Dünya həyatındakı yeganə məqsədi Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq olan və Allaha qəlbən təslim olan möminlər bütün həyatını Allah üçün yaşayarlar. Quranın “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür” (Ənam surəsi, 162) ayəsində bildirildiyi kimi, etdikləri hər işdə, göstərdikləri hər rəftarda Allahın razılığını qazanmağı düşünürlər. Sahib olduqları hər şeyi Allahın razılığını qazanmağa həsr edən möminlərin sevgiləri də ancaq Allah üçündür. Allahı bütün sifətləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyu hər an hiss edən möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək qədər güclüdür. Allah “Bəqərə” surəsində möminlərin Özünə olan güclü sevgiləri ilə, müşriklərin yanlış sevgi anlayışları arasındakı fərqi belə bildirir:
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir… (Bəqərə surəsi, 165)
Ayədə bildirildiyi kimi insanların bəziləri Allaha şərik qoşur və digər varlıqları Allahı sevən kimi sevirlər. Möminlər isə heç bir insanın, maddənin, ya da canlının əslində özünə aid bir gücü və ya gözəlliyi olmadığını bilirlər. Bunların hamısını bütün xüsusiyyətləri ilə birlikdə yoxdan yaradan yalnız Allahdır. Heç bir canlı öz gözəlliyini özü yarada bilməz. Bir insanın üzündəki gözəlliyi və ya bir heyvanın sahib olduğu sevimliliyi müəyyən bir tale ilə yaradan və əcəli gələndə hamısını yox edəcək olan Allahdır, hər şey yalnızca Allahın idarəsindədir. Buna görə də mömin qarşılaşdığı bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını bilərək sevər. Buna görə onun əsl sevgisi bütün bu gözəllikləri ona bəxş edən və hər şeyin sahibi olan Allaha yönəlir.
O Allah ki, göylərin və yerin hakimiyyəti Ona məxsusdur. O, Özünə heç bir övlad götürməmişdir. Hakimiyyətində heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onlara müəyyən ölçü və nizam vermişdir. (Furqan surəsi, 2)
Allaha şərik qoşan bir insan digər bir insanın gözəlliyini tərifləyərkən bu gözəlliyin həmin insana aid olduğunu düşünür. Bu, rəsm sərgisini gəzən və bəyəndiyi bir rəsmin gözəlliyinin o rəsmə aid olduğunu düşünərək tərifləyən insanın vəziyyətinə bənzəyir. Halbuki, əsas təriflənməli olan rəssamdır. Buna görə də insan gözəlliklə qarşılaşsa, xoşuna gələn bir səs eşitsə, hər hansı bir yeməkdən zövq alsa, həmin an bu gözəllikləri yaradan Rəbbimizi düşünməli, sevgisini, razılığını və şükrünü Ona yönəltməlidir. Amma iman gətirənlər Allaha şərik qoşmazlar. Onlar sahib olduqları hər şey üçün Allaha borclu olduqlarını bildikləri üçün Ona çox güclü sevgi ilə bağlıdırlar.
Binasını Allah qorxusu və rizası üzərində quranmı, yoxsa binasını uçulmaqda olan bir yerin kənarında qurub, (ora çökdüyü zaman) onunla birlikdə cəhənnəm oduna yuvarlananmı daha xeyirlidir?! Allah zalımlar qövmünü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)
Dünya həyatına aid mənfəətləri, insanların sevgisini qazanmağı Allahın rizasından daha üstün hesab edən insanlar Quranda belə xəbərdar edilirlər:
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcəniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola yönəltməz. (Tövbə surəsi, 24)
İman gətirən insanlar dünya həyatının bütün bərbəzəyinin Allaha aid olduğunu bilir və bunları yalnızca Allahın təzahürləri olaraq sevirlər. Məsələn, Allahın bəyəndiyi gözəl əxlaq möminlərdə təcəlli etdiyi üçün ən çox sevgi, yaxınlıq və dostluğu möminlərə qarşı duyarlar. Bu sevgi soy, irq kimi qan qohumluğuna (biolojik) və ya hər hansı bir mənfəətə söykənmir. Pulun, şəxsi statusun, mədəniyyətin, maddi dəyərlərin heç bir əhəmiyyəti yoxdur. Allah möminlər arasında olan sevgini Quranda belə bildirir:
Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlbində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır. (Həşr surəsi, 9)
Ayədə bildirildiyi kimi möminlər iman gətirən hər kəsi öz qardaşları hesab edirlər. Başqa bir möminin yaxşılığını, rahatlığını təmin etmək üçün hər zaman fədakar davranarlar. Möminlərin bu sevgi anlayışı isə ancaq imanın və Quran əxlaqının yaşanması ilə qazanıla bilər.
Sevgi kimi böyük bir neməti möminlərə bəxş edən isə Rəbbimiz olan Allahdır. Allah hz. Yəhyaya Öz Qatından sevgi verdiyini bildirir:
“Ey Yəhya, kitabdan möhkəm yapış”. Biz ona hələ uşaq ikən hikmət vermişdik. Biz də öz qatımızdan ona sevgi və təmizlik hissi verdik. O, çox təqvalı idi. (Məryəm surəsi, 12-13)
Bir başqa ayədə isə Allah iman gətirib saleh əməllər edənlərə Öz Qatından sevgi bəxş edəcəyini xəbər vermişdir:
Şübhəsiz, Rəhman (olan Allah) iman gətirib yaxşı işlər görənlərin qəlbində bir-birinə qarşı sevgi yaradacaqdır. (Məryəm surəsi, 96)
Burada çox əhəmiyyətli bir mövzunun üzərində dayanmaq lazımdır. Allahın razılığına görə sevən bir insan ən gözəl əxlaqlı, Allaha ən bağlı, ən təqvalı olan kimsəni hər kəsdən çox sevər. Buna görə də, Peyğəmbərimiz bütün möminlər üçün ən sevimli, ən yaxın dostdur.
Allaha qəlbən bağlanan və Allahı çox sevən bir insan Onun yaratdığı bütün gözəlliklərə qarşı qəlbində sevgi hiss edər: Heyvanlar, bitkilər, gözəl mənzərə belə o insanda böyük həyəcan yaradar. Eynilə gözəl xasiyyətli, gözəl üzlü bir insana səmimi heyranlıq duyular. Çünki insanın bütün bu gördükləri Allahın təzahürləridir. Allaha duyulan şiddətli sevgi Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təzahür etdiyi hər şeyə qarşı insan ruhunda təbii sevgi yaradar. Buna görə də Allaha qəlbən bağlanan insanlar həqiqi sevgini yaşaya bilən yeganə insanlardır.
Quran əxlaqı həqiqi sevginin əsasıdır. Bir insanı əxlaqı ilə, şəxsiyyəti ilə və malik olduğu bütün xüsusiyyətləri ilə dərin sevgi ilə sevmək yalnız o insan Qurana itaət etdiyi zaman mümkün olar. Çünki Qurana itaət etmək, Allahın bəyəndiyi əxlaqı yaşamaqla bir çox sevilən xüsusiyyətlər qazanmış olar. Vəfa, sədaqət, hörmət, sevgi, təvazökarlıq, fədakarlıq, dürüstlük, əzmkarlıq, bağışlamaq, cəsarət, mərhəmət, mülayimlik kimi xüsusiyyətlər ancaq Allah qorxusunun və Quran əxlaqının yaşanması ilə həmişə ola bilər. Sevgisinin təməli iman, Allah qorxusu və Quran əxlaqına söykəndiyi üçün və Allah rizası üçün sevdiyinə görə möminin sevgisi çox güclü və dərin olur. İman gətirənlərlə olan dostluğun axirətdə sonsuza qədər davam etməsi həqiqəti də sevgini güclü və daimi edən başqa bir səbəbdir.
Qurana uyğun yaşayan insanın göstərdiyi üstün əxlaq onu həm Allah Qatında, həm də möminlər üçün çox dəyərli edir. Quran əxlaqı ilə yaşayan təqvalı mömin hər şeydən əvvəl Allahın sevgisini və razılığını qazanacağını ümid edir. Allah sevdiyi qulunu digər möminlərə də sevdirir, ona Öz Qatından nur, gözəllik verir və insanların qəlbini rahatladacaq xüsusiyyətlər qazandırır.
Allaha dəvət edən, saleh əməl işləyən və: “Mən müsəlmanlardanam!” – deyən kimsədən daha gözəl sözlü kim ola bilər?! (Fussilət surəsi, 33)
İnsanlardan eləsi də var ki, Allahın rizasını istəyərək öz canını verər. Allah bəndələrinə qarşı şəfqətlidir. (Bəqərə surəsi, 207)

