Allahın möminlərə olan köməyi müxtəlif şəkillərdə təzahür edir. Allahın köməyindən biri, möminlərin çətin anlarında mələkləri köməyə göndərməsidir. Allah Quranda bu köməyi Peyğəmbərimiz dövründə yaşanmış bir hadisəni nümunə verərək belə xəbər vermişdir:
O zaman möminlərə belə deyirdin: “Rəbbinizin üç min mələk endirərək yardım etməsi sizə kifayət etmirmi?” Bəli, əgər səbir edib (Allahdan) qorxsanız və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər. Allah bunu sizin üçün yalnız müjdə olsun və qəlbiniz rahatlasın deyə etdi. Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır. (Ali İmran surəsi, 124-126)
Allah bir başqa ayəsində isə möminlərə görünməyən ordularla da kömək etdiyini açıqlamışdır:
Ey iman gətirənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür. (Əhzab surəsi, 9)
Allahın Quranda möminlərin daim qalib gələcəklərini bildirməsi möminlər üçün gözəl və şövqləndirici bir vəddir. Ancaq burada bir məqama diqqət etmək lazımdır. Hər kömək Allahdandır və şübhəsiz, bütün gücün sahibi Allahdır. Möminlər əsl zəfər və köməyin əslində Allaha aid olduğunu bilirlər. Mələklərin dəstək olmasının isə Allahın bir müjdəsi, onlara kömək və dəstəyinin mələklərin köməyi şəklindəki təzahürü olduğunu əsla unutmurlar. Çünki Rəbbimiz ayələrində bu həqiqəti belə xatırlatmışdır:
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə olsun və onunla qəlbiniz sakitləşsin deyə etmişdi. Yardım (qələbə) yalnız Allahdandır. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir. (Ənfal surəsi, 9-10)
Allahın dilədiyi quluna, dilədiyi şəkildə kömək edəcəyini bilən möminlərin qəlbində ən çətin anlarda da güvən və hüzur duyğusu olar. Bu ruh halı ilə mənəvi cəhətdən olduqca gözəl həyat yaşayırlar.

