Allahın təqdiri olaraq iman gətirənlərin sayı hər dövrdə az olmuşdur. Ancaq qalib gələnlər say cəhətdən üstün olanlar deyil, hər zaman mömin olanlardır. Möminlər Allahın verdiyi ağıl, fərasət, bəsirət, gözəl əxlaq kimi nemətlərlə həmişə inkarçılara qarşı müvəffəqiyyət əldə etmişlər. Bununla yanaşı, Allah bəzən, möminləri inkarçıların gözündə say və qüvvət cəhətdən də çox göstərdiyini və bunun inkar edənlərdə zülmətə və qorxuya səbəb olduğunu da xəbər vermişdir. Allah ayələrində səadət əsri dövründə reallaşan bir hadisəni belə bildirir:
Allah, olacaq bir işi yerinə yetirmək üçün (döyüşdə) üz-üzə gəldiyiniz zaman onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə az göstərirdi. Bütün işlər Allaha qaytarılacaqdır. Ey iman gətirənlər, hər hansı (inkar edən) bir dəstə ilə qarşılaşdığınız zaman sabitqədəm olun və Allahı çox zikr edin ki, bəlkə qalib gələsiniz! (Ənfal surəsi, 44-45)
Az sayda olan möminlərin inkarçıların gözündə çox güclü bir topluluq olaraq görülməsi, şübhəsiz, Allahın möcüzələrindən biridir. Beləcə, Allah möminlərə müvəffəqiyyət qazandırmışdır.
Buna görə də, Allah başqa ayələrdə, Peyğəmbərimiz hz. Məhəmmədə dilədiyi zaman möminlərin gücünü olduğundan qat-qat daha çox artıracağını bildirmişdir. Səbir etmələrinə qarşılıq olaraq inanan bəndələrinə ümid etdiklərindən daha çox güc və zəfər verəcəyini belə vəd etmişdir:
Ey Peyğəmbər, möminləri döyüşə həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli şəxs olarsa, onlar iki yüz nəfəri məğlub edərlər. Sizdən yüz nəfər olarsa, inkar edənlərdən min nəfəri məğlub edərlər. Çünki onlar anlamayan bir tayfadır. İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir! (Ənfal surəsi, 65-66)
Allah, Peyğəmbərimizin dövründə möminləri olduqca çətin döyüşdə olduqları üçün inkarçıların gözündə say və qüvvət cəhətdən daha çox və daha güclü göstərərək dəstəkləmişdir. Çünki Allah, möminlərin daima dostu və köməkçisidir. İnkar edənlər nə qədər çox sayda və güclü olsalar da, nəticədə bütün güc Allaha aiddir. Allah, tək bir “Ol” əmri ilə dilədiyini edəndir. Allaha güvənən, Onun sonsuz qüdrətini, hər şeyə gücü çatan olduğunu təqdir edə bilən insanlar daima bunun rahatlığını yaşayırlar.
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə olsun və onunla qəlbiniz sakitləşsin deyə etmişdi. Yardım (qələbə) yalnız Allahdandır. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir. (Ənfal surəsi, 9-10)

