Sevgisizliyin hakim olduğu cəmiyyətlərdə üz-üzə gəlməkdən və bir-birlərinə salam verməkdən qaçan, “mənə toxunmayan ilan min il yaşasın” məntiqi ilə hərəkət edən, köməyə ehtiyacı olana əsla əl tutmayan, öz istək və mənfəətlərini daim ön planda tutan, xudbin, xoş sözdən uzaq, donuq, robotlaşmış, sevgi, hörmət kimi ülvi hislərdən məhrum olan nəsillər yetişir. Yaşadığımız axırzamanda sürətlə artan degenerasiyanın əsl səbəbi də sevgisizlikdir.
Dünyada insanlar arasında həqiqi dostluq və sülhü təmin edəcək yeganə güc ancaq imandır. Hesab günündən qorxan möminlər dünyada başlayıb axirətdə də sonsuza qədər davam edəcək möhkəm ittifaqın təməllərini qoyurlar. Bir-birlərini heç bir mənfəət güdmədən, xalis niyyətlə və yalnız Allah rizası üçün sevir, Allah rizası üçün dost olurlar. Təməli Allah sevgisi və Allah qorxusuna söykənən bu əlaqə, Allahın diləməsi xaricində, heç zaman qırılmaz.
Kainatdakı bütün gözəllikləri yaradan, gözəlliyin və mükəmməlliyin əsl sahibi Uca Allahdır. İnsana zövq verən hər şey Allahın yaratdığı varlıqlardakı gözəl təcəllisidir. Ruhun bu gözəlliklərdən həyəcan duyması və hər zaman gözəl olanı axtarmasını təmin edən isə Rəbbimizin insanı yaradarkən onun ruhuna ilham etdiyi sevgi hissiyatıdır. Digər insanlardakı təqdir ediləcək mömin xüsusiyyətlərini görmək və bunlara daha gözəli ilə cavab vermək kimi bir çox üstün əxlaq xüsusiyyətləri sevməyə və sevilməyə olan həssaslıqdan irəli gəlir.
İnsanın ruhundakı sevmə və sevilmə meyli bəzi insanlarda başqalarına görə daha güclüdür. İnsanların bir qismi ətrafında gördüyü gözəllikləri daha incə detalları ilə görə bilir və bu xüsusiyyətlər onların ruhuna dərin zövq verir. Sevgi, şəfqət və həyəcan meydana gətirən yönləri görə bilməyən, ya da bunlara laqeyd yanaşanlar isə daha donuq və qatı ruh halındadırlar. Başqa sözlə, insandakı sevgi həssaslığı insanın ruh halı və yaşadığı əxlaqla düz mütənasibdir. Beləliklə, sevgi hissi insanın səmimi olaraq iman gətirməsinə və imanın gətirdiyi bir nemət olan həqiqi mənada yaxşı, şəfqətli, mərhəmətli, ağıllı və etibarlı insan olmaq kimi ali hisslərə bağlıdır.

