Allah möminlərin qəlbinə iman və rahatlıq verir

Allah, Ənfal surəsində Peyğəmbərimiz dövründə yaşanan çətinlik anında möminlərə verdiyi mənəvi

Allah, Ənfal surəsində Peyğəmbərimiz dövründə yaşanan çətinlik anında möminlərə verdiyi mənəvi dəstəyi belə xəbər verir:

O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı. (Ənfal surəsi, 11)

Ayədə bildirilən “mürgüləmə” ifadəsi şübhəsiz, mənəvi yuxuya işarə edir. Allah, çətinlik anında səmimi olanların üzərinə belə bir hal vermiş və bu mənəvi dəstəyin nəticəsində möminlər rahatlıq, güvən və səbir duyğusunu yaşamışlar.

Əslində, bu rahatlıq və güvən duyğusu, möminlərin bütün həyatına hakimdir. Allaha və axirətə iman gətirən insanlar, Allahın hər şeyin tək hakimi olduğunu bildikləri üçün heç bir hadisə qarşısında təlaşa qapılmırlar, hüznə və çətinliyə düşmürlər. Rəbbimizin hər şeyi onlar üçün ən xeyirli, axirətlərinə ən faydalı olacaq şəkildə yaratdığını bilirlər.

“Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Buna görə də, möminlər Allaha təvəkkül etsinlər!” (Ali İmran surəsi, 160) ayəsinə qəti olaraq iman gətirir və təvəkkülün mənəvi rahatlığı içində həyatını davam etdirirlər. Qarşılaşdıqları çətinlik nə qədər böyük görünsə də, nəticədə keçici olduğunu dərk edirlər. Çünki dünyadakı həyatın sonsuz axirət həyatı yanında çox qısa bir zaman olduğunu unutmurlar.

Dünyada qarşılaşa biləcək bir çətinlik insanın bütün həyatını əhatə etsə belə, ən çox 50-60 il davam edəcək. 50-60 il təvəkkül və gözəl əxlaqla keçirilən bir ömrünə sonsuz cənnət həyatında yaşadığı qarşılıq isə şübhəsiz bənzərsiz olacaq. Cənnətdə möminlər heç bir çətinlik, hüzn, yoxluq yaşamayacaq, əksinə sonsuz gözəlliklər içində nəfslərinin arzu etdikləri hər şeyə qovuşacaqlar.

Məhz bu həqiqəti dərk etmək iman edən bir insanın hər hadisə qarşısında dönməz və sarsılmaz təvəkkül yaşamasını təmin edir. Bunun mənəvi rahatlıq duyğusu və gətirdiyi sevinc hissi dünyadakı ən böyük asanlıqlardan biridir.

Unudulmamalıdır ki, bütün qəlblər və bütün güc Allahın əlindədir. Allah dilədiyi an, dilədiyi hadisəni, dilədiyi şəkildə yaradır. Rahatlıq və güvən axtaran insan Allah vermədikcə heç vaxt buna nail ola bilməz. Quran əxlaqının insanlara gətirdiyi asanlıq, insanın hər şeyin Allahın idarəsində olduğunu bilməsidir. Hər işində Allaha yönələn, hər işinin qarşılığını yalnız Allahdan gözləyən insan, həmişə Allahın köməyini və dəstəyini müxtəlif yollarla görəcək.

Əksinə, sizin himayədarınız Allahdır və O, yardım edənlərin ən xeyirlisidir. (Ali İmran surəsi, 150)