Quranın başa düşülməsi üçün Allah Qatından xüsusi bir ağıl, anlayış və qavrayış verilməli olduğu, Allahın Quran ayələrində bildirdiyi bir həqiqətdir. Quranın hamısını bilmək, doğru şərh etmək Quranı başa düşmək üçün lazım olan xüsusiyyətlərdir. Lakin bütün bu xüsusiyyətlərə sahib olmaqla bərabər Uca Allahın başa düşmək qabiliyyəti verməməsi, Qurandan heç bir nəsibi olmamasına səbəb olar. Buna görə də yalnız texniki bəzi xüsusiyyətlərə sahib olmaq Quranı lazım olduğu kimi başa düşüb şərh etmək üçün yetərli deyildir. Görünüşdə bir çox elmi sahib olduqları halda Quranı azğın bir şəkildə şərh edib dəlalətə düşənlərin nümunələri çoxdur. Bir çox azğın kütlənin və məzhəbin qurucuları bu cür alim kimi görünən lakin Allah Qatından bir ağıl və anlayış verilməmiş kəslərdir. Bunlar həm özlərinin, həm də onlara tabe olan cahil və ağılsız kütlələrin İslamdan uzaqlaşmalarına səbəb olmuşlar.
Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in dövründə, Quranı başa düşə bilməyib inkar edən Məkkə müşriklərinin vəziyyəti, Quranı başa düşmək üçün yalnız ərəbcə bilmənin yetərli olmadığının da konkret bir göstəricisidir.
Allah Qatından bir anlayış verilməsinin ən əhəmiyyətli şərtlərindən biri Allah qorxusu və səmimiyyətdir. Nəfsinə tabe olan isə bu anlayışa sahib ola bilməz. Bu insanın ağlının itməsinə səbəb olacağı üçün, belə bir adamın Quranın sirlərini, incəliklərini, dərinliklərini qavraması təsəvvür edilə bilməz. Şəhvət və nəfsinə tabe olan adam ağlını işlətmək qabiliyyətinə sahib olmadığı üçün ayələri kobud və səthi bir dünyagörüşü ilə şərh edər, Qurandakı ilahi hikmətləri görə bilməz.
Həmçinin, nəfsinin istəklərinə tabe olan adam Quranı da öz nəfsinin istəklərinə və maraqlarına uyğun şəkildə şərh edəcəyindən, ayələrdə Allahın bildirdiyi mənaları görə bilməsi mümkün olmaz. Nəfsinin istəklərinə tabe olan adamın ağlından istifadə edə bilmədiyi ayələrdə belə bildirilir:
Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar. (Furqan surəsi, 43-44)
Bu cür kəslər Quranı başa düşə bilmədikləri kimi, normal ağla sahib insanların asanlıqla dərk edə biləcəkləri mövzuları belə başa düşməkdə çətinlik çəkərlər. Ayələr arasındakı əlaqələri yarada bilməzlər. Nəticədə də, öz ağılsızlığına görə ayələri öz aləmlərində ziddiyyətli zənn edərlər. Ağılları o dərəcə itmişdir ki, bu cəhətdən heyvanlardan belə aşağı vəziyyətdə dayanırlar.

