100% Allahın razılığına diqqət etməkdir. Bir işdə 99% Allahın razılığı, bir faiz də nəfsinin istəkləri varsa, o 99% də Allah qatında qəbul edilməyə bilər. Çünki bu, insanın, nəfsini Allaha şirk qoşması deməkdir. Şirkin isə 1%-i belə geri qalan əməli etibarsız etmək üçün kifayət edər. Bir işdə, Allahla yanaşı başqa bir varlığa, bir kimsəyə pay ayıranlar vəziyyətini, Rəbbimiz belə bir örnəklə xəbər vermişdir:

Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz batil iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür” – deyirlər. Şərikləri üçün ayırdıqları pay Allaha çatmır, Allah üçün ayırdıqları pay isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir! (Ənam surəsi, 136)

Öz evi, ailəsi təhlükədə ikən canı bahasına bunları müdafiə edən bir insan, mövzu digər möminlərə zülm, təzyiq və böhtan olduğunda yerində oturub saymazyana başqa işlərlə məşğul olursa, burada Allah rizasının olduğundan söz etmək çox çətindir. Belə bir rəftar, insanın, nəfsinin nəzərdə tutduğu şəkildə davrandığını, nəfsinə tabe olduğunu göstərir ki, bu İslamın təməli olan “yalnız Allaha qulluq etmək” məqsədinə tamamilə ziddir. Həmçinin, Allah Quranda nəfsin arzularına görə hərəkət etməyi, Özünə şirk qoşmaq olaraq müəyyən etmişdir:

Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? (Furqan surəsi, 43)

Mömin isə, bütün varlığını, malını, canını, həyatını və ölümünü, qısacası hər şeyini Allaha həsr etmişdir. Allah, iman edən insanların bu üstün xüsusiyyətini Quranda belə xəbər verir:

De ki: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allahındır.” (Ənam surəsi, 162)

Quranda Allahın rizasının ən çoxu axtarılması ilə əlaqədar olaraq izah edilən hadisələrdən biri, möminlərin Peyğəmbərimiz dövründəki bir müharibədə göstərdikləri münasibətdir. O dövrdə möminlərdən bəziləri qarşı-qarşıya olduqları iki ayrı düşmən birliyindən daha gücsüz olanla döyüşmək istəmişlər. Halbuki, Allahın razılığı, ən çətinə talib olub, düşmənin güclüsü ilə döyüşməyi tələb edirdi. Allah keçmişdə yaşanmış bu hadisələri ayələrdə belə xəbər verir:

O vaxt Allah sizə, iki dəstədən birinin (karvanın və yaxud kafirlərin qoşununun) sizin olduğunu vəd edirdi. Siz silahsız dəstənin sizin olmasını arzulayırdınız. Allah isə Öz kəlmələri ilə haqqı reallaşdırmaq və kafirlərin kökünü kəsmək istəyirdi. O bununla günahkarların xoşuna gəlməsə də, haqqı reallaşdırmaq və batili puç etmək istəyirdi. (Ənfal surəsi, 7-8)

Nəticədə Allah, möminləri güclü olan birliklə qarşılaşdırdı. Möminləri, Öz rizasının ən çoxuna yönəltmiş oldu. Və Allahın köməyi ilə möminlər qalib gəldilər.

Yuxarıda bəhs edilən nümunə keçmişdə, Peyğəmbərimiz dövründə yaşamış möminlərin, o dövrün şərtləri içində qarşılaşdıqları bir hadisədir. Amma hər dövrdə müsəlmanlar fərqli hadisələrlə sınana bilərlər. Məsələn, indiki vaxtda müsəlmanların, Quranı və yaradılışı inkar edənlərə, cəmiyyət içində əxlaqsızlıqların yayılması üçün çalışanlara qarşı fikri mübarizə aparmaları lazımdır.

Möminlər hər zaman üçün məsuliyyətini daşıdıqları bu fikri mübarizə üçün nəyin “ən xeyirli” olduğunu təsbit edib, onu tətbiq etməlidirlər. Çünki belə bir əmanəti daşıyacaq gücə sahib olub, sırf nəfsi üçün vacib olmayan işlərlə məşğul olmaq Allahın razılığından üz çevirmək mənasını verər ki, hər möminin belə bir mövqeyə düşməkdən şiddətlə çəkinməsi şərtdir.

Möminin vicdanı onsuz da belə bir şeyi qəbul etməz. O, Allahın seçib iman verdiyi bir adamdır, yer üzündə sülh və dinclik mühitinin olması, Allahın dininin yaşanması ona əmanət edilmişdir. Zalımların əzib, zülm etdiyi və “… Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir vəli (qoruyucu sahib) göndər, bizə Öz tərəfindən bir kömək edən göndər …” (Nisa surəsi, 75) deyən kişilər, qadınlar və uşaqlardan zəif buraxılmışlar üçün səy göstərməklə məsuldur.

Allahın razılığının ən çoxu yalnız fikri mübarizə mövzusunda keçərli deyil. Mömin, həyatı boyunca etdiyi bütün ibadətlərdə, gündəlik həyatında qarşısına çıxan kiçik-böyük bütün hadisələrdə bunu düşünmək məcburiyyətindədir.

Bunu da xatırlatmaq lazımdır: Əslində “Allah rizasının ən çoxu” ifadəsini, mövzunu açıqlamaq üçün istifadə etmək üçündür. Allah rizasının ən çoxundan üz çevirib, ikinci dərəcəli bir işlə maraqlanmaq, əslində Allahın razılığına ziddir. Bu səbəbdən, onsuz da Allahın razılığının ancaq ən çoxu, Allahın razı olduğudur. Allahın daha az razı olması kimi bir şey yoxdur.

Allahın razılığının ən çoxunu axtarmayıb, azı ilə qane olmaqsa, əslində insanın axirətə istiqamətli səhv düşüncəyə sahib olmasından qaynaqlanar. Özünü qəti olaraq “cənnətə layiq” saymasından doğar. Halbuki, heç bir insan özünü qeyd-şərtsiz “cənnətə layiq” olaraq görəcək vəziyyətdə deyil. Quranda Allah Peyğəmbərimizə “… əgər Allah istəsə, sənin də qəlbinə möhür vurar…” (Şura surəsi, 24) xəbərdarlığını etmişdi. Vəziyyət belə ikən kimsənin özünü təmizə çıxaracaq bir halı olmadığı ortadadır.

Onsuz da Allahın Quranda təsvir etdiyi səmimi bir mömin, özünü əsla cənnətə qəti olaraq layiq olduğunu görməz, belə səhv bir düşüncəyə qapılmaz. Möminin xüsusiyyətlərindən biri, Allaha “qorxu və ümid” (Əraf surəsi, 56) bəsləyərək dua etməkdir.

Həqiqi iman sahibi olmayan kəslər isə, Allahdan gərəyi kimi qorxmadıqları və yaxşı işlər etdiklərini sandıqları üçün, özlərinin qəti olaraq cənnətə gedəcəklərini düşünürlər. Allahın bağışlayıcılığını, “necə olsa bağışlanacağıq” kimi səhv məntiq çıxarmaq üçün istifadə edərlər. Bu, Allahdan gərəyi kimi qorxub çəkinməyən insanların düşüncəsidir. Allah bu kəslərin vəziyyətini bir ayədə belə bildirmişdir:

Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!” – deyirdilər. Onlara buna bənzər mənfəətlər yenə də gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız? (Əraf surəsi, 169)

Bundan əlavə də, dünyada özlərinə geniş imkanlar verilməsinə aldanaraq, Allaha könüldən iman edib saleh əməllər etmədikləri halda, Allahın onları sevdiyini düşünmələri və buradan hərəkətlə, varlığını qəti şəkildə qəbul etməsələr də, cənnətə gedəcəklərini zənn edənlər var. Bu kəslərlə əlaqədar Allahın Quranda verdiyi nümunələrdən biri belədir:

Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi.( O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 32-36)

Mömin isə, yuxarıdakı zehniyyətdəki insanların əksinə “iman etdikdən sonra doğru yoldan çıxmaq”dan qorxar. Quranda möminlərin bununla əlaqədar duasını Rəbbimiz belə bildirmişdir:

“Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlbimizi azdırma və Qatından bizə bir rəhmət bağışla. Şübhəsiz, ən çox bağışlayıcı olan Sənsən.” (Ali İmran surəsi, 8)

Ancaq bunu da qeyd etmək lazımdır ki, bu qorxu mömin üçün narahatlıq meydana gətirəcək bir qorxu deyil. Əksinə, Allah qorxusu mömini hərəkətə keçirən, cənnətə layiq bir bəndə olma mövzusunda böyük bir şövq qazandıran, dünya həyatını ən gözəl şəkildə qiymətləndirməsini təmin edən bir duyğudur.

Mömin müvəqqəti və qısa bir yurd olan dünyada Allahın razılığını qazanmağa çalışmalıdır. Tək düşüncəsi qarşı-qarşıya olduğu böyük hadisədir: Qəti olaraq bir gün öləcək və Allahın hüzurunda hesab verəcək. Bu hesab onu əbədi məhvə ya da qurtuluşa aparacaq. Bu cür böyük bir hadisə ilə qarşı-qarşıya ikən başqa işlər arxasınca qaçmaq, ya da laqeyd davranmaq əlbəttə, məntiqə uyğun deyil.

Mömin, qurtuluşu üçün “Allahın rizasının ən çoxu”nu axtarmaqla məsuldur. Allahın razılığının ən çoxunu axtarmamaq, qarşı-qarşıya olunan təhlükəni də dərk etməmək deməkdir. Cəhənnəm və Allah Qatında alçaldılma təhlükəsindən xilas olmaq üçün əlbəttə, insanın əlindən gələnin ən çoxunu etmək üçün səy göstərməsi lazımdır.