İnsanların bir çoxu müxtəlif hadisələrlə üzləşdikləri zaman az da olsa durğunluq və tərəddüd hissi keçirirlər. Alışdıqları həyat tərzindən və hər zaman qarşılaşdıqları hadisələrdən fərqli, yeni şeylər bu insanlara dərin təsir edir. Bəzi insanlar isə bu cür hadisələrə tez alışır və yaranan şəraitə adaptasiya olurlar. Ağılla və diqqətlə bu yeniliklər qarşısında özlərini itirmədən hərəkətə keçirlər. Vəziyyəti yaxşıca analiz edərək doğru addım atmağa və doğru qərar verməyə çalışırlar.
Ancaq bəzi insanlar da var ki, həyatında baş verən yeniliklərə və fərqliliklərə daha çox reaksiya verirlər. Tez bir şəkildə yaranan vəziyyətə uyğunlaşmaq və xoşagəlməz hal varsa onun qarşısını alıb, uyğun tərəflərini mənimsəmək əvəzinə, uzun müddət tərəddüd edərək vaxt itirirlər. İtirdikləri şeylər üçün kədərlənir və narahat olurlar. Diqqətlərini yeni həyat şəraitinə yönəldərək gözəl yaşamaq əvəzinə, bütün enerjilərini keçmişdə qalan, hal-hazırda olmayan imkanlarını düşünüb kədərlənirlər.
İnsanların çoxu yeni hadisələr qarşısında “nə edəcəklərini bilmədiklərinə” inandırırlar. Özlərinə daim keçmişi, itirdikləri bəzi nemətləri necə unudacaqlarını, yeni həyat şəraitinə necə adaptasiya olacaqlarını və hər şeyə necə yenidən başalayacaqlarını bilmədiklərini təlqin edirlər. Ətraflarındakı insanlarla söhbətlərində də səhv inanclarını dilə gətirirlər. Bunları danışmaqla nə qədər vaxt itirdiklərini də düşünmürlər.
Əlbəttə ki, insanların sevdikləri, alışdıqları, rahat olduqları imkan və nemətlər içərisində yaşamaları çox gözəldir. Ancaq Allah dünya həyatındakı imtahanın tələbi olaraq insanların yaşadıqları şəraitləri dəyişdirir və onların əxlaqını yoxlayır.

