Dünyaya aid tələblər, arzular saymaqla bitmir. Rahat həyat, mal-mülk, mövqe, vəzifə, şöhrət kimi hədəflər arxasınca olanlarla yanaşı bəziləri də var ki, axtardıqları ancaq iman, sevgi, eşq və məhəbbətdir.
Şübhəsiz ki, iman, hidayət və Allah məhəbbətinin yerini başqa bir şeylə doldurmaq mümkün deyil. İstər dünyanın ən zəngini, ya da ən gözəli olsun, istərsə bütün həyatı boyu çalışmış və xəyallarına çatmış olsun, əgər insanın qəlbində Yaradıcısı olan Allaha çatmaq arzusu və axtarışı yoxdursa, dünya həyatının sirrini qavraya bilməmiş, həqiqi xoşbəxtçiliyi heç vaxt əldə edə bilməmiş biri kimi bu dünyadan köçüb gedəcək.
İnsanlardan bəziləri var ki, həyatlarını bu istiqamətdə keçirirlər. Bütün məqsədləri Rəbbinə olan imanlarında dərinləşmək, ən yüksək imana, ən dərin Allah sevgisinə və Allah qorxusuna nail olmaqdır. Bu müstəsna insanlar gündəlik həyatın qarışıqlığı içərisində bir çox dünyəvi məsələ ilə məşğul olsalar da, ürəkləri hər zaman Allahladır. Baxdıqları hər yerdə Allahı görür, hər işlərində Ona yönəlir, istədikləri hər şeyi yalnız Allahdan istəyirlər. Allahın tək hakim olduğunu bilir, kömək edənin, sıxıntı və çətinlikdən xilas edənin, şəfa, sevinc, rahatlıq və xoşbəxtlik verənin O olduğunu unutmurlar. İnsanların bir qismi başqa insanlardan mədət umaraq onların özlərinə yardım edə biləcəyini və bir xeyir verəcəyini düşünərkən, onlar xeyri və yaxşılığı yalnız Rəbbindən umurlar.
Hər şeyi Allahdan istəmək, Ona dua etmək, Allahın bəyəndiyi, razı olduğu bir davranışdır. Belə ki, “Furqan” surəsinin 77-ci ayəsində Allah, “De: Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” deyə buyurur. Ayədən göründüyü kimi, insanın Allah Qatında dəyərli olması Allah tərəfindən sevilməsi, qorunub bağışlanması, Allaha olan duası ilə mütənasibdir.
İnsanın diqqətini tamamilə Allaha yönəltməsi, zikr və fikrinin həmişə Allahla bərabər olması, Onu unutmaması çox vacibdir. Çünki Allah insanı heç vaxt unutmur. Nə etsək də, harada olursaq-olaq, Allah həmişə yanımızdadır. Biz yemək yeyərkən, yatarkən, televizora baxarkən, əylənərkən, gündəlik işlərimizlə məşğul olarkən- bütün bu anlarda bizi görür, izləyir. Ayağımızın altında yeri, başımızın üzərində göyü yaradır. Bizi qoruyur, sevir, mərhəmət edir. Bizə nəfəs aldırır, sağlamlıq, güc, qüvvət verir. Bizim də Allahı heç bir zaman unutmamağımız, Ona böyük sevgi və ruh yüksəkliyi ilə yönəlməyimiz, hər istədiyimizi Ondan istəməyimiz və ən çox da Onun rizasına çatmağı qarşımıza məqsəd qoymalıyıq.

